ABŞ-ın Kabildəki səfirliyi, qoşunları geri çəkilənədək qeyri-müəyyənlik şəraitində avqust ayının sonuna qədər fəaliyyətini davam etdirəcək.
yasamal.tv xəbər verir ki, ABŞ-ın Əfqanıstandakı səfirliyinin “Twitter” hesabında paylaşılmış açıqlamasında bildirilir ki, Kabildəki səfirlik açıqdır və açıq qalacaq: “Prezident Baydenin göstərişinə əsasən, Əfqanıstan hökuməti və xalqı ilə birlikdə apardığımız bir sıra işləri həyata keçirmək üçün Kabildə güclü diplomatik iştirakımızı davam etdirəcəyik. Səfirliyi bağlamaq planımız yoxdur. ABŞ səfirliyi davamlı olaraq gözlənilməz halları və insanlarımıza olan riskləri azaltmaq üçün yollar planlaşdırır. Əfqanıstanda işləyərkən təhlükəsizlik məsələlərindən xəbərdarıq və bu məsələləri həll etmək üçün mövcudluğumuzu tənzimləyəcəyik”.
“Wall Street Journal”-ının yazdığına görə, bu, ABŞ rəsmilərinin ölkədəki təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən Kabildəki səfirliyin təcili təxliyə planını gücləndirdiklərini açıqladıqdan sonra baş verib. Bu hazırlıqlar ABŞ-ın Əfqanıstandan çıxması çərçivəsində həyata keçirilir. Ekspertlər inanır ki, Taliban və Əfqanıstan qüvvələri arasında artan toqquşmalar ölkənin daxili müharibəyə başlaması qorxusunu artırır. Bu həftənin əvvəlində Taliban mülki və hərbiçi olmayan xarici vətəndaşların, diplomatların, səfirlik və humanitar təşkilatların işçilərinin onlar tərəfindən hər hansı bir təhlükəsizlik problemi və ya təhdidlə qarşılaşmayacaqları ilə bağlı bəyanat yayıb.
Lakin CNN bildirir ki, Taliban hərəkatının parçalanmış xarakterini nəzərə alsaq, bu bəyanatı şübhə altına almaq üçün səbəblər var. (azpolitika.info)