“Xanımlar zərif cinsin nümayəndəsidir” deyilsə də, Azərbaycan xanımları bəzən dünyanın ən güclülərindən də güclü olduqlarını öz əməlləri ilə sübut ediblər.
yasamal.tv xəbər verir ki, bu xanımlarımdan biri də həmyerlimiz Kamalia Ceylinovadır. Haqqında yazdığımız xanım ixtisasca tibb sahəsində çalışsa da, böyük vətən fədaisi və çox böyük bir təşkilatçı oldugunu apardığı missiyasında öz fədakarlığı ilə sübut edib.
Niderlandın Nijmegen şəhərində yaşayan həmyerlimiz Kamalia Ceylinova möhtəşəm bir layihə hazırlayaraq, qürbətdə yaşayan azərbaycanlı xanımları bir araya toplamağı bacarıb.
Bu proses uzun bir zaman alsa da, Kamalia Ceylinova qadınların güclü bir qüvvə olduğuna inanaraq öz məqsədinə nail olmağı bacarıb. K. Ceylinova ilk olaraq dünyanın müxtəlif ölkələrində yaşayan savadlı, işgüzar, istedadli və ziyalı azərbaycanlı xanımlardan ibarət “Azerbaijani Ladies Club” adlı “whatsapp” qrupunu yaradıb. Bu qrupunun üzvləri müxtəlif olkələrdə yaşayan Azərbaycan dostluq və digər cəmiyyətlərin sədrlərindən, biznes sahələrində uğur qazanmış həmyerlimiz xanımlardan ibarətdir.
Qrup üzvləri mütəmadi olaraq ölkəmizlə bağlı tədbirlər planları hazırlayaraq, yaşadıqları ölkələrdə Azərbaycanı təmsil edən müxtəlif tədbirlər və görüşlər keçirir, Qarabağ həqiqətlərini yaşadıqları ölkələrin vətəndaşlarına, dövlət rəsmilərinə və ictimaiyyətə çatdırmaqla məşğul olurlar. Hər bir qrup üzvü müxtəlif sahələrdə çalışsa da, öz istirahət günlərini Azərbaycan naminə müxtəlif tədbirlər keçirməklə məşğul edirlər.
Qrupun yaradıcısı Kamalia Ceylinova daha sonra həmin qrupun “facebook” və instaqram səhifələrini yaradaraq qrup üzvlərinin saylarını dahada genişləndirib. Kamalia Ceylinova həmin səhifələrdə qrup üzvləri ilə bərabər Azərbaycanın milli adət-ənənələrini, tarixini, ölkəmizin inkişaf yolunu və ən əsası Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ölkələrinə çatdırırlar. Qrup üzvlərinin başlıca məqsədi azərbaycanlı xanımların dili ilə yaşadıqları ölkələr və dünyanın hər bir ölkəsində səsimizi eşitdirmək və eyni zamanda prezident İlham Əliyevin yürütdüyü xarici siyasəti təbliğ etmək, həmvətənlərimiz arasında birlik və bərabərlik nümayiş etdirməkdən ibarətdir.
Kamalia Ceylinova öz fəaliyyətini daha da geniş arenalara çatdırmaq və ölkəmizin tanıtımını yuxarı səviyyələrdə aparmaq üçün “Azerbaijani Ladies Club”unu Niderland hökumətində rəsmiləşdirərək böyük bir cəmiyyət qurmağa nail olub.
O, bildirib ki, Beynəlxalq “Azerbaijani Ladies Club” cəmiyyəti, Azərbaycan əsilli qadınların diaspora hərəkatı ətrafında daha da sıx birləşməsində böyük rol oynayacaq.
yasamal.tv kollektivi adından həmyerlimizə və onun ətrafında birləşən xanımlarımıza vətən üçün etdikləri fədakarlıq və gördükləri işlərində uğurlar arzulayırıq.
yasamal.tv