Hamiləlik və doğuşdan sonrakı dövr qadın və ailəsi üçün çox çətin dövrdür. İşləyən qadınlar həyatlarının bu dönəmini daha çətin keçirirlər. Bunu nəzərə alan qanunvericilik işləyən analar üçün bəzi güzəştlər və imtiyazlar verib. Bəzən belə qadınların əmək qanunvericiliyi ilə malik olduqları hüquqları bilməməsi onların əmək hüquqlarının pozulması ilə nəticələnir. Bəs qanunvericilik hamilə qadınlara və azyaşlı uşağı olan analara hansı imtiyazlar və güzəştlər verir? Xatırladaq ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II hissəsində göstərilir ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Lakin həm beynəlxalq konvensiyalar, həm də milli qanunvericilik əmək münasibətləri sahəsində kişi və qadınlara münasibətdə bəzi istisnaları nəzərdə tutur və bu istisnaların ayrı-seçkilik kimi başa düşülməməsini müəyyən edir. BƏT-in “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” 111 nömrəli Konvensiyasına görə spesifik tələblərə əsasən, müəyyən illərdə fərq qoyulması, qadağa, yaxud üstün tutma ayrı-seçkilik sayılmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Eyni məzmunlu normalar “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanununda da öz əksini tapmışdır. Qeyd olunan qanunun 3-cü maddəsinə görə qadınlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş güzəştlər, imtiyazlar və əlavə təminatlar ayrı-seçkilik hesab olunmur. Bu cür “müsbət” ayrı-seçkilik qadının fizioloji xüsusiyyətlərindən, analıqla bağlı öhdəliklərinin daha layiqincə yerinə yetirilməsi zərurətindən və s. irəli gəlir. Vəkil Rövşən Qasımov qeyd edib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi üzrə qadınların əmək hüququnun həyata keçirilməsində təminatları sistemi müəyyən olunub. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bir qismi bütünlüklə qadınların əməyinin tənzimlənməsi məsələlərinə həsr edilib. Bu normalar analığın mühafizəsi, reproduktiv sağlamlığın qorunması, cinsi funksiya, həmçinin valideynlik vəzifələrinin həyata keçirilməsi üçün qadın orqanizminin fizioloji xüsusiyyətlərinin istehsal zərərlərindən müdafiəsi üçün lazım olan əmək güzəştlərini nəzərdə tutur: “Əmək Məcəlləsinin tələbinə görə hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının fərqli xüsusiyyətlərini müəyyən edir. Hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. Əlbəttə, norma özlüyündə kifayət qədər humanist olsa da, onun icrasına nəzarət etmək, işəgötürənin, məhz hamiləliyin və 3 yaşına çatmayan uşağın olması səbəbilə bağlı olmadığını sübut etmək bir qədər çətindir. Qadınlar üçün əmək münasibətlərində üstünlüklər nəzərdə tutulub. Belə ki, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanılarkən, onlara sınaq müddəti müəyyən edilmir. Hamilə və üç yaşına çatmamış uşağı olan qadınların fizioloji və psixoloji vəziyyəti işçinin peşəkarlıq səviyyəsinə, müvafiq əmək funksiyasını icra etmək bacarığına mənfi təsir göstərir, analıq vəzifəsilə əlaqədar müəssisə daxili intizam qaydalarına yüksək səviyyədə riayət etməyə, öz bilik və bacarıqlarını tamlıqla ifadə etməyə bilər. Odur ki, qanunun bu mövqeyi kifayət qədər ədalətlidir”.
Onun bildirdiyinə görə, qadınlar üçün nəzərdə tutulmuş digər bir imtiyaz işdə saxlanmaqda üstünlük hüququnun müəyyən olunmasıdır. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların, əsgər və zabitlərin arvadlarının işdə saxlanmasına üstünlük imtiyazları anaların və uşaqların sosial müdafiəsi, ailəyə, o cümlədən hərbçi ailələrinə dövlət qayğısını ifadə edir: “İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınlarla, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərlə, öhdəsində sağlamlıq imkanları məhdud olan 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi (müəssisənin ləğvi halları istisna olmaqla) qadağandır. Ailə vəzifələrinin icrası əmək funksiyasının məzmununa, o cümlədən əmək məhsuldarlığına, işin keyfiyyətinə, işçinin işə davamiyyətinə mənfi təsir göstərməsi inkarolunmaz faktdır. Ailə vəzifələri olan bu işçilər, hətta ştatlar ixtisar edildikdə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə, işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqanının qərarı olduqda, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində özünü doğrultmadıqda işdə saxlanılırlar. Bundan başqa, hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün qısaldılmış iş vaxtı tətbiq edilir. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır (maddə 91). Qısaldılmış vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr və peşələr üzrə işləyən işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilir. Həmçinin “Avropa Şurasının sosial sahədə fundamental sənədi olan dəyişdirilmiş Avropa Sosial Xartiyasının 8-ci maddəsinə əsasən, işləyən qadınların analığının qorunması hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə tərəflər hamilə qadınların, yaxın vaxtlarda doğmuş və uşaqlarını əmizdirən anaların yeraltı mədənlərdə və təhlükə, sağlamlıq və ağırlıq baxımından yararlı olmayan digər işlərdə işləməsini qadağan etmək və belə qadınların əmək hüquqlarını müdafiə etmək üçün müvafiq tədbirləri həyata keçirmək öhdəliyini götürürlər. Lakin təhlil göstərir ki, həm “Analığın mühafizəsi haqqında” 183 nömrəli Konvensiyanın, həm də Avropa Sosial Xartiyasının 8-ci maddəsinin məqsədi analığın qorunması üçün təminatları müəyyən etməkdir. Bu normalarda məqsəd analığın qorunması üçün mexanizmlər və prosedurlar yaratmaqdır. Hazırda BƏT-in 45 nömrəli Konvensiyası qüvvədədir və dəyişdirilməmişdir. Odur ki, qadınlar üçün qadağan olunan iş yerlərinə münasibətdə 45 nömrəli Konvensiyanın mövqeyi əsaslıdır və AR ƏM də bu mövqeyi təsbit edir”.
Vəkil bildirib ki, qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması qanunvericiliklə tənzim olunub. Azərbaycan Respublikasının Əmək Məcəlləsinintələbinə əsasən hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərüməsinə yol verilmir. Məcəllənin tələbinə əsasən 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir: “AR ƏM hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsini tənzimləyir Qadınlar başqa yüngül işə keçirilərkən, onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır. Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması qadağandır. Bu normalar, bilavasitə analığın qorunması və ailə öhdəliklərinin icrası üçün imkanlar yaratmağa yönəlmişdir. Eyni zamanda, Uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) attestasiya olunmurlar. Uzun müddət əmək fəaliyyətindən uzaqlaşmaq və ailə vəzifələrinin icrası işçinin peşəkarlıq vərdişlərini azaldır. Attestasiyanın məqsədi isə işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına və sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaqdır. Bu mənada, qanunverici sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan işçiləri bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilərə bərabər tutur və attestasiya olunmaqdan azad edir”.
Hüquqşünas Rövşən Qasımov.