Avqust ayının 9-dan etibarən “Turan Tovuz” Futbol Akademiyasında seçimlərin ikinci mərhələsinə start verilib.
Akademiyanın koordinatoru Adil Şükürov seçimlərin necə keçdiyi və akademiyanın ümumi fəaliyyəti ilə bağlı Fanat.Az-a danışıb.
– Akademiya sistemində yeni futbolçulara baxış bütün mövsüm boyu davam edir. Kütləvi şəkildə keçirdiyimiz seleksiyanı demək olar ki, yekunlaşdırmışıq. Hazırda seçilmiş uşaqların sənədləşdirmə işlərini tamamlamaq üzrəyik. Qeyd etmək istərdim ki, seçimlərdə iştirak edən futbolçuların bəziləri ilk dəfədir ki, klubda oynayacaq. Bu uşaqlar əvəllər Bakıda və ya digər şəhər və rayonlarda ödənişli futbol klublarında məşq ediblər.
– Seçimlər əsasən neçə yaş qrupu üzrə gedir?
– Seçimləri bütün yaş qrupları üzrə apardıq. Lakin onu qeyd etməliyəm ki, akademiyada qalacaq uşaqları 14 yaş və üzəri nəzərdə tutmuşuq. Kiçik yaş qrupları üzrə olan uşaqların daha çox valdeyn qayğısına ehtiyacı olduğunu nəzərə alaraq bu qənaətə gəldik. Hazırda akademiyada 17,16,15,14 yaşlı uşaqların təhsili ilə bağlı işlər aparılır.
– Yeniyetmə və gənc futbolçuların valideynləri ümumiyyətlə futbola necə yanaşır, akademiyaya cəlb olunan övladlarının nəaliyyətləri ilə maraqlanırlar?
– Bəzən valideynlərin yanaşmasına təəccüblənirəm. Bəzi valideynlər fikirləşir ki, uşaq futbolla məşğul olarsa, təhsildən kənarlaşmalı və yalnız futbolla məşğul olmalıdır. Əslində isə bu, belə deyil. Futbolçu ilk növbədə məşqçilər tərəfindən verilən tapşırıqları düzgün yerinə yetirmək üçün savadlı və götürümlü olmalıdır. Bizim isə məqsədimiz klubumuzda olan bütün futbolçulara ilk növbədə Vətənə, valideynlərə sevgini, oynadığı kluba sadiqliyi, cəmiyyət içərisində hər kəsə qarşı mehriban davranışlarını aşılamaqdır.
– Akademiyada mütəxəssis çatışmazlığı varmi?
– Akademiyamızda A, B ,C kateqoriyalı məşqçilərimiz var. Amma bütün Azərbaycan futbolunda olduğu kimi böyük çatışmazlığımız futbolçuların fiziki durumlarına elmi yanaşma ilə nəzarət edəcək mütəxəssisimizin yoxluğudur. Müasir futbolda bu, çox vacib bir amildir. Tovuzdan olan 2 gənc və yetənəkli məşqçilərimizi bu yöndə istiqamətləndirmişik. Biri əsas komandada köməkçi-məşqçi olan Xəyal müəllim, digəri isə akademiyamızda çalışacaq Ruslan müəllimdir. Lakin qeyd etdiyim kimi, bu sahədə elmi biliklərin olması çox vacibdir. Gələcəkdə bu məşqçilərin savadlanması və təcrübə qazanması üçün klub rəhbərliyi onları daha təcrübəli klublara göndərməyi planlaşdırır.
– “Turan Tovuz”un baş məşqçisi Rövşən Babayev sizin akademiyada gördüyünüz işi yüksək qiymətləndirir. Yeni mövsümdə “Turan Tovuz”un əsas heyətinə neçə futbolçu verəcəksiniz?
– Klub strateqiyasına uyğun olaraq Tovuzdan və regionlardan akademiyamıza cəlb etdiyimiz uşaqların futbolçu kimi püxtələşməsində əsas komandamızın bu uşaqlara verdiyi diqqət və üstünlük çox vacibdir. Bunu da klubun rəhbərliyi Rövşən müəllimin timsalında görməkdədir. Rövşən müəllim mütəmadi olaraq akademiyamızdan olan futbolçuları əsas komandaya cəlb edərək uşaqların inkişafında danılmaz əməyini göstərir. Biz akademiya məşqçiləri və rəhbərliyi olaraq bu futbolçuları lazımı səviyyəyə çatdırıb əsas komandaya getməsini təmin edirik. Burada vacib olan amillərdən biri də bu futbolçuların əsas komandaya getdikdən sonra ordakı təcrübəni qazanmaq üçün lokomativ olaraq digər akademiya yoldaşlarını da arxasınca aparmasıdır. Daha vacib məqamlardan biri də akademiyada inkişaf edən futbolçuların hər biri üçün əsas komandada şans qazanmalarıdır ki, bunda da komandanın baş məşqçisi Rövşən Babayev davamlı olaraq bizə yardımçı olur. Bildiyiniz kimi, “Turan Tovuz” akademiyasında böyük yaş qrupu U-17 komandamızdır. Buradan isə əsas komandaya gedə biləcək uşaqların sayı bir o qədər çox olmur. Lakin buna baxmayaraq Rövşən müəllim bu uşaqları zaman-zaman məşqlərə cəlb edərək onlara dəstək olur.
Xatırladaq ki, “Turan Tovuz” klubunun nəzdində fəaliyyət göstərən futbol akademiyasının binası FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunub.