Dövlət özəlləşdirmə çeklərinin qiymətli kağız olduğu artıq birmənalı olaraq hamı tərəfindən qəbul edilir. “Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında” 7 yanvar 1993-cü il tarixli Qanunun 19-cu maddəsində deyilir ki, “Respublika əhalisinə məxsus özəlləşdirmə paylarının (çeklərinin) bu və ya digər səbəblər üzündən həmin (özəlləşdirmə) məqsədlərinə yönəldilməmiş hissəsinin səmərəli yerləşdirilməsi üçün dövlət tərəfindən ixtisaslaşdırılmış investisiya fondu yaradılır”. Buradan məlum olduğu kimi, hər hansı bir formada tədavül müddəti ərzində istifadə edilə bilməyən, başqa bir ifadə ilə, özəlləşdirmə məqsədlərinə yönəldilə bilməyən “dövlət özəlləşdirmə çeklərinin” dövlət tərəfindən yaradılan ixtisaslaşdırılmış investisiya fonduna qoyulmalı və sahiblərinə pay şəkilində dividend verilməli idi. Lakin bütün bunların heç biri həyata keçirilmədiyi üçün dövlət faktiki olaraq dövlət özəlləş-
dirmə çeklərinin tədavül müddətini ləğv edib.
Halbuki Ulu Öndərin imzasını daşıyan “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamənin” (bundan sonra “Çeklər haqqında Əsasnamə” adlandırılacaq) 1-ci bölməsinin 5-ci bəndində deyilir ki, “Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır”.
Bu baxımdan yüz minlərlə ailənin mənafeyini ifadə edən “Özəlləşdirmə Çekləri Qrupu” imzası ilə Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Vətəndaşlar yol verilən qanun pozuntusunun qarşısının alınmasını və hüquqlarının bərpasını xahiş edirlər. Müraciətlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Xeberrus.com-a açıqlamasında bildirib ki, çek sahiblərinin haqqlarının geri qaytarılması bu günün əsas tələblərindən biridir:
“İşğal altında olan ərazilər azad olunandan sonra həmin rayonların əhalisi özəlləşmə paylarını almalıdırlar. Çünki özəlləşdirmə çekləri ilə bağlı qərar qüvvəyə minəndən sonra məlum hadisələr fonunda onlar öz paylarını ala bilmədilər. İşğaldan azad olunmuş ərazilərdə qeydiyyatda olmuş hər bir vətəndaşa torpaq sahəsi verilməlidir. Çünki hazırkı məqamda həmin ərazilərdə hansısa dövlət əmlakı qalmayıb. Bu baxımdan özəlləşdirmə çeki olmuş vətəndaşlara torpaq sahəsi formasında dəstək göstərilməlidir. Bu, ədalətin bərqərar olması üçün vacibdir. Ölkənin digər bölgələrində yaşayan vətəndaşların da hüquqları bərpa olunmalıdır. Çünki vətəndaşlar zamanında özəlləşmə prosesindən yararlana bilməmişdi və bu, insanların hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu baxımdan özəlləşdirmə çeki sahibləri bundan sonra ya özəlləşmə prosesində hansısa formada səhmə sahib olmalıdır, ya da onlara kompensasiya ödənməlidir”.
Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə qeyd edib ki, o vaxtı bəzi şəxslər tərəfindən vətəndaşlara vurulan zərər bu gün aradan qaldırılmalıdır:
“Azərbaycan vətəndaşlarının böyük qisminin o vaxtı özəlləşdirmə çeklərindən təyinatı üzrə istifadə edə bilməməsi təəssüf doğuran amillərdən biridir. Bu gün bizim evdə də bir neçə ədəd vauçer qalmaqdadır. Fikrimcə, əlində özəlləşdirmə çekləri qalan vətəndaşların çoxsaylı olmasını nəzərə alaraq, bu il problem öz həllini tapmalıdır. Belə ki, əlindəki çeklərini qoruyub saxlayan vətəndaşlara vurulan ziyan kompensasiya olunmalıdır. Və ya proses yenidən araşdırılmalı, özəlləşdirilmə çekləri yenidən tədavülə buraxılmalıdır. İnanmaq istəyirəm ki, bu il problem öz həllini tapacaq”.