Ev Blog Səhifə 5

Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək

İyunun 1-dən “WhatsApp” məşhur “iPhone” modelləri və Android cihazları da daxil olmaqla bir sıra köhnə smartfonlara dəstəyi dayandıracaq.

Iyunun 1-dən etibarən “WhatsApp” iOS 15.1 və Android 5.1 və daha yuxarı versiyalarla işləyən cihazlarda işləməyəcək. Android vəziyyətində bu qərar yüzlərlə modelə təsir edəcək, “Apple” smartfonları arasında isə “iPhone 5s”, “iPhone 6” və “iPhone 6 Plus” dəstəyini itirəcək.

Bəzi nəşrlərdə birinci nəsil “iPhone 6s”, “6s Plus” və “SE”dən də bəhs edilir, lakin bu modellər iOS 15.8.4 yeniləməsini dəstəkləyir.

Quraşdırılıbsa, messencer işləməyə davam edəcək.

Sadalanan smartfonlar öz aktuallıqlarını çoxdan itirsələr də, hələ də milyonlarla insan tərəfindən istifadə olunur.

Köhnə cihazların sahiblərinə mümkünsə əməliyyat sistemini yeniləmələri tövsiyə olunur. Əgər messencerdən istifadəyə davam etmək vacibdirsə, lakin yeniləmə mümkün deyilsə, qadcetinizi daha müasir biri ilə dəyişdirməlisiniz.

İyunun ilk gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +19 dərəcədən +22 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +16 dərəcədən +21 dərəcəyədək, gündüz +31 dərəcədən +36 dərəcəyədək, dağlarda gecə +10 dərəcədən +15 dərəcəyədək, gündüz +22 dərəcədən +27 dərəcəyədək olacaq.

XİN beynəlxalq ictimaiyyətə çağırış etdi

Azərbaycanda ardıcıl iki gün baş verən mina partlayışları nəticəsində mülki şəxslər xəsarət alıb. Minaların partlaması Ermənistanın 1990-cı illərdən etibarən, xüsusilə 2020-ci il müharibəsindən sonra ərazilərə kütləvi şəkildə mina yerləşdirməsinin acı nəticəsidir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Rəsmi məlumata görə, 2020-ci ildən bəri mina partlayışları nəticəsində 397 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.

Minalar təkcə keçmiş döyüş bölgələrində deyil, yaşayış məntəqələrində, qəbiristanlıqlarda və mülki ərazilərdə də aşkarlanır. Bu isə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olmaqla yanaşı, köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışını da əngəlləyir.

Azərbaycan beynəlxalq ictimaiyyəti bu humanitar fəlakətə diqqət yetirməyə və mina təhdidinə qarşı birgə səylər göstərməyə çağırır.

Nazirlər Xankəndidə keçiriləcək zirvə toplantısını müzakirə etdilər – YENİLƏNDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığının gündəliyində müxtəlif ölçülər üzrə yer alan ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə olunaraq, gələcək təmaslar, o cümlədən Azərbaycanın cari ilin iyul ayında ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına hazırlıq işlərinə dair fikir mübadiləsi aparılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

xxx

18:36

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvəsini müzakirə edib.

Bu barədə Pakistanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazirin müavini – xarici işlər naziri, senator Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, telefon danışığı əsnasında Pakistanın baş diplomatı “bu həftənin əvvəlində Azərbaycana səfəri zamanı göstərilmiş səmimi qonaqpərvərliyə görə xarici işlər nazirinə təşəkkür edib”.

“Hər iki lider 2025-ci ilin iyul ayının əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvəsinin təfərrüatlarını, iştirakçılarını və mexanizmlərini müzakirə ediblər”, – press-relizdə diqqətə çatdırılıb.

Xatırladaq ki, ECO-nun 17-ci Zirvəsi 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək.

Səkkiz ölkə neftlə bağlı MÜHÜM QƏRAR VERDİ

Səkkiz OPEC+ ölkəsi gündəlik neft hasilatını 411 min barel artırmağa razılaşıb.

Bu barədə təşkilatın saytında yayımlanan məlumatda deyilir.

“Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan Əlcəzair və Oman mayın 31-də qlobal bazar vəziyyətini və perspektivlərini nəzərdən keçirmək üçün virtual olaraq görüşdülər”, – bəyanatda deyilir.

Sənəddə həmçinin bildirilib ki, bu qərar qlobal iqtisadi mənzərənin stabil olması, neft bazarındakı sağlam amillər fonunda qəbul edilib və dünyada kommersiya mədən yanacaq ehtiyatlarının aşağı səviyyədə olması da qərarın qəbul edilməsində rol oynayıb.

OPEC+-dan bildirilib ki, səkkiz üzv ölkə bu ilin iyul ayında hasilatı iyunda tələb olunan hasilat səviyyəsindən gündəlik 411 min barel artıracaq. Təşkilatın məlumatına görə, bu, üç aylıq artıma bərabərdir.

