Nikahdan kənar doğulan uşaqlar, hüquqlar, vəzifələr

54


Ölkəmizdə rəsmi, qeyri-rəsmi və ya vətəndaş nikahı deyilən anlayışlar var. Azərbaycan Respublikasının qanunverciliyinə görə tanınan rəsmi dövlət nikahıdır. Lakin insanlar qeyri-rəsmi nikahlarına, və ya vətəndaş nikahları ilə yaşamaqla kifayətlənirlər. Bu cür nikahlar gələcəkdə böyük problemlərə səbəb olur.
Uşağın doğumu bioloji hadisə olmaqla, həm emosional hal kimi, həm də yeni hüquq və vəzifələr doğuran hadisə kimi dəyərləndirilir. Belə ki, uşağın doğumu ilə onun adından və atadan mənşəyi mütləq şəkildə müəyyən olunmalıdır. Bu müəyyənlik şərti gələcəkdə uşaq üçün doğum haqqında şəhadətnaməsinin alınması və uşağın tələbatlarını qarşılamaq məqsədilə atadan tutulmalı olan aliment məbləğinin məhkəmə tərəfindən təyin olunması üçün əhəmiyyət daşıyacaq.
Ümumiyyətlə, uşağın mənşəyi iki şəkildə müəyyən oluna bilər: könüllülük qaydasında və məhkəmə qaydasında. Uşağın atadan mənşəyi, yaxud atalıq isə qadının vəziyyəti ilə, yəni uşağı doğan qadının nikahda olması və ya olmaması ilə əlaqədardır.
Uşağın anadan mənşəyi, yaxud analıq uşağın tibb müəssisəsində doğulmasını təsdiq edən sənəd əsasında, doğum tibb müəssisəsindən kənarda baş tutduğu halda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bunların heç biri olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Analığın təsdiq olunması uşağın nikahdan və yaxud nikahdankənar doğulması ilə əlaqədar deyil. Çünki hər iki vəziyyətdə uşağın anadan mənşəyi yuxarıda əks olunmuş hallar nəticəsində asanlıqla müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 166.2-ci maddəsində isə qeyd olunur ki, doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs müvafiq icra hakimiyyəti orqanına müraciət edir. AR AM-in 47.1-ci maddəsində məhkəmə qaydasında analığın müəyyən olunmasının əhəmiyyəti xüsusilə vurğulanmışdır. Belə ki, uşağın anası qismində yazılmış başqa şəxsin dövlət qeydiyyatına alınmasına dair səhvlər yalnız məhkəmə tərəfindən həll oluna bilər.
Həm yerli, həm də beynəlxalq qanunvericiliyə əsasən, , əgər atalıq müəyyən edilibsə nikahdan kənar doğulmuş uşaqlar rəsmi nikah ilə doğulan uşaqlarla eyni hüquqlara malikdirlər. Yəni, əgər atalıq müəyyən edilibsə, ana uşağın saxlanılması üçün atadan aliment tələb edə bilər. Həmçinin, nikahdan kənar doğulan ana atadan vərəsəlik hüququna malikdir. Əgər uşağın atası könüllü olaraq deydiyyat idarəsinə gedib nikahdan kənar doğulan uşağın atası olmasına dair ərizə vermirsə , artıq iş məhkəmə çəkişməsinin predmeti olur. Ən böyük problemi atalığın müəyyən edilməsi ilə bağlı olur. Atalığın müəyyən edilməsi üçün məhkəmə prosesləri aparılır. Bir çox hallarda atalıq verilmir. Eyni atalıq müəyyən edilmədikdə aliment və sair hüquqlar yaranmır. Qeyri rəsmi nikahda olan tərəflərarasında faktiki ailə münasibətləri bitərsə, uşağın maraq və mənafeyi baxımından onun soyad və ata adının verilməsindən başlayaraq aliment, əmlak hüquqları, vərəsəlik və digər hüquqları pozulmuş olur.
Məhkəmə qaydasında atalığın müəyyən olunması üçün qanun aşağıdakı şərtlərin zəruriliyini nəzərdə tutur: a) uşağın valideynləri arasında dövlət qeydiyyatına alınmış nikahın olmaması; b) uşağın valideynlərinin birgə və ya atasının atalığın müəyyən edilməsi haqqında qeydiyyat şöbəsinə ərizəsinin olmaması; c) ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atanın ərizəsi əsasında atalığın müəyyən edilməsinə qəyyumluq və himayə orqanının razılığının olmaması.
