Ev Blog Səhifə 3207

Peskov: “Putin kimlə şəxsən görüşəcəyinə özü qərar verir”

“Rusiya Prezidenti Vladimir Putin kimlə şəxsən görüşəcəyi, kimlə məsafədən danışıqlar aparması ilə bağlı qərarları şəxsən özü qəbul edir”.

Gazeta.ru-nun məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Burada tamamilə şəxsi qərar qəbul edilir. Bu, prezidentin həmsöhbətinin iş qrafikindən, onun əvvəllər nə qədər intensiv və ya daha az sıx təmasda olmasından asılıdır”, – deyə D.Peskov bildirib.(oxu.az)

Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub

Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

yasamal.tv xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4 403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1 532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 276 338 test aparılıb.

“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib

Masallı rayonunda “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

“Report”un Cənub Mərkəzinin əldə etdiyi məlumata görə, hadisə rayonun Yeddioymaq kəndində baş verib.

Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə “Azərişığ”ın əməkdaşlarına atəş açıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hər səhər acqarına bir çay qaşığı zeytun yağı için

Baş kardioloq, türkiyəli professor Timur Timurkaynak Beynəlxalq Zeytun Biçini Günlərində zeytunun yağının məlum olmayan faydalarını açıqlayıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor uzun ömürlü olmağın sirlərini də açıqlayıb:

“Bütün dünyada olduğu kimi, köklük, şəkər və ürək xəstəliyi ölkəmizdə də epidemiya halını alıb. İdmandan uzaq, oturaq həyat tərzi, qeyri-sağlam və emal olunmuş məhsullarla qidalanma xroniki xəstəliklərə zəmin hazırlayır. Halbuki, ürək xəstəlikləri tale məsələsi deyil. Həyat çox rəngli və gözəldir. Biz siqaret çəkən, çəkisinə diqqət etməyən, elmdən uzaq həqiqətlərə inanan və möcüzəvi müalicə üsullarının arxasınca qaçıb öz qərarımıza əsasən təbii hesab etdiyimiz şəkildə qidalanan bir cəmiyyət olmamalıyıq”.

Aralıq – Egey dənizi mətbəxinin insanlar üçün çox faydalı olduğunu deyən Timurkaynak dəbdə olan müxtəlif pəhrizlər haqqında fikirlərini bölüşüb:

“Bu gün bir çox populyar pəhriz görürük, oxuyuruq, eşidirik. Bunlar möcüzəli şeylər vəd edirlər. Lakin tibb ədəbiyyatına daxil olan və elmi baxımdan ömrü uzatdığı, ürək xəstəliyindən qoruduğu təsdiqlənən yeganə bir pəhriz var. O da Aralıq – Egey dənizi mətbəxidir. Tərkibində rəngarəng tərəvəzlər, meyvələr, paxlakimilər, zeytun yağı, balıq, qoz, fındıq və badam olan zəngin mətbəxdir.

Tibb dünyasının ən mötəbər “New England Journal of Medicine” jurnalı hər gün zeytun yağının istifadəsinin ürək və damar xəstəliklərindən qoruduğunu sübut edib”.

Uzun ömürlülüyün sirri – hər gün 1 qaşıq zeytun yağı

Uzun ömürlülüyün reseptini verən professor Timur Timurkaynak hər səhər acqarına bir çay qaşığı zeytun yağı içməyi tövsiyə edib: “Ömrü uzadan yeganə qidalanma tərzi Ağdəniz-Egey mətbəxidir. Bu mətbəx həm köklükdən qoruyur, həm ürəyə faydalıdır, həm də xərçəngin qarşısını alır. Son aparılan araşdırmalarda zeytun yağının Alzeymer xəstəliyinə yol açan beyinə zülal toplanmasını azaltdığı sübut olunub.

1 xörək qaşığı zeytun yağı içərək günə başlamaq ürək, xərçəng və Alzeymer xəstəliyindən qorunmaq üçün ən təsirli üsuldur”.

Bu dərmandan istifadə dayandırıldı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariyaya qarşı tətbiq olunan hidroksixloroxin dərmanı ilə COVID-19-a qarşı aparılan kliniki testləri dayandırıb.

yasamal.tv xəbər verir ki, beynəlxalq təşkilatın rəhbəri Tedros Qebreyesus təhlükəsizlik səbəbindən bu addımın atıldığını bildirib. Onun sözlərinə görə, bu dərmanın COVID-19 ilə əlaqədar təhlükəsizliyi yoxlamaq məqsədilə bir sıra ölkələrdəki testlər müvəqqəti olaraq dayandırılıb. Bu barədə qərar hidroksixloroxinlə müalicədən sonra ölüm hallarının artmasına dair elmi araşdırma dərc edildikdən sonra verilib.