Artan artımlar dəyişən bazar şəraitindən asılı olaraq dayandırıla və ya ləğv edilə bilər. Sənəddə deyilir ki, bu cür çeviklik qrupa neft bazarının sabitliyini dəstəkləməyə davam etməyə imkan verəcək.

İyunun 2-də qaz kəsiləcək – Bu ərazilərdə

Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azəriqaz İB məlumat yayıb.

Qeyd edilib ki, Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə 02.06.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Ə.Əhmədov, D.Bünyadzadə, M.Xiyabani, M.Mirzəyev, Kənar Dairəvi, 7-ci Alatava, General Həmidov, Ü.Əkbərov, X.Mustafayev, X.Dadaşov, Z.Kərimov, Şərifzadə küçələrinin və 2-ci Alatava qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

28-30 may 2025-ci il tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Heritage Turqoise

Restovrasiya, Arxeologiya, Muzeyçilik, Kitabxanaçılıq, Texnologiyalar” adlı sərgi və konfransda Azərbaycanın tarixi həqiqətlərini, mədəni irsini, arxeoloji abidələrini tanıtmaq məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri və xidmətin tabeliyində olan 7 Tarix və Mədəniyyət qoruğunun rəhbər və əməkdaşları iştirak ediblər.

3 gün davam edən sərgidə Qobustan Milli Tarixi-Bədii Qoruğu, Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi”, “Çıraqqala-Şabran”, Pirhüseyn Xanəgahı, “Avey”, “Keşikçidağ” və “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət qoruqlarına aid müxtəlif dövrləri əhatə edən arxeoloji artefaktlar, eksponatlar və maarifləndirici materiallar nümayiş olunub.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mətbuat katibi Abutalib Turabovun verdiyi məlumata görə, kompleksə aid bukletlər, kitablar və digər maarifləndirici materiallar ziyarətçilərin diqqətinə çatdırılmış, Azərbaycan xalqına qarşı törədilmiş faciələrin tarixi və hüquqi aspektləri ətraflı şəkildə izah olunmuşdur. Bu materiallar vasitəsilə soyqırımı ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması və yaddaşın qorunması məqsədi daha da gücləndirilmişdir.

Sərginin ilk günündən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus guşə iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Azərbaycanda bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Azərbaycanda bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq.

Bununla bağlı Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik olunması təklif edilir.

Bununla bağlı qanunvericiliyə yeni maddə əlavə olunur. Belə ki, yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, bələdiyyələrin vahid informasiya sistemi yaradılır.

Bələdiyyələrin vahid informasiya sistemindən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş məbləğdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir. 2027-ci il yanvarın 1-nə qədər bələdiyyələr vergi ödəyicilərinə verginin ödənilməsi barədə tədiyə bildirişini elektron və kağız formada təqdim edirlər.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Kredit tarixçəsi pis olanların nəzərinə

Bəzi vətəndaşların kredit tarixçəsinin pis olması onlara maliyyə məsələlərində ciddi çətinliklər yaradır.

Iqtisadçı Elman Sadıqov metbuat.az-a açıqlamasında kredit tarixçəsinin hansı səbəblərdən pisləşməsindən və bunu düzəltməyin yollarından danışıb.

O bildirib ki, kredit tarixinin pisləşməsi, adətən kreditin məbləğinin və ya faizlərinin bir hissəsinin və ya hamısının gecikdirilməsi, yəni vaxtında ödənilməməsi halında baş verir:

“Kredit tarixində ən pis vəziyyət isə odur ki, kredit üzrə qalıq məbləğ ödənilmədən qalır.

Məsələn, şəxs 10 000 manat kredit götürüb, lakin bu məbləği tam və ya qismən, məsələn, 5-6000 manatını ödəməyib və bu məbləğ vaxtı keçmiş borc kimi qalır. Əgər bu məsələ məhkəmə çəkişməsinə çıxarılıbsa, bu, kredit tarixinin daha da pisləşməsinə səbəb olur”.

E.Sadıqovun sözlərinə görə, şəxs özü kredit götürməsə belə, zamin durduğu şəxsin kreditində gecikmə yaranması da onun kredit tarixinin pisləşməsinə gətirib çıxarır:

