Elnur Rüstəmov: “Nə qədər cəmiyyətdə insanlar bir-birinə qarşı soyuq, münasibətləri pis olacaqsa…”
Son bir neçə gündür ki, intiharların statistikasında özünü binadan atanların sayı artıb. Fevralın 18-də 20 yaşlı Sevil Atakişiyevanın özünü hündürmərtəbəli binadan atmaqla intihar etməsinin ardından daha bir neçə bu cür intihar hadisəsi yaşandı. Belə ki, 4 gün sonra Bakının Zabrat qəsəbəsində orta yaşlı bir qadın özünü binadan ataraq intihar edib. Qadın elə yerindəcə həyatını itirib.
Bəs son zamanlar intiharın bu formasının artmasının səbəbi nədir? Xüsusən də gənclərin bu cür intihar formasına meylli olması diqqət çəkir.
20 yaşlı Sevil Atakişiyevanın intiharı cəmiyyətdə geniş müzakirələrə yol açdı. İntiharın ilginc detallarından biri isə odur ki, gənc qız intihar etdiyi çoxmərtəbəli binada yaşamırmış. İntihar qərarını verdikdən son həmin binaya gəlib, mühafizəçiləri aldadaraq, binaya qalxıb. Beləliklə, son günlərdə intiharın bu formasının yayılması diqqət çəkir.
Psixoloq Elnur Rüstəmov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Əslində bununla bağlı dəqiq fikir söyləmək çətindir, çünki hər bir hadisənin özünün səbəbləri və motivi olur. Nəzərə almaq lazımdır ki, bu gün yaxınları intihar edən şəxs haqqında danışanda deyirlər ki, ”əhvalı yaxşı idi, özünü çox yaxşı hiss edirdi” və sairə. Lakin araşdıranda görürük ki, şəxs çox qısa zaman çərçivəsində intihar qərarı verib. Yəni burada səbəblər müxtəlifdir”.
Psixoloqun sözlərinə görə, intihar hadisələrinin kökündə daha çox insanın narahatlıqları durur: “İntihar insanın bir etirazıdır – kimisi özünə, kimisi cəmiyyətə və yaxud kimisi ailəyə qarşı. Yəni bu bir etiraz fomasıdır, amma geri dönüşü olmayan bir forması. İntihar edənlərin xüsusiyyətlərinə baxanda görürük ki, xüsusi bir amil olmur. Lakin hər bir intihar nələrəsə bağlı olur. Statistikaya baxanda Azərbaycan intihar göstəricilərinə görə dünya ölkələri arasında ən aşağı yerlərdə dayanır. Səhv etmirəmsə, bu baxımdan ölkəmiz 170-ci yerdədir. Lakin hər bir halda, intiharların artması ilə bağlı həyəcan təbili çalınmalı, onların səbəbləri araşdırılmalıdır. Tutaq ki, əgər maddi asılılıq, valideyn övlad arasında problem yaşanırsa, ailə daxilində konflikt və sairə narahatlıq varsa, bu istiqamətdə profilaktik işlər aparılmalıdır. Xüsusən qeyd etmək istərdim ki, əgər insanlar yaxınlarının, övladının, həyat yoldaşının, dostunun narahat olduğunu görürsə, intihar haqqında fikirlər söylədiyini müşahidə edirsə, tədbir görməlidir. Bəzən bu cür hallarla qarşılaşanda deyirlər ki, ”deyir də, heç nə etməz”. Amma məsələyə bu formada, adi yanaşmaq olmaz. Narahatlıq varsa, mütləq məsələyə reaksiya vermək, problemə aydınlıq gətirmək lazımdır. Bilmək lazımdır ki, bu adamın narahatlığı nədədir. Həmçinin uğursuz nəticələnən intihar hadisələri zamanı da, tutaq ki, köməklik ediblər, insan ölümdən xilas olub, həmin insanlara mütləq şəkildə reabilitasiya keçilməli, psixoloji dəstək göstərilməlidir. Son zamanlar bizə müraciət edən pasiyentlər arasında uğursuz intihar edənlərə rast gəlirik. Söhbət əsasında ortalığa çıxır ki, bir qismi ümidsiz vəziyyətdə olur və ani qərarla intihar etmək istəyir. Sual verəndə ki, “peşmansan?” deyir ki, “bəli, peşmanam”, “bir daha etməyi düşünürsən?”. Cavab verir ki, “xeyr””.
