Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilir.
yasamal.tv-ın xəbərinə görə, təklif edilən dəyişikliyə əsasən, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.
Hazırda bank əmanətləri “Əmanətlərin sığortalanması haqqında” Qanun əsasında yaradılmış əmanətlərin sığortalanması sistemi vasitəsilə icbari qaydada sığortalanır və bankların defolt halında Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunur.
Məlum olduğu kimi, Mülki Məcəllə 2000-ci ildə qüvvəyə minib və qanunvericilikdə əmanətlərin icbari sığortalanmasına dair tələb müəyyən edildikdən sonra nəzarət zərfi dövlətə məxsus banklar üzrə Azərbaycan dövlətinin subsidiar (əlavə) məsuliyyəti aradan qaldırılmayıb.
Öhdəliklər üzrə subsidiar məsuliyyəti müəyyən edən Mülki Məcəllənin 453-cü maddəsinə əsasən “Əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.”
Göstərilənləri nəzərə alaraq, Mülki Məcəllənin 950.1-ci maddəsində Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılması üzrə subsidiar məsuliyyət haqqında müddəanın çıxarılması təklif olunur.