Son 20 ildə Türkiyə vətəndaşları Ermənistanda 72 daşınmaz əmlak alıblar.
yasamal.tv xəbər verir ki, bu barədə Ermənistanın Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin rəhbəri Sparlamentdə jurnalistlərə açıqlamasında deyib.
“Səhv etmirəmsə, 2002-ci ildən Türkiyə vətəndaşları tərəfindən daşınmaz əmlak alqı-satqısı ilə bağlı 72 əməliyyatımız olub. Onların əksəriyyəti mənzillər, digər hissəsi isə kiçik ictimai obyektlərdir”, Tovmasyan deyib.
Onun sözlərinə görə, Ermənistan qanunvericiliyi istənilən ölkənin vətəndaşlarına respublikada daşınmaz əmlak almağa icazə verir. Yeganə əngəl odur ki, gərək həmin ərazinin kənd təsərrüfatı dəyəri olmasın.
O qeyd edib ki, Azərbaycan vətəndaşlarının iştirakı ilə daşınmaz əmlakla bağlı əməliyyatlara gəlincə, bütün müddət ərzində 5-6 belə hal qeydə alınıb. Azərbaycanlıların Ermənistanda obyektləri necə alması ilə bağlı suala cavab olaraq İrəvan rəsmisi bildirib ki, bu şəxslər ölkəyə giriş sənədi alıblar. Bu isə adətən müxtəlif səbəbdən öz ölkəsini tərk etmiş əcnəbilərə verilir. Belə sənəd onlara ölkə ərazisində daşınmaz əmlak almaq imkanı verir.
O, daşınmaz əmlakın türklər və azərbaycanlılar tərəfindən hansı dövrlərdə daha aktiv şəkildə alındığını söyləməkdə çətinlik çəkib. Tovmasyan son aylarda hər iki ölkədən olan şəxslərin ən çox daşınmaz əmlak almağa başladığı barədə şayiələri qəti şəkildə təkzib edib.