
Bu gün “Neftçi” komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
yasamal.tv-ın məlumatına görə, Yunanıstanın Pirey şəhərində keçiriləcək görüşdə rəqib “Olimpiakos” olacaq. “Georgios Karaiskakis” stadionunda gerçəkləşəcək qarşılaşmanı portuqaliyalı referi Joao Pinyeyru idarə edəcək.
“Neftçi” Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayıb. “Ağ-qaralar” Gürcüstanın “Dinamo” (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib – 2:1. “Olimpiakos” isə birbaşa bu mərhələdən çıxış etməyə başlayacaq.
Görüşü stadionun ümumi tutumunun 80 faizi qədər – təxminən 26 minədək tamaşaçı izləyə biləcək. Bu, Yunanıstan hökumətinin müvafiq qərarından və 1,5 ildən sonra azarkeşlərin iştirakı ilə ilk görüş olacaq.
Cütün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində “Mura” (Sloveniya) – “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə Avropa Liqasının III təsnifat mərhələsində “Malmö” (İsveç) – HİK (Finlandiya) cütünün uduzan tərəfi ilə görüşəcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
23:00. “Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan)
Hakimlər: Joao Pinyeyru, Tyaqu Koşta, Pedru Ribeyru, Qustavo Fernandes Korreya (hamısı Portuqaliya)
Pirey, “Georgios Karaiskakis” stadionu.