“Yəni kredit tarixi yalnız şəxsin öz öhdəlikləri ilə deyil, zamin olduğu şəxsin məsuliyyətsizliyi ilə də pozula bilər. Buna görə də zamin durarkən çox diqqətli olmaq lazımdır. Çünki kredit tarixi pisləşən vətəndaşa qarşı banklarda bir inamsızlıq yaranır. Güvən itir və bu itmiş güvəni bərpa etmək üçün vətəndaşa bir şans verilməlidir. Lakin bəzi hallarda banklar bu şansı verməkdən çəkinirlər. Çünki əgər verilən bu şans özünü doğrultmasa, yəni vətəndaş yenidən kredit ödənişində gecikmələrə yol verərsə, bu dəfə banklar əlavə təzyiqlərlə üzləşirlər. Belə hallarda “nə üçün kredit tarixi pis olan vətəndaşa yenidən kredit verdiniz?” sualı ilə qarşılaşırlar. Bu irad bəzən məhkəmə tərəfindən, bəzən isə birbaşa bankın rəhbərliyi tərəfindən də ifadə oluna bilər. Banklar vətəndaşlara yaxşı niyyətlə yeni bir şans yaratmağa çalışırlar. Hər hansı bir kredit məbləği təklif edərək vətəndaşın borcunu qaytarmasına şərait yaradırlar. Amma əgər həmin kredit də vaxtında ödənilməzsə, bu, artıq vətəndaşın kredit tarixində çox ciddi mənfi təsir yaradır. Eyni zamanda bu hal bank üçün də mənfi bir hal kimi qiymətləndirilir. Məhz buna görə banklar kredit tarixi pis olan vətəndaşlara kredit verməkdən çox zaman çəkinirlər”.

İqtisadçı bunu düzəltmək üçün ilk növbədə kredit tarixçəsinin hansı səbəbdən pisləşdiyinin araşdırılmalı olduğunu qeyd edib:

“Məsələn, vətəndaş 6000 manat və ya 5000 manat kredit götürüb və bu kredit üzrə ödənişlərdə gecikmələr olubsa, bu onun kredit tarixini mənfi təsirləndirə bilər. Belə hallarda vətəndaş ilkin mərhələdə daha kiçik məbləğdə, məsələn, 1000, 1500 və ya 2000 manat kredit götürməli və bu kreditin ödənişini vaxtında, hətta mümkünsə, vaxtından əvvəl həyata keçirməlidir. Heç bir gecikməyə yol verilməməlidir. Daha sonra növbəti mərhələlərdə vətəndaş tədricən kredit məbləğini artıraraq, 2500-3000 manat və daha yüksək məbləğlər üçün müraciət edə bilər. Lakin bu zaman da ödənişlərdə heç bir gecikmə baş verməməlidir. Çünki bircə dəfəlik gecikmə belə kredit tarixinin yenidən kəskin şəkildə pisləşməsinə və gələcəkdə uzun müddət kredit alma imkanının itirilməsinə səbəb ola bilər”.

E.Sadıqov diqqətə çatdırıb ki, kredit tarixində problem olan vətəndaşlar daha az məbləğli kredit üçün müraciət etməli, həmin kredit üzrə ödənişləri gecikmədən və tam şəkildə, mümkün qədər vaxtından əvvəl həyata keçirməlidirlər. Bu vacib məqam onların kredit tarixini tədricən yaxşılaşdırmağa imkan verəcək:

“Kredit tarixi bir günə, bir aya və ya bir ilə yaxşılaşmır. Əksinə, illərlə yaradılmış müsbət kredit tarixçəsini bir neçə ay ərzində məhv etmək mümkündür. Amma itirilmiş etibarı bərpa etmək və bankların inamını yenidən qazanmaq olduqca çətin və uzunmüddətli bir prosesdir. Kredit kartlarından istifadə zamanı da xüsusilə ehtiyatlı olmaq lazımdır. Çünki bu kartlar vasitəsilə aparılan alış-verişlərdən sonra ödəniş müddəti keçərsə, əlavə faizlər tətbiq olunur. Belə hallarda borcun ödənilməsi daha da çətinləşir və nəticədə kredit kartı üzrə də ciddi gecikmələr baş verir. Bu gecikmələr isə birbaşa kredit tarixçəsinə mənfi təsir göstərir. Həmçinin, kredit kartı borcunun sonradan annuitet əsaslı, yəni normal kreditə çevrilməsi də mümkündür. Lakin bu prosesin özü də kredit tarixini təsirləndirə bilər. Çünki artıq ortada gecikmiş kredit faktı var”.

İqtisadçı bir daha vurğulayıb ki, bu səbəbdən vətəndaşlar, ilk növbədə, kreditin gecikməməsinə çalışmalı, zamin durarkən ehtiyatlı olmalı və kredit tarixində problem olan şəxslər yalnız kiçik məbləğlər üçün müraciət etməlidirlər. Həmin krediti vaxtında və ya vaxtından əvvəl ödəyərək bankın verdiyi şansdan maksimum səmərə ilə istifadə etməlidirlər. Çünki bu, demək olar ki, onların kredit tarixini yaxşılaşdırmaq üçün yeganə çıxış yoludur.

Azərbaycanda bu cərimə 500 manata qaldırıldı

Hava nəqliyyatında tütün çəkməyə görə cərimə 5 dəfə artırılıb.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, hava nəqliyyatında tütün çəkməyə görə cərimə yüz manatdan beş yüz manata qaldırılıb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?