Ev Blog Səhifə 3254

Bakıda 48 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma faktı qeydə alınıb.

APA xəbər verir ki, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsində 1972-ci il təvəllüdlü Sədrəddinbəyov Kamil Arif oğlu mübahisə zəminində həmyerlisi tərəfindən bıçaqlanıb.

Xəsarət almış şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Heydər Əliyev Aeroportu nüfuzlu mükafata layiq görüldü

Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə nüfuzlu “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.

Virtualaz.org Aeroportun Mətbuat xidmətinə istinadən bildirir ki, aparılan auditin nəticələrinə əsasən, Azərbaycan paytaxtının hava limanı illik sərnişin axını 5 milyon nəfərədək olan hava limanları arasında ən yaxşı hava limanı seçilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoyub.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu dörd il ardıcıl olaraq MDB ölkələrinin hava limanları arasında ən yaxşısı seçilib.

COVID-19 koronavirus infeksiyasının yayılması və bütün dünyada beynəlxalq sərnişin daşımalarının dayandırılması ilə əlaqədar bu il “Skytrax World Airport Awards” mərasimi Londondan onlayn rejimdə yayımlanıb.

AZAL prezidenti Cahangir Əsgərov deyib: “Hava limanımız növbəti dəfə ən nüfuzlu Skytrax mükafatına layiq görüldüyü üçün hədsiz dərəcədə qürur hissi duyuruq. Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə diqqəti və daimi qayğısı sayəsində ölkənin mülki aviasiyası sürətlə inkişaf edərək beynəlxalq aləmdə yeni mühüm uğurlar qazanır.

Bu gün belə bir yüksək mükafata layiq görülməyimiz hamımız üçün böyük şərəfdir. Əksər uçuşların dayandırılmasına baxmayaraq, əminəm ki, hava əlaqələri yenidən bərpa olunduqdan sonra Bakı hava limanı ən yüksək səviyyədə bütün növ xidmətlər göstərməyə davam edəcək”.

“Skytrax” şirkətinin baş icraçı direktoru Edvard Pleysted bildirib: “Heydər Əliyev Beynəlxalq Aeroportu özünü regionun ən yaxşı hava limanı kimi nümayiş etdirməyə davam edir və sərnişinlərə yüksək səviyyədə xidmət göstərir. Sərnişinlərin rahatlığı, geniş çeşidli xidmətlər, eləcə də mükəmməl düşünülmüş dizayn kimi əsas amillər hava limanına bu cür yüksək səviyyəni qoruyub saxlamağa imkan verir”.

“Skytrax” tərəfindən aparılan və dünyanın 550 hava limanı arasında sərnişinlərə xidmət səviyyəsini və şəraiti qiymətləndirən yoxlama dünya hava limanları sənayesi üçün keyfiyyət göstəricisi hesab olunur. Aparılan yoxlama və təqdim edilən mükafat hava limanının nəzarəti və ya müdaxiləsindən asılı deyil və nəticə etibarilə, hava limanının üstünlüyü və keyfiyyətinin obyektiv qiymətləndirilməsini təmin edir. Yoxlama zamanı “Skytrax” şirkəti həmçinin altı ay ərzində 100 ölkədən olan sərnişinlər arasında sorğu aparıb.

Bakıda narkotik satan şəxslər tutuldu

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Eldəniz Şərifov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 2,349 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Eldəniz Şərifov ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu, Cavadxan küçəsində Rəşad adlı şəxsdən aldığını bildirib.

Polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirərək həmin şəxsi, Bakı şəhər sakinin Rəşad Kazımovu da idarə etdiyi “Hyundai” markalı avtomobillə birgə saxlayaraq 19-cu Polis Şöbəsinə gətiriblər. Nəqliyyat vasitəsinə baxış zamanı saxlanc yerindən Rəşad Kazımova məxsus 335 qram heroin, 3,635 qram psixotrop maddə olan metamfetamin, 10,745 qram tiryək, 5 ədəd “Metodon” həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Bakı Metropoliteni”: Metroda cərimələrin tətbiqinə ehtiyac yoxdur

“Bəzi sərnişinlər tibbi maskanı metronun girişində taxırlar, lakin vaqona daxil olduqda çıxarırlar”.

