Ev Blog Səhifə 3

Bu şəxslərin maaşı bir ayda 240 manatdan çox artdı

Bu ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 1,604 min manat olub.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 241 manat və ya 17,7% çoxdur.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 1,363 min manat olmuşdu.

Qeyd edək ki, ən yüksək maaşı 2,761 min manat ilə hava nəqliyyatında çalışan işçilər, ən aşağı maaşı isə 674 manat ilə poçt və kuryer fəaliyyəti ilə məşğul olan işçilər alıblar.

Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ

Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları küçə, dayanacaq, park və digər ictimai məkanlarda saxta “QR”-lara qarşı diqqətli olmağa çağırıb.

Qurumdan bildirlib ki, vətəndaşlardan əsasən bir necə məlumat tələb olunur ki, bununlada lşəxsş hesabları ələ keçirilir.

Əgər vətəndaşlar hansısa şübhəli hallarla rastlaşarlarsa bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərlər.

Azərbaycanda işıq və qaz 3 dəfə ucuzlaşa bilər

Azərbaycanda sərhədyanı kəndlərə “Böyük qayıdış”ı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında – qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.

“Ölkəmizdə 4 244 kənd var. Bu böyük sərvətdir. Paytaxtda yaşayan əhalinin sıxlığı, həmçinin avtomobil yollarındakı tıxac təkcə ictimai deyil, həm də iqtisad, sosial, mənəvi və əhalinin sağlamlığı üçün bir nömrəli məsələyə çevriib. Hökumət Bakının 2040-cı il Baş Planında demoqrafik vəziyyətlə bağlı göstərir ki, əhalinin sayı 15 il sonra paytaxtda 3,17 milyon nəfər olacaq. Halbuki qeyri-rəsmi məlumatlara görə həmin sayda əhali indi Bakıda yaşayır. Ölkəmizin 63 rayonun yalnız 29-da əhali 100 min nəfərdən çoxdur. Yəni, rayonların cəmi 46 %-nin 100 min nəfərdən çox əhalisi var. 18 bölgədə 50 min – 100 min arası əhali yaşayır. 4 244 kəndin yalnız 92-də əhali sayı 5 000-dən çoxdur. 214 kəndin əhalisi isə 50 nəfərdən azdır.

2023-cü ildə ölkə əhalisi 3,9 milyard kubmetr, Bakının əhalisi isə 1,4 milyard kubmetr qaz istehlak edil. Yəni, ölkə üzrə təbii qaz istehlakının 36 %-i paytaxtın payına düşür. Bundan başqa, il ərzində əhali ümumilikdə 6,6 milyard kv/saat, Bakı əhalisi isə 2,8 milyard kv/saat elektrik enerjisi istehlak edib. Yəni, ölkə üzrə elektrik enerjisi istehlakının 42 %-i paytaxtın payına düşür. Halbuki, Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23 %-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq”, – o qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Gədəbəy, Kürdəmir və Bakıda orta illik temperatur fərqli olduğu üçün 7 ay soyuq şəraitdə yaşayan əhali diferensial tarifləri tətbiq etməyin əsası var: “Onun hər hansı büdcə itkisi olmayacaq, əksinə, əhalinin geridönüşü artdıqca, sıxlığın yaratdığı problemlər – mənzil, əmək və yollar, körpülər, keçidlərə qoyulan səraməyələri bölgələrə yönəltmək mümkün olacaq. Tarif siyasəti ilə yanaşı, maaşlar və iş yerlərinin bölgələrdə açılmasına yönələn güzəştlər siyasəti ilə biz daxili miqrasiyanın yalnız bir istiqamətdə getməsinin qarşısı ala bilərik”.

Azərbaycanda qadınların pensiya yaşı dəyişir

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı yenidən qalxacaq.

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, azı 25 il sığorta stajı olan qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Qadınların pensiya yaşı sonuncu dəfə ötən il – 2024-cü ilin iyul ayının 1-dən 6 ay artırılaraq 64 edilib. 64 yaş müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.

2025-ci il iyulun 1-dən isə əmək pensiyası hüququ olan qadınların yaşı 64 il 6 aya qalxacaq.

Nəhayət gələn il – 1 iyul 2026-cı il tarixindən Azərbaycanda kişilərlə qadınların pensiya yaşı bərabərləşəcək, yəni 65 olacaq.

Xatırladaq ki, Azərbaycanda azı 25 il sığorta stajı olan kişilərin pensiya yaşı 2021-ci il iyulun 1-dən 65 edilib.