ABŞ-ın Harvard Universitetinin tibb fakültəsinin (Harvard Medical School) və Sürix Universitet Xəstəxanasının tədqiqat qrupu dünyanın müxtəlif ölkələrində 96 mindən artıq pasiyentin məlumatlarını araşdırıblar və bu araşdırma “The Lancet“ ixtisas jurnalında dərc olunub. Tədqiqatçılar araşdırma zamanı hidroksixloroxin və xloroxinin COVID-19 pasiyentlərində heç bir müsbət nəticə vermədiyi barədə nəticə əldə ediblər, əksinə, bu dərmanların bir çox xəstələrdə ölüm riskini artırması müəyyən edilib. Bundan başqa isə bu dərmanların ürək ritminin pozulması riskini artırdığı da bildirilir.

ÜST tərəfindən rəhbərlik edilən beynəlxalq tədqiqatlar çərçivəsində hidroksixloroxin testləri də həyata keçirilir. Bu testlərdə HİV, malyariya, Ebola və dağınız skleroz kimi xəstəliklərə qarşı tətbiq olunan müxtəlif dərmanların COVID-19 qarşı effekti də sınaqdan keçirilir. İki həftədən sonra hidroksixloroxinlə aparılan testlər barəsindən yenidən məsləhətləşmələr keçirilməlidir.(modern.az)

Əliyar Ağayev: “Futbol üçün darıxmışıq, amma əsas sağlamlıqdır”

“Bütün futbol ictimaiyyəti kimi mən də çempionatın bərpa olunmasını istəyirəm”.

Bu fikirləri “Report”a açıqlamasında Azərbaycanın FIFA referisi Əliyar Ağayev koronavirus pandemiyasına görə dayandırılan Premyer Liqada cari mövsümün taleyi barədə danışarkən deyib.

Üçüncü aydır meydanlardan kənarda qaldığını xatırladan 33 yaşlı hakim futbol üçün darıxdığını bildirib. Lakin o, sağlamlığın daha vacib olduğunu vurğulayıb: “Bu, hər şeydən, bütün çempionatlardan önəmlidir. İstənilən qərara hörmətlə yanaşmalıyıq. Avropa çempionatı, Tokio-2020 Yay Olimpiya Oyunları kimi nəhəng turnirlər təxirə salınıb. Bunların özü böyük hadisədir”.

Çempionat bərpa olunsa, mövsümün qalan matçları yay aylarına təsadüf edəcək. Ağayev isti havada oyun idarə etməyin çətin olmayacağını hesab edir: “Onsuz da bizdə çempionatın startı avqustda olur. Bu, Azərbaycanda ən isti ay hesab olunur. Avqustda oyunlar idarə ediriksə, düşünürəm ki, iyun-iyulda da problem olmayacaq. Hesab edirəm ki, çempionat bərpa olunsa, matçlar axşam saatlarında keçiriləcək”.

Təcrübəli referi artıq fərdi məşqlərə başladıqlarını söyləyib: “Düzdür, buna qədər də evdə hazırlaşırdıq. Amma o, bayırdakı qaçışın yerini vermirdi. Çempionat başlasa, əvvəlcə təlim-məşq toplanışı olacaq. Düşünürəm ki, hazır olacağıq”.

Ağayev mayın 15-dəki koronavirus testinin nəticəsini də açıqlayıb: “AFFA-nın binasında hamımızdan qan analizi götürdülər. Həmkarlarımı bilmirəm, amma mənə SMS gəldi ki, analizin nəticəsi mənfidir”.

Gəncədə yol qəzası: ölən və yaralanan var

Gəncə şəhərində avtomobil qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Atabəylər prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2106” markalı avtomobil sürücünün diqqətsizliyi nəticəsində qazıntı işləri aparılmış yol kənarındakı dərin quyuya düşüb.

Qəza nəticəsində avtomobildə olan 30 yaşlı Elmir Məmmədov və 35 yaşlı Fuad Rəcəbov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onlardan F.Rəcəbovun həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb.

Qeyd olunur ki, FHN-in “112” qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda “ВАЗ” markalı minik avtomobilinin dərinliyi təxminən 10-15 metr olan quyuya düşməsi barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Atəşkəs 26 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Nəmirli, Füzuli rayonunun Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Elmar Məmmədyarov Gürcüstan xalqını təbrik edib

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə nazirin gürcüstanlı həmkarı Davit Zalkalianiyə ünvanladığı təbrik məktubunda bildirilib.

E.Məmmədyarov Azərbaycan və Gürcüstan arasında qarşılıqlı anlaşma və müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmətə əsaslanan münasibət və əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib: “İnanıram ki, iki ölkə arasında ənənəvi yaxşı və məhsuldar əməkdaşlıq xalqlarımızın rifahı naminə inkişaf edəcək və güclənəcək”.

Göygöldə yol qəzası: 2 yaralı

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Balçılı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Chevrolet Cruze” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq, bir neçə metr kənara aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?