“Report” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev bildirib.

Onun sözlərinə görə, cərimələnməni polis həyata keçirir, onların səlahiyyətidir: “Lakin bizdə cərimələnməyə ehtiyac yaranmayıb. Mayın 9-da bir sərnişin metronun “20 Yanvar” stansiyasında tibbi maska taxmaq barədə polisin göstərişinə əməl etməmişdi və onunla mübahisə etdiyinə görə həbs edilmişdi. Hələ başqa insident qeydə alınmayıb. Stansiyalarda bəzi faktlar aşkar edildikdə, videomüşahidə vasitəsi ilə gördük ki, vaqonun içində bəzi sərnişinlər maskanı çıxarır, biz dərhal elan verməyə başladıq ki, maskanı çıxartmayın”.

Onun sözlərinə görə, metroda karantin qaydalarının əməl edilməsi qənaətbəxşdir, gözlədiyimizdən də yaxşıdır.” Vaqonun içində sosial məsafəyə əməl edilir”.

E.İsayev bildirib ki, bununla yanaşı qatarlarda kompleks və cari dezinfeksiya işləri aparılır.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, mayın 9-u saat 06:00-dan “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma fəaliyyəti bərpa edilib.

“Eurovision” şərhçimiz bəlli oldu

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision: Europe Shine A Light” adı altında 16-may 2020-ci ildə, Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisinin adını açıqlayıb.

yasamal.tv xəbər verir ki, mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacağı bildirilib.

Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Xatırladaq ki, onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Efendi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq.

Qeyd edək ki, pandemiya səbəbilə ləğv edilmiş “Eurovision 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi. “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən Efendinin təmsil etməsi planlaşdırılır.

İki saatlıq konsert İctimai Televiziyanın efirində canlı şəkildə yayımlanacaq.

Tərxunun inanılmaz FAYDASI

Orqanizm üçün müalicəvi bitkilərdən biri də tərxundur.

yasamal.tv xəbər verir ki, tərxun orqanizmə möhkəmləndirici təsir edir, immun sistemini möhkəmləndirir. Ev şəraitində ondan çox yaxşı təbii immunostimulyator hazırlamaq olar. Bunun üçün 200 qr tərxun 3 limonla birlikdə (limonlar qabıqlı olmalıdır) blenderdə xırdalanır, ora 3 xörək qaşığı təbii bal əlavə olunur və yaxşı qarışdırılır. Hər gün səhər tezdən acqarına bu vasitədən 1 çay qaşığı yeyin. Müalicə kursu – 2 həftə.

Eyni zamanda, tərxun insanın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, depressiyalar, streslərlə mübarizə etməyə kömək edir.

Tərxun mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir. Tərxun dəmləməsi mədə şirəsinin və ödün ifrazını artırır, iştahanı yaxşılaşdırır, meteorizmlə (köp) mübarizə aparır. Tərxun dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı xırda doğranmış tərxun 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla yeməkdən əvvəl qəbul olunur. (publika.az)

Bu ərazilərdə su olmayacaq

Bu gün səhər saatlarından etibarən Sumqayıt şəhərinin Kamran Hüseynov küçəsində içməli suyun verilişi dayandırılıb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər Su Kanal İdarəsindən Oxu.az-a bildirilib ki, içməli suyun verilişinin dayandırılmasına səbəb ərazidən keçən su borusunda baş verən qəza olub:

“Kamran Hüseynov küçəsi ilə Qorki küçəsinin kəsişməsindən keçən su borusunda qəza baş verib. Köhnə borular olduğundan həmin ərazidə tez-tez belə problemlər olur. Artıq borunun müəyyən hissəsi dəyişdirilir. Təmir-bərpa işləri ilə əlaqədar günün ikinci yarısına qədər şəhərin Kamran Əliyev, Qorki küçələrində, 20 və 21-ci məhəllələrində, eləcə də yaxınlıqdakı bir neçə ərazidə su olmayacaq. Günün ikinci yarısından sonra içməli suyun verilişi tədricən bərpa ediləcək”.

