Ev Blog Səhifə 3210

“Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək” – Roqozin

yasamal.tv xəbər verir ki, bunu Rusiyanın Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbəri Dmitri Roqozin bildirib. “Biz bütün hallarda kim tərəfindən olur olsun, Ayın özəlləşdirməsinə imkan verməyəcəyik. Bu, beynəlxalq hüquqa ziddir”, – deyə Roqozin vurğulayıb.

O, 2021-ci ildə Aya ilk Rusiya avtomotik missiyasının göndərilməsinin planlaşdırıldığını xatırladıb.

Qeyd edək ki, aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp amerikalılara kosmik resursların, o cümlədən Ayın mənimsənilməsi hüququnu verən fərman imzalayıb. “Roskosmos” o zaman bunu aqressiv və beynəlxalq əməkdaşlığa zərər vuran planlar adlandırıb.(apa)

Salyanda 36 yaşlı qadın intihar edib

Ötən gecə Salyan rayonunda intihar hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, rayonun Kürsəngi kənd sakini, 1984-cü ildə anadan olmuş Bayramova Təranə İsa qızı özünü yaşdıqları evin həyətindəki ağacdan asaraq intihar edib.

2 uşaq anası olan qadının intiharının səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Əhmədov: “İnanırıq ki, ilin sonuna qədər kağız sığorta şəhadətnamələrindən imtina edəcəyik”

– Son dövrlər Azərbaycan sığorta sistemində aparılan islahatlar barədə fikirləriniz necədir?

– Biz İSB olaraq sistemin elektronlaşdırılması ilə əlaqədar çalışmalar həyata keçiririk. Bu çərçivədə İSB-nin sistemində mövcud olan 5 icbari sığorta növü var. Bunlar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, sərnişinlərin icbari fərdi qəza sığortası və istehsalatda bədbəxt hadisələr və peşə xəstəliikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növləridir. Bu növlərin ikisi artıq elektronlaşdırılıb. Bunlardan biri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır. Sistem dünyada da bəyənilməkdədir. Biz beynəlxalq tədbirlərdə də bu barədə öz təqdimatlarımızı etmişik. Azərbaycanda bu növ üzrə penatrasiyanın artıq 100%-ə yaxınlaşdığını görürük. İSB-nin həyata keçirdiyi kompensasiya ödənişlərinin azalması ilə də sığortalılıq həcminin genişləndiyi müşahidə edilməkdədir. Beləliklə, AVSMMİS növü üzrə sığortalılıq həcmi baxımından vəziyyətin qənaətbəxş olduğunu deməmiz mümkündür.

Digər bir məhsul olan İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta növü ilə bağlı səlahiyyətli sığorta şirkətləri həyat sığortası şirkətləridir. Qanunvericiliyin tələblərinə bağlı olaraq işəgötürənlər işçilərinə münasibətdə bu sığorta təminatını almalıdırlar. Bu növ də artıq tam elektronlaşdırılıb. Bu da sığorta bazarında bir yenilik olmaqla işəgötürənlərin çalıımalarının asanlaşdırılması, effektivliyin artması və səhvlərə yol vermədən prosesin həyata keçirilməsi baxımından olduqca önəmlidir. Burda bizim inteqrasiyanı həyata keçirdiyimiz qurum təminatın varlığına nəzarəti həyata keçirməyə səlahiyyətli olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir (ƏƏSMN).

Qurumlarımız arasında inteqrasiya tamamlanıb. Artıq keçən ilin sentyabr ayından Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəliikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta növü ilə bağlı kağız sığorta şəhadətnamələri mövcud deyil. Bu sığorta şəhadətnamələrinin əlavələri də artıq elektron formatda və avtomatik rejimdə İSB və ƏƏSMN arasında olan inteqrasiya sayəsində təmin edilir. Zaman itkisi və potensial problemlərin qarşısının alınması, effektivliyin artması üçün sistemin daim təkmilləşdirilməsi əlbəttə, zəruridir və qurumlar arasında qarşılıqlı çalışma bu gün də aralıqsız olaraq davam etdirilməkdədir.

– Hazırda icbari sığorta növləri üzrə qarşıya qoyulan əsas hədəflər nədən ibarətdir?

– Ölkə rəhbərinin vermiş olduğu tapşırıqlar çərçivəsində 24 yanvar 2020-ci il tarixində baş nazirin yanında keçirilən müşavirədə mühüm tapşırıqlar verildi. Xüsusilə daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası ilə bağlı həm maarifləndirmə tədbirlərinin, həm də elkektronlaşmanın həyata keçirilməsi ilə bağlı tapşırıqlar hazırda icra edilməkdədir. Burda da avtomobillərin icbari sığortasında olduğu kimi effektivliyin əldə edilməsi üçün elektronlaşmanın həyata keçirilməsi vacibdir və müvafiq İqtisadiyyat Nazirliyinin əlaqədar qurumu ilə inteqrasiyanın edilməsi üçün çalışmalarımızı davam etdiririk. Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə həyata keçirilən çalışmalar artıq ilkin nəticələrini verməkdədir.

Məlumatların bölüşülməsi qanunvericiliyin icazə verdiyi çərçivədə ola bilər. Qanun məlumatların ötürülməsini qadağan edirsə, qurumlar arasında məlumatların bölüşülməsi mümkün ola bilməz. ƏƏSMN və Daxili İşlər Nazirliyi ilə olan inteqrasiyalarımız qanunvericiliyin icazə verdiyi çərçivədə həyata keçirilir. Lakin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyətin icbari sığortası ilə əlaqədar inteqrasiyanın edilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklərin olması lazımdır. Bununla da bağlı Mərkəzi Bank çalışmalar edir ki, qanuna müvafiq dəyişikliklər edilsin. Lakin biz bu dəyişiliklər edilmədən də test rejimində müvafiq qurumlarla çalşmalarımızı həyata keçiririk. İnformasiya sistemimizdə tərəfimizdən artıq bütün məsələləri həll etmişik. Vaxta qənaət məqsədilə qanun qəbul edilmədən test rejimində bu çalışmaların edilməsinə başlamağı qərara aldıq və çalışmada əlaqədar qurumlar bizə dəstək verdilər. Çalışmalar həyata keçirilir və inanırıq ki, bu ilin sonuna qədər Azərbaycanda sözügedən beş icbari sığorta növündə kağız sığorta şəhadətnamələrindən tamamilə imtina etmiş olacağıq.

Digər bir sığorta növü sərnişinlərin icbari fərdi qəza sığortasıdır ki, bu növ üzrə də Daxili İşlər Nazirliyi ilə inteqrasiyamız var. Digər qurumlar, xüsusilə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə inteqrasiyanın edilməsi nəzərdə tutulub. Burda penatrasiyanın artması gələcəkdə baş verə biləcək hadisələrin iqtisadi cəhətdən kompensasiya ilə qarşılanması anlamına gəlir. Bu istiqmatdə də çalışmalar davam etdirilməkdədir.

– Əmlakın sığortası ilə bağlı sahibkarlara hansı tövsiyələri verirsiniz?

– Hazırda daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbarı sığortası üzrə toplanan sığorta haqlarının məbləği təqribən 40-50 milyon manat civarındadır. Göstəricinin 200-250 miyon manata qədər artması mümkündür. Məqsədə nail olmaq üçün İSB olaraq elektronlaşma çalışmalarımız davam edir və maarifləndirmə tədbirlərimizi də həyata keçiririk.

Yaxın keçmişdə baş verən yanğın hadisələrinə nəzər salsaq görürük ki, zərərlərin önəmli bir hissəsi daşınar əmlaka dəyir. Daşınar əmlakın sığortası isə icbari deyil. Sahibkarlara tövsiyyəmiz budur ki, könüllü şəkildə daşınar əmlakın da sığortasını etsinlər. Çünki adətən istehsalat və ya ticarət fəaliyyəti ilə məşğul olan daşınmaz əmlaklar icarəyə götürülmüş yerlərdir. İcarəyə götürülmüş daşınmaz əmlaka zərərin dəyməsi icarədardan daha çox əmlak sahibinin problemidir. Bunun tərsi isə daşınar əmlak üçün keçərlidir, belə ki, daşınar əmlaka zərərin dəyməsi sahibkar üçün ağır bir vəziyyəti ifadə etsə də mülkün sahibi üçün daha kiçik bir problemdir. Bu baxımdan, sahibkarlarımızın mallarına və potensial itki ehtimalına qarşı biganə qalmamalarını və təminatın könüllü şəkildə əldə edilməsini tövsiyə edirik.

Daşınar əmlakın sığorta edilməsi sahəsində həssas məqamlardan biri əmlakın rəsmi bir şəkildə mövcud olmasıdır. Əks halda baş verən zərərin ödənilməsi ilə əlaqədar ciddi problemlər ortaya çıxa bilər. Hökumətin şəffaflaşma çağırışına sahibkarlar da riayət etməlidirlər ki, hər hansı bir hadisə baş verəndə ödənişlərini rahat bir şəkildə ala bilsinlər.

Digər problem isə qeyri-yaşayış sahələrində təhlükəsizlik tədbirləridir. Bəzi hallarda müştərilər bildirir ki, sığorta şirkətlərinə müraciət edirik, lakin onlar bizi sığortalamırlar. Düşünürəm ki, problemin detallarına nəzər salmaq yerində olar. Siz sığorta şirkətinin nümayəndəsisiniz və sizə gələn təklif əsasında içində 1 milyon manatdan artıq mal olan bir anbarı sığortalamağa gedirsiz. Anbara baxan zaman görürsüz ki, orda yanğın tədbirləri bərbad vəziyyətdədir, yanğınsöndürən cihaz yoxdur, yanğınsöndürmə maşınının o əraziyə daxil olma ehtimalı çox aşağıdır. Belə olduqda mallara yanğın və digər risklərdən təminat verərsinizmi? Əlbəttə ki, yox. Çünki sığorta şirkətlərinin çalışmalarının əsas səbəbi mənfəət əldə etməkdir. Onlar daha yaxşı riskləri sığortalamaq istəyirlər. Bunun üçün də həmin əmlakda FHN-nin təlimatlarına uyğun hərəkət edilməlidir. Sahibkarların riski yaxşılaşdırmaları lazımdır ki, könüllü təminatın alınması mümkün olsun. Bu gün sahibkarların təhlükəsizliklə bağlı qoyduğu investisiyalar sabah (illərlə) onlara daha ucuz sığorta şəhadətnamələri şəklində geri dönəcəkdir.

İcbari sığortaya gəlincə isə, heç bir sığorta şirkəti müştərini geri çevirmək səlahiyyətinə sahib deyil. Belə halla qarşılaşan müştərilərə tövsiyyə edirik ki, əlaqədar sığorta şirkəti barəsində Mərkəzi Banka şikayətlərini dərhal bildirsinlər.

– Son dövrdə ölkəmizə ayaq açan koronavirus pandemiyası icbari sığorta növlərinə necə təsir edəcək?

– İkinci rübün sonuna Azərbaycanda icbarı sığorta növləri üzrə çox da sərt azalma və ya artımların olacağı gözlənilmir. Avto icbari ilə əlaqədar rəqəmlər göstərir ki, pandemia ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq, bugünə toplam sığorta haqlarının cəmi 32 milyon manat civarındadır və bu 2019 cu ilin müvafiq dövrü ilə müqayisədə cəmi 2 milyon manat azdır. Sığorta müqavilələrinin sayında isə 20 min ədədə yaxın bir azalma müşahidə olunmaqdadır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında hərəkətlərin mülayim olacağını düşünürük. Çünki bu bir icbari sığorta növüdür və xüsusilə pandemiya ilə əlaqədar tədbirlərin yumşalması nəqliyyat vasitələrinin daha çox istifadə edilməsinə səbəb olacaq. Bu da icbari sığortaya olan tələbin azalmış hissəsinin təkrar bərpa edilməsinə səbəb olacaq.

Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarında bu ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 66,6% və 5,3% artım qeydə alınıb. Cari ildə Qanuna müvafiq dəyişiklik və elektronlaşma prosesinin tətbiqi bu iki növlə bağlı sıçrayış ehtimalını ortaya qoymaqdadır.

Pandemiya ilə əlaqədar sığorta şirkətlərinin fəaliyyətinə kəskin bir mənfi təsirin olacağını gözləmirik. Çünki bununla əlaqədar Mərkəzi Bank tərəfindən önləyici tədbirlər də həyata keçirilib. Mərkəzi Bank ayrımalardan imtina etdi, İSB-yə ödənilən üzvlük haqqının 30 sentyabr tarixinə qədər ertələnməsi ilə bağlı bizə tövsiyə verdi. Biz də bu tövsiyəyə uyğun olaraq, üzvlərimiz olan sığorta şirkətlərinə məktub göndərib müsbət rəyimizi bildirdik. İcbari sığorta növləri üzrə təqvim haqlarının ödənişi ilə əlaqədar ertələmələr oldu. Bunlar hamısı önləyici tədbirlərdir. Əminəm ki, bu tədbirlər canlanmanın ortaya çıxmasına xidmət edəcəkdir.

– Daşınmaz əmlakın icbari sığortası ilə bağlı ümumi nəzarət və əmlakın sığorta edilmədiyi halda cərimələrin tətbiqi hansı şəkildə tənzimlənir?

– Daşınmaz əmlakın icbari sığortası ilə əlaqədar qeyri-yaşayış sahələrində nəzarəti Fövqəladə Hallar Nazirliyi (FHN), digələrində isə yerli icra hakimiyyəti orqanları həyata keçirir. Bu istiqamətdə İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə uyğun olaraq cərimə mexanizmini həyata keçirməlidir. Bizim elektronlaşdırma əməliyyatını həyata keçirməmizdən sonra həm FHN, həm də yerli icra hakimiyyəti orqanları əmlakın sığortalı olub-olmamasına daha rahat şəkildə nəzarət edə biləcəklər. Yerli icra hakimiyyəti orqanının nümayəndəsi informasiya sistemində ərazisində hansı daşınmaz əmlakın sığortasının olub-olmadığını görəcək. Sığorta təminatı olmayan daşınmaz əmlakın sahibinin də cərimələnməsi İnzibati Xətalar Məcəlləsinin əmrinə uyğun həyata keçirməlidir.

Yaşayış sahələrində cərimə 30 manat müəyyənləşdirilib. Qeyri-yaşayış sahələrində bu məbləğ 200 manata qədər arta bilər. Çünki burda vəzifəli şəxsin də cərimələnməsindən söhbət gedir. Əgər cərimələnmədən sonra yenə sığorta təminatı alınmırsa, bu halda şəxs 20 gün sonra bir daha cərimə edilə bilər. Atılmalı olan ilk addım sığorta şəhadətlənmələrinin elektronlaşdırılması, ikinci addım isə bizim bu məlumatları müvafiq qurumlarla da bölüşməyimizdir. Nəticədə həmin qurumaların nümayəndələri fiziki təmas olmadan, yəni məmurlarla vətəndaşlar qarşı qarşıya gəlmədən elektron şəkildə lazımi vəziyyətlə tanış olacaqlar. Layihənin 2020-ci il ərzində tamamlaması planlaşdırılmaqdadır.

– Müəyyən səbəblərdən avtomobillərin icbari sığortası sığorta şirkətləri üçün bir o qədər maraqlı növ hesab edilmir. Bu sığorta növü üzrə sığorta haqlarının artırılmasına ehtiyac varmı?

– İcbari sığorta növləri qanunla tənzimlənir. Burada əsas hədəf insanlara dövlətin sosial dəstəyinin ön plana çəkilməsidir. Sığorta şirkətləri daha yüksək mənfəət əldə etmək üçün icbari sığorta növlərindən yox, könüllü sığorta növlərindən yararlanmalıdırlar. Dünyada icbari sığorta növlərindən sığorta şirkətləri böyük mənfəət əldə etmirlər. Çünki tarif dövlət tərəfindən müəyyən edilir və sosial ədalət prinsipi ilə hərəkət edilir.

Zərər nisbətlərinə baxıldıqda AVSMMİS növü mənfəətli növdür. Statistik məlumat bunu deməyə əsas verir ki, sığorta tarifi artırılmamalıdır, artırılacaqsa, bu, sığorta məbləğinin artırılması fonunda baş verməldir.

Qurban bayramının vaxtı açıqlandı

Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramının qeyd ediləcəyi tarix məlum olub.

yasamal.tv xəbər verir ki, ölkəmizdə iyulun 31-i və avqustun 1-i Qurban bayramı qeyd olunacaq.

Bayramla əlaqədar olaraq, həmin günlər qeyri-iş günü hesab olunur.

Sabahın hava proqnozu – 26 may

26 mayda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Mayın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 26-31, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Rusiyada koronavirusa yoluxanların sayı 350 mini ötüb

Rusiyada son sutka ərzində daha 8946 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 353 427 nəfərə çatıb.

Son sutka ərzində 92 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3633 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 118 798 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir. (apa)

İcra Hakimiyyətinin işçisi koronavirusa yoluxdu

Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. 

yasamal.tv xəbər verir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir.(qafqazinfo)

İlham Əliyev Gürcüstanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu göndərib.

yasamal.tv bildirir ki, təbrikdə deyilir:

“Hörmətli xanım Prezident,

Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən xoş arzularımı və səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasındakı yüksək səviyyəli təmaslar, siyasi, iqtisadi və digər sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin səciyyəvi cəhətlərindəndir. Əminəm ki, bu əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə bundan sonra da uğurla davam edəcəkdir.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yaratdığı bu çətin zamanda da Azərbaycan xalqının Gürcüstan xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim rifah diləyirəm”.(azərtac)

Tramp “köhnələrə” qarşı savaş açdı, həbslər gözlənilir – Araşdırma

O, yenidən prezident seçilmək üçün Klinton və Obamanı zərəsizləşdirməyə girişib.

Ərgün Dilər

“Takvim”, Türkiyə, 21 may 2020-ci il

Zirvədə gedən savaşı anlaya bilməsək, ətrafımızda baş verənləri anlamaq şansımız heç yoxdur. Qılınclar çəkilib, silahlar atəş açıb, mübarizə bütün sürətilə davam etməkdədir. Bu atmosferdə önə çıxan şəxs, təbii, ABŞ Prezidenti Donald Trampdır. Bəzilərinə görə, Tramp çox ağıllıdır, bəzilərinə görəsə yox.

Trampın 4 il sonra təkrar “Obamagate” toxumlarını əkməyə başlaması onun nə qədər ağıllı olduğunu göstərir. Belə şərh verən çox adam var. Tramp, “Obamagate”-lə yeni bir dövr başladıb. Çünki bir mərkəzin, bir paytaxtın və ya bir ölkənin yenilənməsi üçün “köhnələr”in təmizlənməsi tələb olunur. Bu fəlsəfə hazırda ABŞ-da canlıdır.

Barak Obama tamamilə boş bir fiqur olaraq Ağ Evə göndərilmişdi. “İlk qaradərili prezident” formulu mənimsəndiyi üçün Obama seçilmişdi. Ağdərili olsaydı, Obamanın heç senator olmaq şansı da yox idi.

Tramp “Obamagate” gedişi ilə, əslində, Klintonları hədəf alıb. Bill Klintona “Deep Clinton” deyən Tramp, Obama vasitəsilə Klinton ailəsinə, oradan Nyu-Yorkdakı 3 ailəyə, son olaraq da FES-ə hücum edəcək. Bu həmlə bütün dünyada gərginliyin artmasına səbəb olmaqdadır.

Əlbəttə, bu qərar Trampın deyil. Ancaq Tramp kimi çılğın birinin prezident olması lazım idi ki, bu yeni dövr başladılsın.

Trampın prezident seçkilərində rəqibi olan Baydeni siyahıya daxil etməsi də təbiidir. Çünki Tramp 2016-cı ildə verdiyi sözü 2021-ci ildə həyata keçirəcək. Məqsəd budur. Trampın yeni kampaniyasının adı əvvəlkini xatırladır. Tramp “Böyük Amerikanın qayıdışı” adını verdiyi seçki kampaniyası ilə bağlı “4 ildə təməllərini atdıq. İndi ikinci bölümə keçirik” dedi.

“Gallup”-ın rəy sorğusuna görə, Trampın prezident seçiləcəyi qətidir. Koronavirus infeksiyası da bu 4 ilin son həmləsi idi. Tramp koronavirus pandemiyası ilə birlikdə çökən iqtisadiyyatları təkrar böyüdən prezident olacaq. Çin tamamilə ABŞ-ın əlində olan oyuncaq halına gətiriləcək. Əlbəttə, Çin buna etiraz edəcək. Ancaq hər bir etiraz halında dozası artan mesajlar görəcəyik. Çinin Təl-Əvivdəki səfiri Du Veyin neytrallaşdırılması “Dərin Amerika”nın nə qədər sərtləşəcəyini göstərən ilk addımdır“Dərin Amerika”nın və Trampın hədəfi belədir.

Təbii, qarşı tərəfin də boş durmayacağını görmək çətin deyil. Çinin daxildə rəqəmsal puldan istifadə etməyə başlaması heç də kiçildiləcək bir həmlə deyil. Bu, Vaşinqton üçün kabusdan da betərdir.

ABŞ istədiyi anda Avropa ölkələrinə və Çinə qarşı embaqo tətbiqi haqqında qərar verdirə bilər. Çin bunu bilir. Ancaq “Dərin Amerika” problemi, səfir Du Vey məsələsində olduğu kimi, nöqtə atışları ilə, səssizcə həll etmək istəyir.

Bir çox ölkədə önəmli iş adamlarına cəzalar kəsilib. Xüsusilə Avropadan olan iş adamları koronavirus pandemiyası ilə birlikdə böyük zərbə alıb. Amerikalı iş adamlarına cəza verilməsindən hələ ki, söhbət getmir. Ancaq onlar üçün də bəzi xəbərdarlıqlar hazırlanıb. Düşüncəsində və atdığı addımlarda Vaşinqtonu nəzərə almayan hər kəs “Dərin Amerika”nın hədəfi olacaq.

Ötən günlərdə çox özəl bir şəxs olan Riçard Qrenell haqqında yazmışdım. Prezident Tramp tərəfindən Milli Kəşfiyyat Şurasının direktoru təyin edilən Qrenell çox önəmli bir siyahı paylaşdı. Siyahıda ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden, FTX-nin sabiq direktoru Ceyms Komi, MKİ-nin sabiq direktoru Con Brennan və Milli Kəşfiyyat Şurasının sabiq direktoru Ceyms Klepperin adı diqqəti cəlb etdi. Bunlar olacaq işlər deyil, amma olur. Adı paylaşılanlar adi adamlar deyil. ABŞ-ı idarə etmiş şəxslərdir. Bu şəxslərin Obamaya yaxın olduğuna eyham vurulsa da, hamısının əmri Bill Klindondan aldığını “Dərin Amerika” bilir. Bu şəxslər kəşfiyyatdakı güclərindən istifadə edərək, “Böyük Amerika” planı quranlara mane olmağı bacardılar.

Orada gedən savaşın tərifi, anlayışı budur. General Maykl Flin ABŞ üçün çox önəmli bir şəxsdir. Ancaq “Dərin Amerika” onu, ən azı, bir neçə il qoruya bilmədi. İndi Maykl Flin üçün çox önəmli bir vəzifə düşünülür.

Bill Klintonun yuxusunun qaçdığı da gizli deyil. ABŞ-da prezidentlik etmiş bir şəxs, yəni, Bill Klinton, hər an evinə basqın olacağı qorxusu ilə yaşayırRiçard Qrenell əlinin Bill Klintona çatması üçün Trampın “Obamagate” gedişini etməsini gözləyirdiİndi Riçard Qrenell “Dərin Amerika” ilə birlikdə çox sərt əməliyyatlar keçirəcək. Çox sürətlə qərarlar alacaq. Ancaq “Dərin Amerika” araşdırmalara əsasən, 20%-i aşan işsizlik səviyyəsinə görə Trampın məsuliyyət daşıyan şəxs kimi görünməməsi üçün addımlarını ağır atır. Əgər amerikan xalqı Trampa qarşı birləşsəydi, Bill Klintonla başlayan prosesdə Barak Obama kimi, ABŞ tarixinin son 20 ilinə damğa vurmuş çox önəmli 50 nəfər siyahı ilə həbs ediləcəkdi. Ən azı, 50 nəfər həbs ediləcəkdi. Bu ehtimal hələ də qalır.

Bəlli ki, əməliyyatın forması və zamanı barədə anlaşma əldə edilmiş deyil. Ancaq daha da irəli gedilib, Obama və Bill Klintonun ingilis agenti kimi ittiham edilməsi üçün sənədlər belə hazırlanıb. Bəli, ABŞ-ın iki sabiq prezidenti üçün agent dosyesi hazırlanıb. Zarafat kimi görünür, lakin zarafat deyil. Hər iki sabiq prezidentin qərarları Londonun istədiyi şəkildə verməsi haqqında bir çox sənəd var. Hətta danışıqlar belə, gizli arxivlərdə gözlədilir. Həqiqətən, “Dərin Amerika” var, ancaq “Dərin Klinton” da varmış. Ağılasığmaz əlaqələri olan Bill Klintonun həyat yoldaşı Hillari Klintondan gizli saxladığı sirrlər o qədər çoxdur ki, “Obamagate” yanmağa başlasa, heç bir şey əvvəlki kimi qalmayacaq.

Bill Klintonun yeganə xəyalı Co Baydenin prezident seçilməsidir. Ancaq Bayden prezident seçilsə belə, Trampın 4 ildə qurduğu özəl idarəçiliyi dəyişdirməsi üçün 4 il lazım olacaq. Yəni, Bill Klintonu qoruya biləcək güc əldə edə bilməsi çətindir.

“Dərin Amerika” Trampın seçilməsini istəməzsə, Bayden seçiləcəkdir. Bunu Bill Klinton da bilir.

MKİ və Gizli Xidmətdə işləyən bir çox agent prezidentin xalq tərəfindən seçilmədiyini bilir. 2000-ci ildə seçki günü gecə Floridada nələrin baş verdiyini bilirik. El Qor Floridada 40 min səs fərqiylə qalib gəlmişdi. Təbii olaraq, prezident də El Qor olacaqdı. Ancaq bir anda Buşun 537 səs fərqi ilə qalib gəldiyi açıqlandı. Yəni, Floridada prezident dəyişdi.

“Dərin Amerika” daim güclü olub. Əlbəttə, qlobal sərmayənin prezidenti olaraq Ağ Evə gedən Bill Klinton və o təşkilat (yəni, qlobal sərmayə – tərc.) da güclüdür. Doğrusu, bu savaşın həm ABŞ-da, həm dünyanın hər bir nöqtəsində yaşanmasının səbəbi də budur. Koronavirus pandemiyası ilə birlikdə, bu iki böyük güc arasındakı savaş final oyununa dönüb.

Bill Klintonun da içində olduğu struktur daim Çini böyütmək, Trampın arxasındakılar isə məhdudlaşdırmaq istədi. Mübarizə bunun üstündədirKoronavirusun yayılmasının da səbəbi budur. Bəlkə də ABŞ və Çin  iki böyük güc olaraq qalacaq, amma gücün sərhəddi məsələsi hələ də savaş səbəbidir. Matç ortadadır. Təsirlənməyən bir adam belə, yoxdur. Doğrusu, ola bilməz də… Hadisələrə belə baxın.

Tərcümə Strateq.az

“Formula 1”: virtual Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

“Formula 1” üzrə virtual dünya çempionatının növbəti mərhələsinin keçiriləcəyi yer müəyyənləşib.

“Playstation 4” oyun konsolunda gerçəkləşdirilən yarışın qarşıdakı Qran-prisi iyunun 7-də Bakı küçələrində təşkil olunacaq.

Bu mərhələ “Formula 1″də cari mövsümün startına, yəni, iyulun 5-dəki Avstriya Qran-prisinədək davam edəcək.

Qeyd edək ki, virtual dünya çempionatının son mərhələsi Monakoda keçirilib. Həmin Qran-prinin qalibi britaniyalı Corc Rassel (“Williams”) olub. Yarışda peşəkar sürücülərlə yanaşı, İspaniyanın “Real Madrid” klubunun belçikalı qapıçısı Tibo Kurtua, İngiltərə “Arsenal”ının qabonlu hücumçusu Pyer-Emerik Obameyanq kimi məşhur futbolçular da qüvvəsini sınayır. (report)

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?