“Yeniliklər YAP-ın yenilənməsini zərurətə çevirmişdi” – Politoloq

11

“İdarə Heyətində yeni nəsil tanınan və tanınmayan siyasətçilərin rəhbərliyə gətirilməsi daxili atmosferin zənginləşməsinə xidmət edəcək”.

yasamal.tv xəbər verir ki, bu sözləri politoloq Yusif Bağırzadə Yeni Azərbaycan Partiyasının VII qurultayının nəticələrini şərh edərkən deyib.

Politoloqa görə, qurultayın keçirilməsi zəruri idi və bunu zəruri edən çoxsaylı səbəblər var. Ümumilikdə Qurultaydan sonra YAP-ın daha fəal olacağı heç bir şübhə doğurmur:

“YAP-ın VI qurultayının keçirilməsindən üç il ötürdü. YAP-ın Nizamnaməsinin qəbul olunmasından isə xeyli müddət keçib, bu müddət ərzində YAP daha da böyüyüb və ciddi irəliləyişlər əldə edib. Həmçinin Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Eləcə də ötən 3 il ərzində Prezident və parlament seçkiləri keçirilib. Eləcə də keçən dövr ərzində Azərbaycanda genişmiqyaslı islahatlar aparılıb ki, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Məhz baş verən bu yeniliklər YAP-ın yenilənməsini zərurətə çevirmişdi.

Qurultayı əhəmiyyətli edən digər bir məqam isə YAP sədri, prezident İlham Əliyevin çıxışında qarşıya qoyulan vəzifələrlə bağlı oldu. Prezident növbəti dəfə yeni dövrdə siyasi dialoqun daha da dərinləşdirilməli olduğunu qeyd edərək bildirdi ki, ümummilli məsələlərdə hər hansı bir fikir ayrılığı ola bilməz. Dövlət başçısı siyasi dialoqun davamında maraqlı olduğunu, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti olduğunu vurğulayıb”.

Yusif Bağırzadə bildirib ki, qurultayda qarşıya qoyulan vəzifələr sırasında məqsədyönlü və prinsipial xarici siyasət kursunun davam etdirilməsi, ölkənin maraqlarının və mənafelərinin qorunması, bütün ölkələrlə əməkdaşlıq mühitinin inkişaf etdirilməsi və daha müasir və güclü ordu quruculuğu istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub:

“Bununla yanaşı, ümummilli məsələlərin həllində vahid platformanın təmin edilməsi, inhisarçılığa son qoyularaq özəl sahibkarlığın inkişaf etdirilməsi də ölkəmizin gələcək inkişafı baxımından olduqca vacib vəzifələr kimi qəbul olunmalıdır. Düşünürəm ki, Qurultayın nəticəsi olaraq QHT sektorunda, siyasi-ictimai və mədəni mühitdə formalaşmış yeni adların İdarə Heyətində yer alması, yeni nəsil tanınan və tanınmayan siyasətçilərin rəhbərliyə gətirilməsi daxili atmosferin zənginləşməsinə xidmət edəcək. Qurultay həmçinin köhnə və yeni nəsil siyasətçilər arasında balansın qorunması, yeni dövrə ağrısız keçidin təmin edilməsi baxımından ideal düstur təqdim edə bildi. Partiya yeniləndi, eyni zamanda qurucularla yeni nəsil arasında rabitə itirilmədi, Veteranlar Şurası yaradıldı. Bütün bu sadalalanlardan sonra Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP-ın daha fəal olacağı, qarşıda duran vəzifələri daha fəal icra edəcəyi heç bir şübh doğurmur”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin