Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər.
yasamal.tv xəbər verir ki, gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov çıxış edərək deyib:
– Hörmətli cənab Prezident.
Hörmətli Mehriban xanım.
İlk olaraq, vaxt ayırıb bizi qəbul etdiyiniz üçün Sizə təşəkkürümüzü bildiririk. Məlumat üçün bildirmək istəyirik ki, Azərbaycan nümayəndə heyəti bu Oyunlarda ən böyük nümayəndə heyəti ilə – 282 idmançıdan əlavə, məşqçi, texniki, idman heyəti ilə yanaşı, media və rəsmi nümayəndələrlə birlikdə 484 nəfərlə təmsil olunurdu. Sizin avqustun 9-da Konyada Atletlər kəndində bizim idmançılarla görüşünüz idmançılarımıza əlavə stimul oldu və nəticədə 99 medal qazandılar. Onlardan 29-u qızıl, 36 gümüş, 34 bürünc olmaqla, 55 ölkə arasında 4-cü yerdə qərarlaşdıq.
Cənab Ali Baş Komandan, açılış mərasimində Azərbaycan nümayəndə heyəti stadiondan keçərkən, bayrağımız açılarkən 42 minlik insanın coşqu ilə bayrağımızı alqışlaması qardaş ölkənin qalib ölkənin bayrağını alqışlamağı idi. Bu hissləri bizə yaşatdığınız üçün Sizə təşəkkürümüzü bildiririk.
Nümayəndə heyətimiz böyük olduğu üçün bizə ayrıca bina ayrılmışdı. Ancaq o da kifayət etməmişdi və digər binanın bir hissəsi də bizə ayrılmışdı. Bizim idmançılar 150-dən çox otaqda yerləşmişdi. Çox xoş haldır ki, təhvil-təslim vaxtı bizim 150 otaqdan heç birində ən kiçik problem belə olmamışdır. Bu isə bir daha bizim idmançıların intizamının göstəricisidir. Fürsətdən istifadə edib onlara da təşəkkürümüzü bildirmək istəyirik.
Çox sağ olun, cənab Prezident. Təşəkkürümü bildirirəm.
x x x
Prezident İlham Əliyev: Sağ olun.
x x x
Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov deyib:
– Hörmətli Prezident.
Hörmətli Mehriban xanım.
Mən də İslam Oyunlarında iştirak edən bütün məşqçilər adından Sizə dərin təşəkkürümü bildirirəm. Çünki bilirsiniz ki, idmançı medal qazananda bütün alqışlar idmançının, hər hansı bir uğursuzluq olanda isə ən böyük günahkar məşqçilər olur. Amma buna baxmayaraq, biz öz işimizi həmişə vüqarla, qürurla davam etdiririk. Çox sağ olun ki, bizə belə şərait yaratmısınız. Çünki məşqçinin ən böyük şəraiti onun idman bazasıdır.
Siz gənclərlə görüş keçirəndə Sizə sual verildi ki, hansı idmanı xoşlayırsınız? Siz üzgüçülük dediniz. Mən də indi ən dəbdə olan bir idman növünün nümayəndəsi kimi demək istəyirəm ki, 2015-ci ildə keçirilən Avropa Oyunlarında bizim üçün yaratdığınız böyük Su İdman Sarayına görə Sizə şəxsən təşəkkürümü bildirirəm. Bütün üzgüçü idmançılar ailəsi adından Sizə təşəkkür edirəm. Çünki həmin o idman bazasının sayəsində artıq Azərbaycanda üzgüçülük doğrudan da sürətlə inkişaf etmişdir. Bunun göstəricisi olaraq, 2017-ci ildə biz dəvət edilmiş idmançılarla medal qazanmışdıqsa, 2015-ci ildə tikilmiş hovuza ilk qədəmlərini qoyan idmançılar – öz idmançılarımız artıq bu yarışda uğurlarımıza öz töhfələrini verdilər. İyun ayında Rumıniyanın Buxarest şəhərində keçirilən Avropa çempionatında bizim idmançımız Ramil Vəlizadə bürünc mükafata layiq görüldü. Bu da tarixi bir hadisədir. Bütün bunlara görə öz adımdan və bütün məşqçilər adından Sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.
x x x
Voleybol üzrə beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov deyib:
– Cənab Prezident.
Hörmətli Mehriban xanım.
Bizimlə görüşünüz biz hakimlərə Sizin ən dəyərli hədiyyənizdir. Sizin yaratdığınız şərait sayəsində bu gün bizim beynəlxalq dərəcəli hakimlərimiz Azərbaycan Respublikasını beynəlxalq arenada, Avropa, dünya çempionatlarında, Olimpiya Oyunlarında, həmçinin müxtəlif miqyaslı yarışlarda layiqincə təmsil edirlər. Eyni zamanda, gənc nəsildən ölkəmizi beynəlxalq miqyasda təmsil edən hakimlər yetişdiririk. Bütün bu nailiyyətlərin qazanılmasına səbəb Sizin rəhbərliyinizlə biz idmançılara, məşqçilərə, hakimlərə, bütün idman ictimaiyyətinə göstərilən diqqət və qayğıdır. Mən bütün hakimlərin adından Sizə təşəkkürümü bildirmək istəyirəm.
Diqqətinizə görə çox sağ olun.
x x x
V İslamiadanın sərbəst güləş yarışlarının qızıl medalçısı Hacı Əliyev çıxış edərək deyib:
– Cənab Prezident, mən də öz adımdan və bütün idmançılar adından Sizi salamlayıram. Bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları uğurlu nəticə əldə etdilər. Bayaq qeyd etdiyiniz kimi, 29 qızıl, 36 gümüş və 34 bürünc medal qazandıq. Ümumilikdə isə biz 99 medal qazandıq. Mən bir güləşçi kimi qeyd etmək istərdim ki, güləşçilərimiz bu Oyunlarda öz güclərini bir daha sübut etdilər. Beş il əvvəl Bakıda keçirilən İslamiadada qazandığımız nəticəni, belə deyək ki, təkrarladıq və biz 23 medal əldə etdik. Bunlardan 8-i qızıl, 8-i gümüş və 7-si bürünc medal idi. Ümumilikdə sərbəst güləşçilərimiz ikinci, yunan-Roma və qadınlardan ibarət yığma komandalarımız isə birinci oldular.
Cənab Prezident, hər dəfə böyük yarışlardan gəldikdən sonra bizi qəbul etməyiniz, nəticələrimizlə yaxından maraqlanmağınız doğrudan da bizi sevindirir. Bu, bizə böyük stimul verir. Biz bu diqqət və qayğı nəticəsində hər zaman çalışırıq ki, uğurlar əldə edək. Bizi qarşıda böyük yarışlar gözləyir. Ən böyük hədəfimiz isə bayaq dediyiniz kimi, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır. Mənə elə gəlir ki, idmançılarımız Oyunlara yaxşı hazırlaşırlar və inşallah, yaxşı nəticələr göstərəcəklər.
Cənab Prezident, gələcək işlərinizdə Sizə uğurlar arzulayıram. Allahdan Sizə və ailənizə cansağlığı diləyirəm. İnşallah, hər zaman Azərbaycan belə böyük qələbələr qazanar. Diqqətinizə görə təşəkkür edirəm.
x x x
Prezident İlham Əliyev: Sağ ol.
x x x
Bədii gimnastika üzrə milli komandamızın üzvü, İslamiadanın qızıl və gümüş medalçısı Güllü Ağalarzadə çıxış edərək deyib:
– Hörmətli cənab Prezident.
Hörmətli Mehriban xanım.
Sizi və bütün iştirakçıları salamlayıram. Mən bədii gimnastika üzrə milli komandanın üzvüyəm. Bildiyiniz kimi, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Gimnastika Federasiyasının idmançıları 8 qızıl, 7 gümüş və 2 bürünc medal qazanmışdır. Biz bu qələbəyə görə çox sevinirik. Əlbəttə ki, əldə etdiyimiz bütün bu nailiyyətlər, cənab Prezident, Sizin və Mehriban xanımın dəstəyi sayəsindədir. Bu dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Onu da qeyd etmək istərdim ki, avqustun 26-sı Mehriban xanımın ad günüdür. Mən bütün idmançılar adından Mehriban xanımı ürəkdən təbrik edirəm.
Vurğulamaq istəyirəm ki, V İslam Həmrəyliyi Oyunlarında məşqçilər, hakimlər, tibb işçiləri, həmçinin idmançılar – hər kəs bir-birinə daim dəstək oldular. Müstəqil bir ölkənin idmançıları kimi, cənab Prezident, Sizin yürütdüyünüz düzgün siyasət bizi daim qələbə qazanmağa ruhlandırdı. Əlbəttə, ümid edirəm ki, gələn İslam Həmrəyliyi Oyunlarında məhz bu yolla gedərək, daha gözəl qələbələrə imza atacağıq. Biz fəxr edirik ki, belə ölkənin vətəndaşlarıyıq. Çox sağ olun.
x x x
Prezident İlham Əliyev: Sağ olun, əziz dostlar, əziz idmançılar, idman mütəxəssisləri. Bir daha sizi ürəkdən təbrik edirəm və yeni qələbələrə doğru irəli!