Mənəvi etik normalar haqqında xaricdə yaşayan azərbaycanlı həkimlər tərəfindən panel diskussiyası keçirilib.
yasamal.tv xəbər verir ki, xaricdə yaşayan Azərbaycanlı mütəxəssislər bu dəfə çox mühim bir mövzu üzrə təlim keçirtdilər. Tibbi deontologiya (yunanca deon, deontos — borc, müvafiq + logos — elm) tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi-etik normalar toplusudur. Bu təlimin maraqlı tərəfi ondan ibarətdir ki, mütəxəssislər mövzu üzrə Avropa, Rusiya və BƏƏ təcrübələrini Gəncə tibb kollecinin tələbələri ilə bölüşdülər. Birləşmiş Ərəb Əmirliklərindən Dr. Sabrin Əli Əzim t.ü.f.d ağız və üz-çənə cərrahı qeyd etdi ki : “ «Borc» problemi — tibbi etikanın əsas problemlərindən biridir və hər zaman tibb sənəti öz humanist dəyərlərindən irəli gələrək bəşəri, siniflərdən kənar etik normalar daşımışdır — xəstə insana kömək, onun əziyyətinin azaldılmasına çalışmaq dəyişməz olaraq qalmışdır.
Fransadan t.ü.f.d. Dr. Sənubər Kərimova vurğuladı ki, tibb işçisi xəstə sirrini saxlamalıdır və ümumiyyətlə subordinasiya qaydalarına riayət etməlidir. Rusiyadan Azərbaycanlı həkim və hüquqşunas Dr. Nailə Abdullayeva “Ölüm problemlərin bioetik cəhətləri və meyit orqanların transplantasiyası” mövzusunda geniş təqdimatla çıxış etdi.
Təlim sual-cavab və diskussiya şəklində keçdi. Təlim 3 saata yaxın davam etməsinə baxmayaraq iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Bu təlimdə eyni zamanda Azərbaycandan ginekoloq Dr. Ahdab Ali Azim və ABŞ-nın Texas uşaq xəstəxanasının pediatrik otorinolarinqoloqu Dr. Yusif Haciyev və Günel Səfərova, PhD iştirak edirdilər. Fransanın “ALİM” Elmi Assosiasiyasının təsisçisi və Fransadakı Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi, i.ü.f.d. Günel Səfərova qeyd etdi ki, layihə bütünlüklə “Alim” elmi assosiasiyasının fəaliyyət istiqamətinə uyğundur və koordinator olaraq onu vurğuladı ki, məqsədi Fransada Azərbaycanlı alimlər ilə müştərək elmi layihələr ərsəyə gətirmək və onları daima dəstəkləməkdir. Bu, həm də qürurverici bir haldır ki, Xaricdə yaşayan həkimlər məhz Azərbaycandakı gənc tibb tələbələrinə təlim keçirlər.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin layihələr və tədbirlər üzrə mütəxəsisi Şabanzadə Elnurun dediyinə görə bu cür təlimlər Azərbaycandakı gənc tələbələrə müxtəlif ölkələrdən olan təcrübələr barədə ətraflı məlumat almağa imkan yaradır. Təlimin sonunda tələbələr həkimlərə təşəkkür edərək təlimdən çox razı qaldıqlarını bildirdilər.
Qeyd edək ki, İyul ayından başlayan bu layihə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyi, i.ü.f.d. Dr. Günel Səfərova – Fransanın “ALİM” Elmi Assosiasiyasının rəhbəri , t.ü.f.d, ağız və üz-çənə cərrahı Dr. Sabrin Ali Azim Birləşmiş Ərəb Əmirliyində yaşayan “Azərbaycanlı qadınlar assosiasiyasının” təsisçisi və rəhbərivə Kəmalə Ceylinova – “International Azerbaijani Ladies Club”ın rəhbərinin birgə təşkilatçılığı ilə həyata keçir. Bu layihə Gəncə tibb kollecinin tələbələri üçün hazırlanıb. Məqsəd Müxtəlif ölkələrdə çalışan Azərbaycanlı həkimlərin beynəlxalq meyarlı təcrübələrinin Azərbaycandan olan gənc tibb tələbələri ilə bölüşməkdir. Layihə əsasən müalicə işi və stomatologiya ixtisaslarını əhatə edir.
Avqust ayının sonuna qədər davam edən təlimlərdə layihənin birinci hissəsində iştirak etmiş həkimlərlə yanaşı Rusiyadan Dr.Mirzəyev Tural, ABŞ -dan Dr.Yusif Haciyev və Dr.Parisa Foroughi asl, Fransadan Dr.Ülviyyə Əlizadə, Almaniyadan Dr. Pərviz Rəhimli, Dr.Şəlalə Qasımova və Dr.Valeh Mirzəbəyli , Türkiyədən Dr. Pərvin Bağırova kimi peşəkar həkimlər də onlayn formatda təcrübələribi bölüşəcəklər. Növbəti təlimlərdə Xaricdə Tibbi təhsil , Tibbi lisenziya, İş imkanları, Deontologiya, İnfeksiya nəzarəti və stomatologiya ixtisasına aid digər mövzular əhatə olunacaqdır. Eyni zamanda Dr. Ahdab Ali Azim əməliyyatların aparılmasının canlı yayımda paylaşmasını da planlaşdırır.