Kann Film Festivalı ləğv edildi

 

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə Kann Film Festivalı ənənəvi qaydada keçirilməyəcək.

TASS agentliyi xəbər verir ki, bu barədə Kann Film Festivalının təşkilatçıları məlumat verib.

Təşkilatçılar tədbirin alternativ qaydada keçirilməsi haqqında məsləhətləşmələr aparır. Həmçinin bildirilir ki,  2020-ci ilin sentyabr ayında keçirilməsi gözlənilən Venesiya Film Festivalı ilə 73-cü Kann Film Festivalının birgə baş tutması barədə danışıqlar aparılır.

II Dünya müharibəsindən sonra Kann Film Festivalı üç dəfə – 1948 və 1950-ci illərdə iqtisadi səbəblərə, 1968-ci ildə isə siyasi etirazlara görə ləğv edilib.(oxu.az)

Deputat: “İcra başçılarının həbsləri vicdanını itirmiş digər məmurlara mesajdır”

“Koronavirus pandemiyası müharibədir, bu müharibədə hamı birlikdə, qaydalara uyğun davranmalıdır”.

Millitrbuna.az Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədovu Oxu.Az-a müsahibəsini təqdim edir:

– İlham müəllim, koronavirus pandemiyası qlobal problemə çevrilib. Hər ölkənin koronavirusa qarşı mübarizədə özünəməxsusluğu olsa da, mübarizə metodologiyasının ümumi prinsipləri demək olar ki, eynidir. Bəs siz Azərbaycanda koronavirusla mübarizəni hansı xüsusiyyətlərinə görə digərlərindən fərqləndirirsiniz?

– Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı məsələyə həssaslıqla yanaşır. Azərbaycanda karantin rejiminin tətbiq olunnması ilə əlaqədar adekvat mübarizə tədbirləri üçün dövlətin iqtisadi gücünün bütünlüklə bu istiqamətə yönəlməsi hökumət qarşısında duran prioritetdir.

Prezident koronvirusdan qorunmaq üçün dəfələrlə Azərbaycan xalqına müraciət edib. Dövlət başçısı birlikdə güclü olmağın mesajını verdi, bununla yanaşı bildirdi ki, insanlar da sosial məsuliyyətlərini dərk etməlidirlər.

– Sosial, ictimai və şəxsi məsuliyyət – bunlar koordinasiyalı formada olmalıdır. Lakin sual olunur, nəyə görə, vətəndaşlar bu məsuliyyətin hər üç formasından qaçırlar?

– Birinci növbədə, bu, insan psixologiyası ilə bağlıdır. Qeyd etdiyiniz kimi sosial, ictimai və şəxsi məsuliyyət bir kontekstdə nəzərdən keçirilməlidir. Koronavirus pandemiyası müharibədir, bu müharibədə hamı birlikdə, qaydalara uyğun davranmalıdır. Bir insan şəxsi, sosial və ictimai məsuliyyətini dərk etmədən xəstəliyi yayırsa, bu, bütün cəmiyyətin, dövlətin, xalqın təhlükəsizliyi məsələsini təhdid altına qoyur.

Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa ana nəvazişi ilə ünvanladığı müraciətdə bildirilir ki, Azərbaycan çətin mərhələni geridə qoyub. Amma bununla belə qeyd olunur ki, biz bu işi axıra çatdırmalıyıq.

Ancaq son bir neçə gündür vətəndaşlarda məsuliyyət hissinin olmaması nəticəsində koronavirusa yoluxma halları sağalma hallarını dəfələrlə üstələyib.

