“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun İspaniya “Vilyarreal”ı ilə Türkiyənin istanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək oyunu öncəsi Heydər Əliyev Aeroportunda jurnalistlərin suallarını cavablandırıb.
yasamal.tv report.az-a istinadən həmin müsahibəni təqdim edir:
– Qrupun favoriti ilə oyuna yollanırsınız. Komandada ümumi vəziyyət necədir? Qarşıdakı matçdan nə gözləyirsiniz?
– Oyuna hazırlaşmağa elə çox vaxtımız yoxdur. Sadəcə, futbolçularla birlikdə rəqibin matçlarına baxıb analiz etmişik. Sabah və oyun günü səhər məşqimiz olacaq. Heyətlə bağlı müəyyən problemlərimiz var. Bəzi futbolçularımızın oynayıb-oynamamaq məsələsi sual altındadır. Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedevin ayağında ağrılar var. Dünən məşqi yarımçıq tərk etdi. Bu gün də məşqə çıxmayıb. Mahir Emreli komanda ilə cəmi 2-3 məşq edib. 100 faiz əsas heyətdə olmayacaq. Son durumuna sabahkı məşqdən sonra aydınlıq gələcək. Rəqibin adı, oynadığı çempionat fərqli olsa da, baş məşqçi amili böyük önəm daşıyır. Hamımız bilirik ki, Unai Emeri fərqli mütəxəssisdir.