Elnur Rüstəmov qeyd etdi ki, intihar hadisələrinin mətbuatda, sosial şəbəkələrdə geniş işıqlandırılması yolverilməzdir: “Bir psixoloq kimi intihar hadisələrinin geniş müzakirəsinin tərəfdarı deyiləm. Çünki müzakirəyə çıxarılanda məsələ mahiyyətdən uzaqlaşır və müxtəlif istiqamətlərə gedir. Bu zaman problem öz həllini tapmır, əksinə, bizi bu məsələdən uzaqlaşdırır. Dəfələrlə qeyd etmişik ki, intihar hadisəsi hansı formada sosial şəbəkədə, mətbuatda işıqlandırılırsa, bir həftə ərzində həmin formada intiharlar artır. Çünki burada şüuraltı imitasiya baş verir. Xatırlayırsınızsa, bir neçə il öncə intihar edənlərin bir qismi gedirdi metronun ”Koroğlu” stansiyasının yaxınlığındakı körpüdən özünü atırdı. Niyə orada? Məgər intihar üçün başqa yer yox idi? Çünki həmin vaxt məhz o istiqamətdə intihar xəbərləri geniş işıqlandırılırdı. Nəticədə həmin körpü nəzarətə götürüldü və orada intihar hadisələri yaşanmadı. İndi də özünü hündür mərtəbədən atmaqla intihar etmə “dəbi” başlayıb. Yəqin ki, bilirsiniz, hündür mərtəbədən özünü atan qız həmin binada yaşamayıb. Sadəcə, qərar verib və gedib özünü çoxmərtəbəli binadan atıb. Bu məsələ ilə bağlı sosial şəbəkələrdə xeyli müzakirələr getdi, müxtəlif fikirlər səsləndirildi. Amma hər birimiz həmin an gənc qızın hansı hisslər keçirməsindən xəbərsizik. Biz baş verən intihara münasibət bildiririk. Lakin onun düşüncələrini tamam bilə bilmərik. Bəzən görürük ki, müzakirələr zamanı məsələ tamamilə öz mahiyyətindən uzaqlaşıb və hər kəs israrla öz fikrinin doğru olduğunu bildirir. Məsələn, gənc qızın intiharı ilə bağlı tamamilə bir-birinə zidd olan müxtəlif fikirlər səslənir. Fakt budur ki, bir gənc qız dünyasını dəyişib, onun ailəsi də mənəvi cəhətdən ölüb. Gedən müzakirələr on gündən sonra bitəcək, yəni olan həmin qıza və ailəyə oldu. Mən də sosial şəbəkədə həmin gənc qızla bağlı yazışmalara rast gəldim ki, “həyatın, yaşamağın bir mənası qalmayıb” və sairə. Görünür ki, insan daxili böhran, narahatlıq keçirib. İnanıram ki, zamanında ona dəstək göstərilsəydi bu intihar baş verməzdi. Lakin bir daha qeyd edirəm ki, bu elə bir məsələdir ki, ona birmənalı fikir bildirmək çox çətindir. Burada yazılanın nə dərəcədə doğru olduğu, həqiqətən qızın özü tərəfindən yazıldığını da dəqiq bilmirik”.
Elnur Rüstəmov müəyyən təhlükəli internet oyunlarının intiharların sayının artmasına təsir göstərməsindən də söz açıb: “Bu məsələ indi o qədər də aktual deyil. Bir müddət aktual oldu, yeniyetmələr arasında intihar səbəblərinin sırasında “mavi balina” və bu kimi digər internet oyunlarının təsiri də göstərilirdi. Lakin artıq bu məsələ ilə bağlı cinayət işi açılıb, yəni ciddi nəzarət olunur”.
Psixoloq intiharların qarşısının alınması yönündə öz tövsiyələrini də bildirib: “Bu cür intiharların qarşısını almaq üçün biz insanlar mütləq bir-birimizə qarşı diqqətli olmalı, hörmətlə yanaşmalı, bir-birimizi dinləməyə, anlamağa çalışmalıyıq. İctimai barış bu intiharların qarşısını alacaq. Nə qədər cəmiyyətdə insanlar bir-birinə qarşı soyuq, münasibətləri pis olacaq, bu halda əlbəttə ki, depressiya da, problemlər də, onun fonunda intiharlar da çox olacaq. İnsanın həyatda yaşama səbəbi olmalıdır. Əgər yaşamağa bir səbəbi varsa, o bütün şəraitdə yaşayamağa çalışacaq. Məsələn, bu gün ömürlük həbs cəzasına məhkum edilmiş insanlar var. Axı onlar intihar etmir. Həmçinin ağır xəstə olan insanlar var, hansı ki, bilir ki, onun yaşamaq şansı azdır, lakin intihar etmir, yaşamaq istəyir. Çünki onun yaşama səbəbi var. Ağır şəraitdə yaşayan insanlar da var, onlar intiharı heç ağıllarının ucundan belə keçirmirlər. Bu, mənəvi bir şeydir. İnsanın yaşama səbəbi, ailəsi, uşağı, işi, dostları olmalıdır.
Dində də Allah intiharı günah buyurur. Yəni Allahın sənə verdiyi bədənə qəsd edirsən. Beləliklə, hər birimiz ətrafımızdakılara, yaxınlarımıza, doğmalarımıza qarşı həssas olmalı, qayğıkeş yanaşmalıyıq”.