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Danışıqlar uğursuz olarsa, Ukraynanı nə gözləyir? – İki ssenari

Uzunmüddətli Ukrayna böhranını iki əsas yolla həll etmək olar.

Bunu israilli politoloq Yakov Kedmi “Belta” agentliyinə müsahibəsində deyib.

Onun fikrincə, münaqişənin sona çatması üçün iki ssenari var. Birincisi, diplomatik danışıqlardır. Ekspert hesab edir ki, bu variantı həyata keçirmək üçün ABŞ-ın yeni administrasiyası Rusiyanın şərtləri ilə razılaşmalı olacaq.

Kedmi hesab edir ki, Vaşinqtonda Moskvanın bütün tələbləri nəzərə alınarsa və Amerika tərəfi onları yerinə yetirməyi öhdəsinə götürərsə, o zaman Ukraynada münaqişənin aktiv fazası yaxın gələcəkdə başa çata bilər.

“Lakin ABŞ-ın yeni rəhbərliyi bu yolla getməyə hazır olmasa, Rusiyanın vəziyyəti həll etmək üçün yalnız bir variantı olacaq – Ukrayna Silahlı Qüvvələrinin tam hərbi məğlubiyyəti və dövlətçiliyinin itirilməsi”, – politoloq yekunlaşdırıb.

Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

Milli Məclisin sonuncu plenar iclasında sənədsiz evlərlə bağlı problem yenidən gündəmə gətirilib. Məsələ bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı qaldırılıb. Bildirilib ki, sənədsiz evlərin sənədləşdirilməsi uzun illərdir cəmiyyəti narahat edən ciddi problemlərdən biridir və bu sahədə təcili tədbirlərin görülməsinə ehtiyac var.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında qeyd edib ki, bu istiqamətdə həm qiymətləndirmə, həm də müvafiq dövlət qurumlarında müzakirə prosesi uzun müddətdir aparılır:

“Əmlak məsələləri üzrə Dövlət Xidmətində sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı işlər görülür və ilkin qiymətləndirmələrə əsasən, 450 mindən çox sənədsiz evin mövcud olduğu bildirilir. Bunların böyük bir hissəsi Bakı şəhərində yerləşir. Bununla yanaşı, təhlükəli və qeydiyyatsız ərazilərdə, xüsusilə də neft buruqları və nəqliyyat infrastrukturuna yaxın zonalarda yerləşən evlərin sayının təxminən 70 min olduğu qeyd olunur. Bu ərazilər təhlükəsizlik baxımından daha ciddi risk daşıdığı üçün onların sənədləşdirilməsi prosesi daha həssas yanaşma tələb edir.

Deputat vurğulayıb ki, məsələ hazırda hökumətin diqqətindədir və sənədsiz evlərin rəsmi qeydiyyata alınması, vətəndaşların mülkiyyət hüququnun tanınması əsas prioritetlərdən biri sayılır. Onun sözlərinə görə, bu istiqamətdə hüquqi və texniki prosedurların sadələşdirilməsi və daha şəffaf mexanizmlərin tətbiqi vacibdir:

“Yaxın vaxtlarda bu evlərin qeydiyyatı sürətləndirilməli, vətəndaşların əmlak üzərində qanuni hüquqları tanınmalı və rəsmiləşdirilməlidir. Bu həm sosial ədalətin təmin olunmasına, həm də şəhərsalma və infrastruktur planlamasında dəqiqliyin artırılmasına xidmət edəcək”.

Ermənilərlə fransızlar Azərbaycanla sərhədə toplaşdılar: Məqsədləri nədir?

Azərbaycanla sərhəddə, Gorusda Ermənistan-Fransa Mərkəzləşdirilməmiş Əməkdaşlıq üzrə 5-ci Konfrans öz işinə başlayıb.

Tərəflər Süunik şəhərinin strateji əhəmiyyəti və Sünik regionu ilə Fransanın Auvergne-Rhone-Alp regionu arasında hərtərəfli əməkdaşlığı nəzərə alınaraq konfransın keçirilmə yeri kimi Gorus seçilib.

Tədbirdə Ermənistan və Fransanın siyasi və ictimai xadimləri iştirak edir.

DİN xəbərdarlıq etdi: Dərhal blok edin!

31 may-1 iyun tarixlərində ayrı-ayrı vətəndaşların bank hesablarından 1351, 1323, 1000, 900, 500, 450 və 55 manat məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Nazirlik vətəndaşları naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı ehtiyatlı olmağa çağırır.

“Zərərçəkmiş şəxslər naməlum şəxslərə bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını veriblər.

Bir daha xatırladırıq ki, bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin, danışıq və yazışma aparmayın – dərhal blok edin”,-məlumatda bildirilib.

“Azpulmat” – sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?

Son illərdə Azərbaycanda maliyyə texnologiyalarının sürətli inkişafı bəzi bank olmayan kredit təşkilatlarından (BOKT) cəmi bir neçə saniyədə kredit götürmək imkanı yaradıb.

Banklardan kredit əldə edə bilməyənlərin daha çox üz tutduğu bu təşkilatlar müştərilərinə girovsuz, təminatsız və bir neçə dəqiqə ərzində kart hesabına yatırılan gündəlik borclar təklif edirlər. Bəs bu təşkilatlardan kredit götürmək vətəndaş üçün həqiqətən sərfəlidirmi?

Son zamanlar adı hallanan “Azpulmat” hər 100 ölkə vətəndaşınından 10-nu borcluya çevirib. Belə ki, vətəndaş BOKT-un tətbiqi və ya veb saytı vasitəsilə saniyələr içində kredit götürə bilir. Təbii ki, bu müştərilərə asan və sərfəli görünə bilər. Lakin “Azpulmat” ilk dəfədən yüksək məbləğdə kredit vermir. Bunun üçün uzun müddətli müştəri olmalısınız. BOKT-un müştərisi olmuş həmsöhbətimiz bildirdi ki, təşkilat ilk müştərisinə krediti minimum məbləğdən – 20 manatdan verir. Bunu BOKT-un dəstək çatında əlaqə saxladığımız operator da təsdiqlədi. Məlum oldu ki, “ilk sınaqdan” keçən müştəri sonradan 70 manat kredit götürə bilir:

“Birinci dəfə mənə 20 manat kredit verildi. Təşkilat ilk 5 gün ərzində faiz hesablamır, sonradan kreditin üzərinə 0.30%-lik faiz gəldi. Mən ödəməni 15 gün gecikdirdiyim üçün 23 manat 60 qəpik ödəniş etdim. Düzünü desəm, 20 manat üçün 3 manat 60 qəpik faiz ödəmək mənə sərfəli görünmədi. Lakin ehtiyacım olduğu üçün təkrar-təkrar, daha çox məbləğlərdə kredit götürməyə məcbur oldum. Hazırda boclarım çox yığılıb, ödəyə bilmirəm”.

Beləliklə, götürülən 20 manatlıq minimum ilk kredit 0.30%-lik faiz (ilk 5 gün xaric) hesablanması şərti ilə 15-ci gündə 20 manat 61 qəpik olaraq ödənməlidir, lakin həmsöhbətimiz 23 manat 60 qəpik ödədiyini deyir. 15-ci gündə kreditin ödənişinin 23.60 manat səviyyəsində ödənməli olduğu təşkilatın veb saytındaki kalkulyator da təsdiqləyir. Bəs 2.99 manatlıq əlavə ödəniş nədən qaynaqlanır? Bu yəqin ki, BOKT tərəfindən tətbiq olunan əlavə komissiyalar və xidmət haqları ilə bağlıdır.

Göründüyü kimi, müştərilərin bank və ya başqa kredit təşkilatında kreditinin olmasından narahat olmayan bu platformalar əslində yüzlərlə insanı borc bataqlığına sürükləyən təhlükəli sistemin tərkib hissəsidir.

“Onlayn bank kreditləşməsinə əlverişli alternativ” olduğunu iddia edən “Azpulmat” müştərilərinə yalnız şəxsiyyət vəsiqəsi ilə, girovsuz və istənilən məqsədlər üçün kredit təklif edir. “Azpulmat” xidmətdən ilk dəfə istifadə edən müştərilərinə minimum 20 manatdan maksimum 500 manatadək “ilk kredit” verir.

Platformanın eyni zamanda minimum 50 manatdan maksimum 1500 manatadək 30 gün müddətinə verilən “təkrar kredit”i də mövcuddur.

500 manatlıq ilk kredit maksimum 45 gün geri ödəmə vaxtı ilə verilir, ilk 5 gün ərzində faizlər hesablanmır. 6-cı gündən 45-ci günədək isə gündəlik 0.30% faiz hesablanır. İlk baxışdan faizin məbləği az görünsə də, müştəri götürdüyü 500 manatlıq krediti 45-ci gün original məbləğdən 42% çox pul – 710 manat ödəyərək bağlayır. Müştəri eyni zamanda 36-cı gündən etibarən verilmiş kreditdən istifadəyə görə 30%-lik xidmət haqqı da ödəyir. Təşkilat 50-1500 manatlıq 30 günə verilmiş kredit üçün 0.50% faiz hesablayır. Müştəri 30-cu gün 1500 manatlıq kreditini 22.5% çox pul – 1837.5 manat ödəməklə bağlayır.

Bundan əlavə, BOKT öz sayt və mobil tətbiqində ödəniş qəbul etmək üçün də əlavə pul alır. Əgər müştəri kreditini bank kartıyla, “Azpulmat” saytında və ya mobil tətbiqində ödəmək istəyirsə 0.5%-lik komissiya ödəməlidir.

Əlbəttə, biz bu hesablamaları “Azpulmat”ın müştəriyə maksimum verəcəyi məbləğdən apardıq. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, təşkilat bu məbləğləri yalnız uzun müddətli müştərisinə verir.

“Müştərinin əldə edə biləcəyi kredit limiti, kredit məbləği və müddəti tətbiq tərəfindən individual olaraq baxılır və avtomatik təyin edilir.

Yüksək fazilər yüzlərlə insanın BOKT qarşısında öhdəliklərinin icrasında problem yaratdığı üçün məhkəmə predmetinə səbəb olub. BOKT-ların banklardan fərqli olaraq sərt tələblər qoymaması əskəriyyətin bu cür təşkilatlara müraciət etməsinə səbəb olur. Əgər 2023-cü ilin yanvarında BOKT-lar əhaliyə 600 milyon 800 min manat kredit veribsə, 2024-cü ilin yanvar ayında bu rəqəm 808 milyon 300 min manat olub. Mayın 1-nə bank olmayan kredit təşkilatlarının kredit qoyuluşu 1 milyard 802,3 milyon manat olub. Bu, illik müqayisədə 34,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,2 %-dən 6 %-ə çatıb. 2025-ci il aprel ayının 1-nə BOKT-lar tərəfindən milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib.

Ekspertlər bildirir ki, BOKT-larla bağlanan müqavilələrdə bütün məsuliyyət vətəndaşın üzərinə düşür. Nəticə etibarı ilə vətəndaş məhkəmələrdə uduzur. Belə olan halda şəxsin və ona zamin duranların əmlakı sual altına düşür. Onlar satılaraq pulları borcun bağlanmasına sərf olunur. Müəyyən tənzimləyici aktlarla BOKT-ların faiz dərəcələrinə məhdudiyyətlərin gətirilməsi mümkündür. O zaman isə BOKT-ların sayı azalacaq.

Qeyd edək ki, hazırda ölkədə 56 BOKT fəaliyyət göstərir.

Məktəbli formaları ilə bağlı YENİLİK

Şagirdlər üçün rahat və standartlara uyğun məktəbli formaları hazırlanır.

Məsələ ilə bağlı ölkəmizdə məktəbli formalarının əsas istehsalçısı olan Bakı Tikiş Evinin Satış şöbəsinin müdiri Etibar Əzimov açıqlama verib.

Onun sözlərinə görə, formalarda bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.

“Nazirlər Kabinetinin təsdiq olunmuş qərarı ilə məktəb formalarının parçalarına, materialına xüsusi tələb var. O tələbə görə, bütün köynəklər 100 faiz pambıq, şalvar və yupkalar isə 60 faiz yun, 40 faiz polester olmalıdır. Yeni çıxan formalar isə tələbata uyğundur. Formaların dizaynı ilə yanaşı məktəblərin emblemləri də nəzərə alınır. Bu da hər bir təhsil müəssisəsinə fərqlənmə imkanı verir”.

Şöbə müdiri onu da qeyd edib ki, formaların bölgələrə çatdırılmasında da heç bir problem yaşanmayacaq: “Emblemə məktəblərin özləri qərar verirlər. Hazırkı dəyişikliklər məktəb formalarının keyfiyyətini artırmaqla yanaşı vahid tərzdə təqdim olunmasına da xidmət edir. Seçim imkanlarının geniş olması isə məktəb və valideynlərin tələblərini qarşılamağa töhfə verir.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?