Ekspert: “Tələbə 4 semestr xarici dil öyrənir, amma “Azərbaycan iqtisadiyyatı” fənnini yox”

13
????????????????????????????????????
????????????????????????????????????

“Azərbaycanda iqtisad elminin və iqtisadi təhsilin durumu bizləri narahat etməyə bilməz”.

yasamal.tv xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Elşad Məmmədov Cebhe.info-ya açıqlamasında deyib.

O bildirib ki, Prezident İlham Əliyevin effektiv iqtisadi siyasəti Azərbaycana çox böyük rəqabət üstünlükləri gətirməkdədir:

“Bu siyasət milli maraqlarımıza söykənir və Azərbaycan iqtisadiyyatının dayanıqlılığının qorunmasına şərait yaradır. Çünki xarici iqtisadi təsirlərin və şokların hər gün artdığı şəraitdə iqtisadi dayanıqlılığın qorunması olduqca mühümdür. Ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən adekvat siyasət nəticəsində bunun şahidi oluruq. Amma bununla yanaşı, iqtisad elmi və iqtisadi təhsil ölkədə həyata keçirilən iqtisadi siyasətə öz töhfəsini verməlidir. Həmçinin, metodoloji bazanın hazırlanmasında iştirak etməlidir. İqtisadi təhsil və iqtisad elmi ölkə hökumətinə, onun iqtisadi blokuna və bank sektoruna müvafiq nəzəri əsaslar təqdim etməlidir. Zənnimcə, biz bu istiqamətdə çox böyük boşluqların olduğunu qeyd etməliyik. Tədris planları və proqramlarından tutmuş ədəbiyyat siyahısına qədər çox böyük boşluqların olması göz qabağındadır. Prezident tərəfindən 2014 və 2015-ci illər müvafiq olaraq Sənaye və Kənd təsərrüfatı İli elan olunub. Azərbaycanda iqtisadi təhsilin flaqmanı olmalı olan İqtisad Universitetində isə kənd təsərrüfatı sənaye üzrə ixtisaslaşmış kafedralar ləğv edilir. Əlavə dəyərin sənaye və kənd təsərrüfatı olmadan yaratmaq mümkündürmü? İqtisadiyyatın şaxələnməsi, qeyri-neft, qeyri-xammal sektorunun inkişafı müvafiq elmi, nəzəri metodoloji bazanın ali məktəblərə, elm və təhsil ocaqlarında generasiyası olması dayanıqlı şəkildə mümkün olacaqmı? Bəs iqtisadi təhsil və iqtisad elmi öz tətbiqi effektini aidiyyəti dövlət qurumlarına necə tədqim edəcək?”

Ekspert bakalavr səviyyəsində dünya iqtisadiyyatı ixtisasının ləğvini də tənqid edib:

“Doktorantura və dissertanturaya qəbulda bu ixtisas var. Yəni bakalavr pilləsində tədris olunmayan ixtisas üzrə doktorant və dissertant necə yetişdirilə bilər? Eyni zamanda, dünya iqtisadiyyatı ixtisası ləğv olunanda beynəlxalq ticarət və və logistika ixtisası yaradıldı. Məgər dünya iqtisadiyyatı sadəcə beynəlxalq ticarət və logistikasından ibarətdir? Bəs beynəlxalq və transsərhəd maliyyə hərəkəti? Bunlar keçmədən dünya iqtisadiyyatındakı prosesləri öyrənmək olmaz. Dünya tədiyyə balansının əsas istiqamətlərindən biri maliyyə hərəkəti ilə bağlıdır. Əgər biz bunu ali məktəblərə və elm ocaqlarında tədqiq etməsək, beynəlxalq iqtisadi münasibətləri təhlil edə bilmərik. İqtisadi təhsillə bağlı çox ciddi suallar var. Təəssüflər olsun ki, bu istiqamətdə geniş fikir mübadilələri aparılmır. Məntiqsiz yanaşmalar irəli sürülür. Məsələn, universitet müəlliminin hazırlıq səviyyəsi hansısa beynəlxalq bazalara daxil olan jurnalda məqaləsinin çıxması ilə ölçülür. Araşdırmaq lazımdır ki, həmin məqalələri jurnallarda yerləşdirən müəllimlərin apardıqları tədqiqatlar barədə ölkə daxilində hansısa ictimai və ya dövlət qurumları məlumatlıdırmı? O müəllimlərin mövzuları hansısa ölkədaxili lokal miqyasda belə araşdırılıbmı? Ümumiyyətlə, kimlərə təqdim olunub və ya harada bu barədə müzakirə aparılıb? Hesab edirəm ki, Azərbaycanda iqtisad elminin inkişafı, iqtisadi ideyaların iqtisadi siyasətlə bağlı təkliflərinin generasiyası ilk növbədə Azərbaycan Dövlət İqtisad Universitetində aparılmalı idi. Amma bu istiqamətdə ölkə və dünya iqtisadiyyatında baş verən çox mürəkkəb proseslərlə bağlı son illər ərzində İqtisadi Universitetinin generasiya etdiyi hansısa bir təhlil məzmunlu materiala rast gəlmədim. Ümumiyyətlə, İqtisad Universiteti də bu barədə heç bir təklif irəli sürmür. Hansısa tədbirlərin keçirilməsi və ya şəkillərin çəkilməsi ilə iqtisad elmini və iqtisadi təhsili inkişaf etdirmək mümkün deyil”.

Elşad Məmmədovun sözlərinə görə, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üçün ilk növbədə kafedaraları formalaşdırmaq lazımdır:

“Yəni inkişafın təmini üçün elmi-nəzəri bazanı yaratmalıyıq. Bu olmayan yerdə dayanıqlı şəkildə iqtisad elminin və iqtisadi təhsilin inkişafından danışmaq olmaz. Bu istiqamətdə də ölkəmizdə müsbət dəyişikliklərin olmasının şahidi olmağımızı çox istəyərəm. Ümid edirəm ki, iqtisad elmi və iqtisadi təhsil ölkə Prezidenti tərəfindən həyata keçirilən siyasətlə adekvatlıq təşkil edəcək. Həmçinin, “Azərbaycan iqtisadiyyatı” seçmə fəndir, amma tələbə 4 semestr xarici dil oxuyur. Azərbaycan iqtisadiyyatının seçmə fənn olduğu sistemdə ölkə iqtisadiyyatına lazım olan kadrlar necə yetişdirilə bilər? Yəni elə çıxır ki, bu fənni həmin tələbələr keçə də bilər, keçməyə də. İqtisadçı olacaq tələbə 4 semestr xarici dil keçməlidir, amma “Azərbaycan iqtisadiyyatı” fənnini keçməyə də bilər”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin