Ev Blog

Mərkəzi Rieltor Bürosu fəaliyyətə başladı

Azərbaycanda ilk olaraq daşınmaz əmlak alıcıları ücün hüquqşünas və sertifikatlı peşəkar Rieltor kollektivindən ibarət olan
“MƏRKƏZİ RİELTOR BÜROSU”
fəaliyyətə başlayıb.
“Mərkəzi Rieltor Bürosu” aşağıdakı xidmətləri göstərir :

Daşınmaz əmlakların alqı satqısı və kirayəsi.
Daşınmaz əmlakların qiymətləndirilməsi.
İnvestorlar ücün daşınmaz əmlak sahəsində illik 100 faizlik gəlirlərin təşkili.
Daşınmaz əmlaklarla baglı bazar araşdırmaları.
Təmir, tikinti.
Layihələrin hazırlanması.
Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri.
Müqavilələrin tərtib olunması.
Daşınmaz əmlakların alqı satqısı zamanı hüquqi xidmətlər.
Əlaqə nömrələri 070 385 05 99 055 385 05 99
Mərkəzi Rieltor Bürosunun direktoru, əmlak eksperti Elnur Fərzəliyev.

Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi

Yosunlar, lil və digər bioloji qalıqlar. Ətraf tullantılarla dolu, qarışıq qoxudan ərazidə ayaq saxlamaq mümkün deyil. Qumluq əraziləri isə alaq otu və qamışlıq basıb.

Söhbət Dənizkənarı bulvarda Bayraq meydanının yaxınlığından, Xəzər dənizinin sahilboyu ərazilərindən gedir.

Dəniz suyunun çəkilməsi nəticəsində üfunətin yayılması yolunu bulvardan salan şəhər sakinlərini də narahat edir. Suyun çəkilməsi sahil zolağında dəniz dibindəki çöküntüləri də üzə çıxarıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsindən bildirilib ki, Bakı buxtasının Ağ şəhər ərazisindən Dövlət bayrağı meydanınadək olan sahil zolağında neft ləkələrinin müşahidə olunması, iy və qoxunun ətrafa yayılması halları baş verir. Aparılan monitorinqlər zamanı sözügedən ərazilərdə sahilboyu müşahidə olunan neft ləkələrinin tərkibinin və çirkləndirilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb, hazırda araşdırmalar davam etdirilir.

Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var

Ermənistanın Sünik rayonundan Azərbaycana keçdiyi bildirilən iki azyaşlı artıq Ermənistandadır.

Bu barədə Tex kənd icmasının rəhbəri David Qulunts məlumat verib.

Onun sözlərinə görə, hazırda yeniyetmələr onun yanındadır.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) də həmin şəxslərin tapıldığını təsdiqləyib.

Qeyd edək ki, Ermənistan MTX Azərbaycanla sərhəd bölgəsində iki nəfər itkin düşdüyü barədə məlumat yaymışdı. Məlumata görə, iyunun 6-da saat 01:20 radələrində Teq icmasının sakinləri Karen Armen Cahangiryan (27.06.2007-ci il təvəllüdlü) və Andrey Armen Qyaqunts (13.01.2008-ci il təvəllüdlü) Azərbaycanla sərhəd ərazidə itkin düşüblər.

Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ

Tayvanda kamera qarşısında kosmetik məhsulları yeyən bloqer ölüb.

“Guava Beauty” adı ilə tanınan 24 yaşlı qız müxtəlif kosmetik vasitələrin dadına baxdığı videolar çəkib.

O, xüsusilə dodaq boyası və ənlik kimi məhsulları kamera qarşısında yeyərək izləyicilərinin diqqətini cəlb etməyə çalışıb. Bir müddət sonra gənc bloqerin profilində onun qəfil öldüyünü bildirən paylaşımlar edilib.

Maraqlıdır, doğrudan bloqerin ölümünə kosmetik vasitələri yeməsi səbəb olub?

Bununla bağlı mütəxəssislərin fikirləri müxtəlifdir.

Qida mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, kosmetik vasitələrin yeyilməsi insan sağlamlığına ciddi zərər vura bilər:

“Bu məhsullarda istifadə olunan kimyəvi maddələr qaraciyər və böyrəklərin fəaliyyətini poza, digər daxili orqanlara zərər verə bilər. Eyni zamanda, kosmetik vasitələrin tərkibindəki kimyəvi maddələr hormonal balansın pozulması ilə yanaşı, ciddi allergik reaksiyalara səbəb ola bilər”.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov isə bildirib ki, sözügedən boyalar və kosmetik məhsullar toksiki funksiyaya malik deyil:

“Onlar zəhərlənməyə səbəb olmurlar. Bizə müraciət edən azyaşlı uşaqlar belə məhsulları təsadüfən istifadə etdikdə xüsusi tibbi müdaxiləyə ehtiyac olmur”.