Atalığın müəyyən olunmasının məhkəmə qaydasında sübutlar digər əhəmiyyətli hal kimi özünü büruzə verir. Sübutlar qismində atalığın müəyyən olunması haqqında ərizəyə əlavə olunan yazılı və maddi məlumatlar, şahid ifadələri, ekspert rəyləri, tibbi arayışlar və digər mühüm sənədlər çıxış edir. Məhkəmə bütün bu və işlə bağlı digər sübutları nəzərdən keçirməli, zəruri hallarda isə tibbi-məhkəmə ekspertizasının keçirilməsi haqqında qərar qəbul etməlidir.
Məhkəmənin tibbi-məhkəmə ekspertizasının aparılması barədə qətnaməsindən sonra genetik daktiloskopiya və ya genom metodu ilə cavabdeh şəxslə uşaq arasında qan bağının olub-olmaması faktı yüksək ehtimal dərəcəsi ilə müəyyən olunur. Bundan əlavə, ekspertin uşağın mənşəyi barədə rəyi digər sübutlarla bərabər hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinə uyğun olaraq, uşaq dünyaya gəldikdən sonra onun mənşəyi müəyyən edilir.
Uşağın bioloji atasının adı doğum haqqında şəhadətnaməyə yazıldığı andan uşaq müəyyən hüquqlara malik olur: “Uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuşa kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
Ailə Məcəlləsinin 44.2. maddəsinə görə, uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də uşaq nikahın pozulması və ya etibarsız sayılması vaxtından, yaxud uşağın atasının ölümündən sonrakı 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq edilir”.
Ailə Məcəlləsinin 44-cü maddəsinə görə, ana ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə həmin şəxsin ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən edilir.
Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər.
Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər.
Nikahda olmadan dünyaya gələn uşağın hüquq və vəzifələri məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, həmin uşaq rəsmi nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır. Amma doğulan uşağı ata qəbul etmirsə, o, ananın və ya qəyyumunun adında qalırsa, ata uşağına xoşluqla sahib çıxmaq istəmirsə, bunun məhkəmə yolu ilə həll edilmə üsulları var. Yəni qadın istəsə, övladının atasına atalıq haqqında iddia qaldıra bilər. Uşaq nikahdan kənar doğulsa da, onun digər uşaqlar kimi hüquqları var.
Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin maddənin 6-cı bəndinə görə, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Valideynlərin uşaqların tərbiyəsi, onların sağlam mühitdə böyüməsi, təhsil və tərbiyə formalarının seçilməsində ortaq qərara gəldikləri kimi, uşaqlara soyad verilməsi zamanı da valideynlərin qarşılıqlı razılığı əsas götürülür. AR AM-in 53.3-cü maddəsində qeyd olunduğu kimi, uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə isə, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Qanunvericilik bu norma ilə uşağın doğumundan sonra doğum haqqında şəhadətnamədə uşaq haqqında məlumatların onun anası tərəfindən müəyyən edilməsi kimi əlavə bir seçim haqqı da tanınmışdır.
2000-ci il 17 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, 1975-ci il 15 oktyabr tarixli “Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu barədə mühüm müddəaları özündə əks etdirmişdir. 16 maddədən ibarət olan bu Konvensiya milli ailə qanunvericiliyimizin normaları ilə eynilik təşkil edir. Həmin Konvensiyanın 2-ci maddəsinə əsasən, nikahdankənar doğulan hər bir uşağın anadan mənşəyi yalnız uşağın doğulması faktına əsaslanmalıdır. 3-cü maddəyə görə isə, nikahdankənar doğulan hər bir uşağın atadan mənşəyi sübut oluna, könüllü tanınma ilə elan oluna və yaxud məhkəmə qərarı ilə tanına bilər. Konvensiyanın 4-cü maddəsi uşağın atadan mənşəyinin müəyyən edilməsinin könüllülük qaydasından bəhs edir. Belə ki, uşağı tanımaq istəyən və ya tanıyan şəxsin bioloji ata olmadığı hallar istisna olmaqla, daxili qanunvericilikdə bu prosedurlar nəzərdə tutulduğuna görə, atalığın könüllü tanınmasına qarşı çıxmaq və ya mübahisə etmək olmaz.
Azərbaycan Respublikası Vəkillər Kolleiyasının üzvü,
Bakı şəhər 20 saylı Vəkil bürosunun vəkil Rövşən Qasımov.
Əlaqə nomrəsi: 0558576577