Buna görə də vəzifəsindən, sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş dövlət, cəmiyyət qarşısında məsuliyyətini dərk etməlidir. Zərurət olmadığı hallarda insanlar evdən çölə çıxmamalıdır. Bu gün bazarlarda insanlar nə qədər sıxlıq yaradırlar. Yoluxma ilə bağlı bir neçə günün dinamikası onu göstərir ki, biz yenidən səhiyyəmizi yükləyirik.

Vətəndaşlar məsuliyyət hissini itirməklə xəstəliyin ikinci dalğasının gəlməsinə zəmin yaradırlar.

Çox təəssüflər olsun ki, xəstəliyə yoluxma sayının kəskin artması bizə ciddi xəbərdarlıqdır.

Prezident İlham Əliyev bildirib ki, əgər təhlükəli tendensiya davam edərsə, karantin rejimi yenidən sərtləşdirilə bilər.

Xəstəliyin yayılmasını minimuma endirmək, lokallaşdırmaq istəyiriksə, karantin rejiminin tələblərinə əməl etmək həyat tərzinə çevrilməlidir. Maska taxmaq, əllərin tez-tez yuyulması, dezinfeksiyaedici məhlullarla təmizlənməsi, sosial məsafə saxlamaq çox mühümdür.

– Azərbaycanda karantin rejimini pozanlara qarşı daha sərt cəzaların tətbiq olunması təklif edilir. Təkliflər reallaşacağı təqdirdə bunun çıxış yolu olacağını düşünmək nə dərəcədə düzgündür?

– Pandemiya təhlükəsizlik məsələsidir – dövlətin, millətin, genefondumuzun təhlükəsizliyi. Biz deputatlar təklif edirik ki, vətəndaşlar mövcud qaydalara əməl etməsələr, cəzalar daha da sərtləşdirilsin.

Maska taxılmalıdır, əlcək geyinilməlidir. Bəzi insanlar var ki, xəstəliyi asimptomatik keçirirlər, yəni əlamətləri müşahidə olunmur. Lakin yaxınlarına, başqa insanlara təhlükə yaradır. Cəzaların sərtləşdirilməsi insanları inzibati yolla qaydalara əməl etməyə cəzb etmək deməkdir.

– Ölkədə tətbiq olunan xüsusi karantin rejimində bəzi məmurlar özlərinin şəxsi mənafeyini ön plana çəkdilər. Əhalinin həssas qruplarına göndərilən yardımların mənimsənilməsi, bəzi icra başçılarının həbsləri xeyli müzakirələrə səbəb oldu. Niyə hələ də bəzi məmurlar həm məmur, həm də ictimai məsuliyyəti dərk etməkdə çətinlik çəkir?

– Prezident İlham Əliyev Bakıda modul tipli xəstəxananın açılışında dedi ki, həssas dövrdə aztəminatlı ailələrə göndərilən yardımları mənimsəmək xainlik, xəyanətdir. Məsuliyyət hissini itirmiş, milli xəyanət səviyyəsinə yüksəlmiş məmurlar öz layiqli cəzalarını alır. İctimaiyyət bu cür məmurlara qarşı dövlətin atdığı addımları təqdir edir, çox yüksək qiymətləndirir.

Azərbaycanın mentalitetində çox gözəl xüsusiyyət var. İnsan dar günə düşəndə ona kömək edilir, hardasa kasıb ailə varsa, ona əl tutulur. Bu dəstəyi, bu köməyi Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürüb.

Dövlət maddi, maliyyə yardımları edir ki, vətəndaşlar belə çətin zamanlarda həm psixoloji, həm də sosial gərginliklərini aradan qaldırsınlar. Ancaq əhalinin həssas qruplarına verilən kartları vicdansız, harınlamış, xain məmurlar mənimsəyib, öz kabinetlərində şəxsi mənafeyi üçün istifadə edirlər. Hesab edirəm ki, bəzi icra başçılarının həbsi həm cəmiyyətə, həm də vicdanını itirmiş digər məmurlara mesajdır.

Atəşkəs 24 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?