Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

10

Oktyabrın 19-da Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Latviya Seymində Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri ilə onlayn formatda görüş keçirdilər.

yasamal.tv xəbər verir ki, videokonfransı Latviya Seymində Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Romans Naudinş açaraq öncə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırdı. Ümid etdiyini bildirdi ki, tezliklə hərbi vəziyyət bitəcək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, qaçqın-köçkünlər öz tarixi yurdlarına qayıdacaq və Azərbaycan torpaqlarının işğalına son qoyulacaq.

 

Görüşdə Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov Ermənistanın ölkəmizə qarşı ardı-arası kəsilməyən hərbi təcavüzləri, bu il iyulun 12-də Tovuz bölgəsinə hücumu, sentyabrın 27-də yenidən Azərbaycanın dinc yaşayış məskənlərini atəşə tutması barədə məlumat verdi. Ölkəmizin məcburən əks-hücuma keçdiyini və hərbi əməliyyatları öz torpağında, beynəlxalq hüquq normaları çərçivəsində apardığını bildirdi.

 

1993-cü ildən indiyədək BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın son günlərdə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə iki dəfə raket zərbəsi endirərək dinc əhalini qətl etdiyini, mülki infrastrukturda böyük dağıntılar törətdiyini diqqətə çatdırdı. Ermənistanın təxribatları, ölkənin maddi imkanlarını dəfələrlə üstələyən hərbi texnikası barədə Latviya deputatlarına ətraflı məlumat verən səfir Cavanşir Axundov vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu ola bilməz, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcəkdir.

 

Videokonfransda Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov Latviya Seymi deputatlarının dəstəyini yüksək qiymətləndirdi. 27 sentyabrda hücuma keçən Ermənistan hərbi-siyasi rəhbərliyinin təxribatçılıq fəaliyyətini təsnif etdi. Latviyalı həmkarlarının diqqətinə çatdırdı ki, Ermənistan rəhbərliyi çirkin məqsədlərlə mövcud durumu din amili ilə bağlamağa cəhd etdi; döyüşlərdə Azərbaycan tərəfdən xarici muzdluların, daha sonra isə Türkiyənin iştirakını iddia etdi; Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını hərbi əməliyyatlara cəlb etmək məqsədilə Gəncəni Ermənistan ərazisindən bombalayaraq ölkəmizi adekvat cavab verməyə təhrik etməyə çalışdı; nəhayət, baş nazir Nikol Paşinyan qondarma “Dağlıq Qarabağ Respublikasını” tanıyacaqlarını bəyan etdi.

 

Bütün arqumentlərini konkret faktlarla əsaslandıran Kamran Bayramov işğal altında olan Azərbaycan torpaqlarındakı dini, mədəni abidələrin yerlə-yeksan edildiyi halda, Bakının mərkəzində erməni kilsəsinin qorunduğunu, ölkəmizdə bütün xalqların nümayəndələrinə  hörmətlə yanaşıldığını, Azərbaycanın multikultural dəyərlərə üstünlük verdiyini söylədi.

 

Onlayn görüşdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının münaqişəyə münasibəti barədə fikirlərini açıqladı. Qeyd etdi ki, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan kilometrlərlə uzaqda yerləşən şəhər və qəsəbələri, kəndləri hədəfə alması Cenevrə Konvensiyasının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktıdır, müharibə cinayətləridir.

 

Rasim Musabəyov cəmi 150 min nəfər əhalisi olduğunu iddia edən separatçı “Dağlıq Qarabağ Respublikasının” nəhəng hərbi texnikaya malik olmasının bir çox suallar doğurduğunu diqqətə çatdırdı. Vaxtaşırı ermənilərə pulsuz verilən silah-sursatın və hərbi texnikanın maddi dəyəri barədə məlum faktları sadaladı.

 

Videokonfransda iştirak edən Latviya deputatlarından Vitaliys Orlovs, Aleksandr Krişteyns, Armands Krauze, İnessa Ikstena bölgəmizdəki vəziyyətlə əlaqədar fikirlərini bölüşdülər, işin əslini – həqiqətləri öyrəndiklərinə görə razılıq ifadə etdilər. 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün Avropa Birliyi siyasətçilərinin də kifayət qədər səy göstərmədiyini, hadisəyə ikili standartlarla yanaşıldığını qeyd etdilər. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğuladılar.

 

Söhbət əsnasında ermənilərin Xocalıda törətdiyi soyqırımı da yada salındı. Bildirildi ki, əks-hücum əməliyyatı aparan Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə və 30 ildən bəri qaçqın-köçkün vəziyyətində yaşayan soydaşlarımızın doğma ocaqlarında yaşamaq hüquqlarını bərpa etməyə çalışır.

 

Videokonfransı yekunlaşdıran Latviya Seymində Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Romans Naudinş bugünkü informasiya mübadiləsinin çox səmərəli olduğunu bildirdi. Humanitar atəşkəs elan olunduqdan bir neçə saat sonra Gəncəni bombalayan Ermənistanın mövqeyinin qəbuledilməz olduğunu vurğuladı. Qeyd etdi ki, beynəlxalq hüquqa əməl etməyən Ermənistan kimi dövlətlərə qarşı beynəlxalq qurumlar və siyasətçilər tərəfindən sərt mövqe nümayiş etdirilməlidir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin