“Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasiləni səmərəli keçirmək istəyirdik. Buna görə də əvvəlcə MOİK, ardınca isə bugün “Sabah”la yoxlama oyunu keçirdik. Bizim kimi “Sabah”ın da əsas heyət üzvlərinin bir çoxu milli komandaların heyətində yer almışdı. Bununla əlaqədar akademiyamızın perspektiv vəd edən bir neçə gənc futbolçusunu əsas komandaya cəlb etmişdik”.
yasamal.tv xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov “Sabah”a uduzduqları yoxlama matçını (2:3) şərh edərkən deyib.
“Oyuna gəlincə isə maraqlı 90 dəqiqə izlədiyimizi düşünürəm. Təbii ki, məğlub olmağı istəməzdik. Xırda səhvlərin nəticəsində qapımızda qollar gördük. Lakin, meydanda olanların akademiyanın yetirmələri, Premyer Liqa təcrübəsi olmayan gənclər olduğunu düşünsək, təəssüflənməyə dəyməz. Gənclərin bu cür oyunlarla təcrübə qazanacağına inanıram. Artıq milli komandalarda olan futbolçularımızın qayıtmasını gözləyib, tam şəkildə “Neftçi” ilə oyuna hazırlaşacağıq. Aprel ayında demək olar ki, sıx qrafiklə oynayacağıq, ona görə də hər bir futbolçumuzun formada olmağı bizim üçün vacibdir” – deyə o bildirib. (qol.az)