Mütəxəssislərin fikrincə, sosial mediada izlənmə və məşhurluq uğruna edilən riskli hərəkətlər gənclər üçün ölümcül nəticələrə səbəb ola bilər. Bu kimi videoların platformalardan silinməsi və maarifləndirici tədbirlərin həyata keçirilməsi zəruridir.

İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə “mübarizə” aparaq?

Avtobusda, metroda və ya marşrutda sakitcə yol getmək istəyərkən kimsə telefonundan yüksək səslə video və ya musiqi səsləndirirsə, bu həm narahatlıq yaradır, həm də ictimai mədəniyyət baxımından xoş qarşılanmır. Belə hallarla üzləşən sərnişinlərin davranışı həm mədəni, həm də effektiv olmalıdır.

Əvvəlcə, problemin səbəbinin bəzən diqqətsizlik və ya vərdiş olduğunu anlamaq lazımdır. İnsanlar bəzən ətrafdakıların narahat olduğunu fərq etmirlər. Bu halda sakit və nəzakətli formada müraciət edib “Bağışlayın, səs bir az yüksəkdir, zəhmət olmasa azalda bilərsinizmi?” demək çox vaxt kifayət edir.

Əgər həmin şəxs anlayış göstərmirsə və davranışını davam etdirirsə, bu zaman sərt şəkildə qarşılıq vermək yerinə, ictimai nəqliyyatda çalışan sürücü və ya nəzarətçiyə məlumat vermək daha uyğundur. Onlar bu cür hallara müdaxilə etmək səlahiyyətinə malikdirlər.

Digər tərəfdən, ictimai maarifləndirmə də vacibdir. Sosial şəbəkələrdə, KİV-də və nəqliyyat vasitələrinin içərisində “qulaqcıqdan istifadə et” və ya “başqalarının rahatlığını düşün” kimi mesajlarla insanları maarifləndirmək mümkündür. Bu, davranış normalarının formalaşmasına kömək edir.

İctimai nəqliyyatda yüksək səslə videoya baxmaq şəxsi seçim deyil, ictimai qayda məsələsidir. Qarşı tərəfə nəzakətlə yanaşmaq və lazım gəldikdə məsul şəxslərə məlumat vermək bu problemi mədəni şəkildə həll etməyə kömək edir.

Xarkovda 40 partlayış qeydə alındı – Yaralılar var

Ukraynanın Xarkov şəhəri müharibə dövrünün ən güclü hücumu ilə üzləşib.

Bu barədə Xarkov meri İqor Terexovun “Telegram” kanalında yazdıqlarına görə, şəhər dronların kütləvi hücumuna məruz qalır.

Terexov qeyd edib ki, bir saat yarım ərzində şəhərdə azı 40 partlayış baş verib. O, həmçinin şəhərin mərkəzində biri körpə olmaqla, altı nəfərin xəsarət aldığını bildirib.

Kart oğurluğu “OFFLINE”da olur! – XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə bilər.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bu tip dələduzluğa “ATM skimming” deyilir və nəticədə hesabınızdakı bütün vəsaitlər oğurlana bilər!

Necə tanımaq olar?
1) ATM-dəki kart yuvası və ya klaviatura fərqli görünürsə və ya nasazdırsa;
2) Pul çıxarılan hissənin üzərində əlavə cihaz və ya yapışdırılmış qurğu hiss olunursa;
3) Ətrafda şübhəli şəkildə müşahidə aparan şəxslər varsa;

Necə qorunmaq olar?
1) PIN kodu daxil edərkən əlinizlə klaviaturanı örtün.
2) Kartı daxil etməzdən ATM-ni diqqətlə yoxlayın.
3) Mütəmadi olaraq kart hesablarınızdakı fəaliyyətləri izləyin.
4) Kart hesabınızda şübhəli halları dərhal bankınıza bildirin.

Unutmayın: Kiçik ehtiyat – böyük itkilərin qarşısını ala bilər. Bank kartlarınızla əməliyyat apararkən diqqətli olun və öz təhlükəsizliyinizi təmin edin.

Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? – Sensasion DETALLAR

Ermənistanda Milli Arxivdən müəyyən materialların Azərbaycana verilməsi ilə bağlı “dövlətə xəyanət və casusluq” maddələri ilə cinayət işi açılıb.

Daha öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin arxiv materiallarının başqa ölkəyə verilməsi ilə bağlı Milli Arxiv İdarəsinin rəhbər şəxslərini həbs etdiyinə dair məlumatlar yayılmışdı. Lakin bu məlumatlar rəsmi şəkildə açıqlanmadı.

Ermənistanın İstintaq Komitəsi “pastinfo” saytının sorğusuna cavabında arxiv materiallarının Azərbaycana verilməsi ilə bağlı cinayət işinin açıldığını təsdiqləyib.

“Pastinfo”ya müsahibəsində Ermənistan Respublikasının İstintaq Komitəsi cinayət işinin mövcudluğunu təsdiqləyib.

Lakin hansı materialların nə vaxt Azərbaycana verildiyi haqda məlumat verilməyib.

Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildi

İyunun 5-də BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının (CEU) Bakı şəhərində keçirilən 71-ci sessiyası çərçivəsində Azərbaycan bir daha təşkilatın İcraiyyə Şurasının 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, seçkilər yüksək rəqabət şəraitində keçirilib. BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üçün ayrılmış 5 yer uğrunda Azərbaycanla birgə 9 namizəd ölkə mübarizə aparıb. Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən üzv ölkələrin əksəriyyətinin səsini toplayaraq Şuraya seçilib.

BMT-Turizmin İcraiyyə Şurası 35 üzv ölkədən ibarət təşkilatın əsas idarəedici orqanıdır. Şura bir çox məsələlərlə yanaşı, təşkilatın Baş katibinin seçilməsi, strategiya və planlarının həyata keçirilməsi, funksionallığının və qərarlarının icrasının təmin edilməsi kimi əhəmiyyətli istiqamətlərə məsuldur.

Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər – Məhkəmədə ETİRAF

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 5-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesində əvvəlcə təqsirləndirilən şəxs Davit İşxanyanın müdafiəsi üçün yeni vəkilin qoşulduğu elan olunub. D.İşxanyan yeni vəkilinə etiraz etmədiyini bildirib. O, mayın 26-da keçirilmiş məhkəmə iclasının protokolları ilə tanış olmaq istədiyini ötən proseslərin birində dediyini xatırladıb və həmin tarixlə yanaşı, mayın 24-də keçirilmiş məhkəmə proseslərinin protokolları ilə də tanış olmaq istədiyini söyləyib.

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxsə məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün yaxın günlərdə şərait yaradılacağını, həmin vaxt onun istədiyi protokolla tanış ola biləcəyini bildirib.

Məhkəmədə Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlər tədqiq edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının işğal altında olan əraziləri işğaldan azad edildikdən sonra həmin ərazilərə baxışlar keçirilib, baxış zamanı hər bir rayon və kənd üzrə vurulmuş ziyan müəyyən olunub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin iştirakı ilə tədqiq edilən sənədlərlə Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdam, Xocavənd, Şuşa, Tərtər, Laçın, Kəlbəcər rayonlarında və həmin rayonların kəndlərində təbiətə və iqtisadiyyata vurulmuş zərərlər sadalanıb. Bu zərərlər sırasına həm ağacların məhv edilməsi, həm də faydalı qazıntı yataqlarının qanunsuz istismarı daxildir.

Nümayiş etdirilən fotolarla ağacların təbii şəkildə deyil, qəsdən məhv olunması sübut edilib.

Məhkəmədə vaxtilə işğal altında olan rayonlarda faydalı qazıntı yataqlarının, o cümlədən xammal və filiz yataqlarının qanunsuz istismarına dair kosmosdan çəkilmiş görüntülər də nümayiş etdirilib.

Bildirilib ki, 1992–2023-cü illər ərzində təqsirləndirilən şəxslər – Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç və digərlərinin rəhbərliyi və iştirakı ilə işğal olunmuş ərazilərdə Azərbaycan xalqına və dövlətinə məxsus yeraltı və yerüstü təbii sərvətlər talan edilib.

Dövlət ittihamçısı Fuad Musayevin iştirakı ilə tədqiq edilən sənədlərə əsasən, talan nəticəsində əldə edilmiş gəlir və ya digər maddi sərvətlər Ermənistan ordusu, cinayətkar birlik tərəfindən formalaşdırılmış silahlı dəstələrin, xarici ölkələrdən gətirilən muzdluların maliyyələşdirilməsinə, onların müxtəlif növ silah, geyim, ərzaq və digər zəruri ehtiyaclarının təmin olunmasına, cinayətkar birliklərə daxil olan silahlı birləşmələrin döyüş qabiliyyətinin artırılmasına yönəldilib. Bununla da cinayətkar fəaliyyətin daha da möhkəmləndirilməsi üçün maliyyə mənbələrinin artırılması, Ermənistan Respublikasının siyasi və hərbi rəhbərliyi ilə əlaqəli şəkildə cinayətkar planların hazırlanması təmin edilib.

Daha sonra qeyd edilən filiz, xammal və digər təbii ehtiyatların cinayətkar birliyin üzvləri tərəfindən təşkil edilmiş və idarə olunmuş şirkətlər və müəssisələr vasitəsilə istismarı ilə bağlı mövcud məlumatlar təqdim olunub.

Vurğulanıb ki, qeyd olunan ərazilərdəki müvafiq təbii və xammal-filiz ehtiyatları, bəhs edilən cinayətkar birliyin rəhbər üzvlərinin birbaşa rəhbərliyi və nəzarəti altında istismar edilib.

Məhkəmədə işğal dövründə Azərbaycan ərazilərində su elektrik stansiyalarının (SES) qanunsuz tikintisi və istismarı ilə bağlı sənədlər də tədqiq olunub.

Daha sonra məhkəmədə Azərbaycanın vaxtilə işğalda olan ərazilərində – Xankəndi şəhərində 2012-ci ilin may ayında keçirilmiş “hərbi parad”ın ermənilər tərəfindən çəkilmiş videokadrları nümayiş etdirilib. Levon Mnatsakanyan tribunaya dəvət edilib və ona Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov suallar ünvanlayıb.

Ermənistan silahı qüvvələrində yüksək vəzifələr tutmuş, o cümlədən baş qərargah rəisinin müavini olmuş, habelə qondarma rejimdə “müdafiə naziri” olmuş Levon Mnatsakanyan dindirmə zamanı əvvəlcə “parad”la bağlı sualları cavablandırıb. O deyib: “Biz “parad”ları keçirərkən keçmiş SSRİ-nin təcrübəsinə əsaslanmışıq. Adətən “parad”ların keçirilməsi üçün əsas illik hazırlıq planı təşkil edilirdi. Həmçinin yubileylər – 5, 10, 15, 20, 25 illik – bu “parad”ların keçirilməsi üçün əsas olub. Əgər “parad”larla bağlı əlaqəmi soruşursunuzsa, mən 2012-ci ildə “müdafiə ordusu”nun qərargah rəisi olmuşam. Həmin “parad”ın hazırlanmasına cavabdeh şəxs olmuşam. “Parad” zamanı şəxsi heyəti “ordu komandanı”na təqdim etmişəm, o isə, öz növbəsində, “ölkə rəhbəri”nə raport verib.

Bundan başqa, Ermənistan Respublikasındakı iki, yaxud üç paradda da iştirak etmişəm”.

O, “parad”ın qondarma rejimin “ordusu”nun 20 illiyinə həsr edildiyini bildirib və prokurorun sualına cavabında deyib ki, onlar həmin vaxt “Yeraton” – üç bayram ifadəsindən istifadə edirmiş və bu “parad” da “Yeraton” münasibətilə təşkil edilib. Bu bayramlara həm 8 may – Şuşanın işğalı, həm 9 may – İkinci Dünya müharibəsində qələbə günü, həm də rejimin “ordu”sunun yaranma günü aiddir.

Videokadrların davamında “parad”ın komandirinin qondarma rejimin “ordu komandanının birinci müavini, qərargah rəisi”, general-mayor Levon Mnatsakanyan olduğu bildirilir. “Parad”ın qəbulunu isə qondarma rejimin “müdafiə naziri” Movsis Akopyan həyata keçirir.

Təqsirləndirilən şəxs “parad”da iştirak edən digər şəxslərin də adlarını sadalayıb: “Sağdan sola deyəcəyəm: “parlamentin sədri” Aşot Qulyan, din xadimi Servazan, həmin vaxt Ermənistan Respublikasının müdafiə naziri olan Seyran Ohanyan, “prezident” Bako Sahakyan, Ermənistan Respublikasının sabiq prezidenti Serj Sarkisyan (həmin vaxt Ermənistan prezidenti olub – red.), erməni kilsəsinin rəhbəri – katolikos, həmçinin Ermənistanın 2-ci prezidenti Robert Koçaryan, Arkadi Qukasyan və həmin vaxt “baş nazir” olan Arayik Harutyunyan”.

Levon Mnatsakanyan “parad”da artilleriya silahlarının bütün növlərinin olduğunu deyib və əlavə edib: “D-30, D-20, tank əleyhinə vasitələr, BM-21 qrad, artilleriyanın özüyeriyən qurğuları… Raket kompleksləri var idi, səhv etmirəmsə “Smerç”, “Toçka” olub. Zirehli texnikalardan tanklar, piyadaların döyüş maşınları olub”.

O, “parad”da istifadə olunan silahların bir qisminin Ermənistandan gətirildiyini də deyib və bildirib: “Bu “parad”da elə silahlar var ki, onlar “müdafiə ordusu”nun arsenalında yoxdur. Lakin hərbi “parad”ın keçirilməsi üçün gətirilib. Məncə, həmin “parad”da “BM 80”, “Toçka, “Smerç” olubsa, Ermənistan gətirilənlərdir”.

Levon Mnatsakanyan rejimin “ordusu”nun Ermənistan silahlı qüvvələrinin bir hissəsi hesab olunduğunu, “komandan” vəzifəsinə təyinatın Ermənistan müdafiə nazirinin təqdimatı əsasında Ermənistan prezidenti tərəfindən həyata keçirildiyini bildirib və deyib: “Sonralar isə bu təyinatı Ermənistanın baş naziri həyata keçirirdi”.

Təqsirləndirilən şəxs rejimin “ordusu”nun ehtiyacı olan silahların siyahısının tərtib olunduğunu, bunun əsasında Ermənistandan silah aldıqlarını, əvəzində heç bir ödəniş edilmədiyini deyib.

Levon Mnatsakanyan 2016-da şərti olaraq “Aprel döyüşləri” adlandırılan hadisələr zamanı – aprelin 2-dən sonunadək Ağdam, Tərtər, Füzuli, Ağcabədi və digər ərazilərin iriçaplı silahlardan və digər silahlardan atəş açılması barədə sualları da cavablandırıb. Təqsirləndirilən şəxs iddia edib ki, onlar həmin vaxt hücum edən deyil, müdafiə olunan tərəf olub.

Təqsirləndirilən şəxs hadisələr zamanı diviziya komandirləri tərəfindən ona məruzə olunduğunu deyib: “Mənə məruzə edib xahiş etdilər ki, müvafiq qərarlar verilsin. O qərarlar mənim tərəfimdən təsdiqləndi”.

O, hadisələrlə bağlı Ermənistan silahlı qüvvələrinin əməliyyat idarəsinin rəisi Artak Davtyana və baş qərargah rəisi Yuri Xaçaturova məruzə etdiyini bildirib. “Mən məruzə edəndən sonra baş qərargah rəisi göstəriş verdi ki hətta rezervləri də cəmlənmə rayonlarına çıxarım”.

Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları da sadalayıb. Bu tapşırıqlara ön xətti gücləndirmək, rezervləri müvafiq rayonlara çıxarmaq, əlavə komplektləşdirmə həyata keçirmək və rəqibin hücumunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək daxil imiş.

Levon Mnatsakanyan Aprel döyüşləri zamanı “D-20”, “D-30” silahlarından, qrad raketlərindən, atıcı silahlardan istifadə etdiklərini bildirib.

İddia edib ki, həmin vaxt mülki şəxsləri hədəf almayıblar.

Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

“Azərbaycan tarixi xəritələrdə” – Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb

“Azərbaycan tarixi xəritələrdə” atlasının onlayn versiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının saytında yerləşdirilib.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan atlasın redaksiya heyətinə AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov (elmi redaktor və naşir), Vüqar Ağayev (layihə rəhbəri), tarix elmləri doktoru Tofiq Nəcəfli, tarix elmləri doktoru Güntəkin Nəcəfli, texnika üzrə fəlsəfə doktoru Eldar Əliyev, riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva və tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev daxildir.

“Azərbaycan tarixi xəritələrdə” atlası Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli atlasdır. Atlasa 198 xəritə, o cümlədən böyük türk alimi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki dünya xəritəsi (1076), italyan kartoqraf Fra Mauronun “Mappa mundi” adlı dünya xəritəsi (1459), Qafqaz Hərbi Dairəsinin xəritəsi (1903) və Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi (1919) daxil edilib. Bu xəritələr sübut edir ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?