Ev Blog Səhifə 3394

Nərgizgülü niyə baş ağrısı yaradır?

“Nərgiz zəhərli bitkidir, uzun müddət evdə saxlandıqda baş ağrılarına səbəb olur”.

Bunu həkim-fitoterapevt Elnur Eldaroğlu açıqlayıb.

yasamal.tv e-tibb.az-a istinadən onun nərgiz gülü ilə bağlı açıqlamasını təqdim edir:

Çox yaxşı tanıdığımız şirin qoxulu nərgiz gülünə ingilislər “yaz zanbağı” deyirlər, İranda onu “gənclik ətri” hesab edirlər, Azərbaycanda isə baharın elçisi olaraq bilinir.

Nərgiz sözü yunan dilində “narkao” sözündən yaranıb tərcümədə məst, sərxoş etmək deməkdir. Gülün ətri uzun müddət evdə saxlanarsa, başağrılarına səbəb ola bilir. Parfümeriyada təbii və sintetik yağı geniş tətbiq edilməkdədir. Nərgizin şirəsi zəhərli olduğundan floristlər onu digər güllərlə eyni qabda saxlamırlar, hətta toksiki olduğuna görə onu heyvanlar da yemir.

Hazırda rəsmi təbabətdə tətbiq edilmir, lakin uzun müddət Hippokratın zamanından ta indilərə qədər xalq təbabətində tətbiq edilməkdədi. XX əsrin əvvəllərində Yapon alimləri nərgizdən alınan alkoloidlərin – narsissin, likorin, qalantamin bəzi növ leykozların müalicəsində effektiv nəticə verdiyini təcrübi sınaqdan keçiriblər.

Allergiyası olanlar, hamilələr, südvermə dövründə olan qadınlar, azyaşlı uşaqlara əks göstərişdir. Bitkidən əldə edilən yağ, cövhər, spirtli çıxarış, dəmləmə həkim məsləhəti ilə furunkul, karbunkul, mastit, hemorroy zamanı xaricə istifadə edilə bilir.
Unutmayaq ki, nərgiz zəhərli bitkidir!

Yas adıyla icazə alan 56 nəfər cərimələnib

“Xüsusi Karantin Qaydalarının Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” olan 8103 qısa nömrəsinə yas mərasimində iştirak etmək adı ilə həqiqətə uyğun olmayan və ya yaxın qohumluq statusu daşımayanların yas mərasimlərində iştirak etmək üçün qanunsuz yerə icazələr alaraq epidemiya əleyhinə rejimin tələblərini pozan şəxslər daxili işlər orqanlarının əməkdaşları tərəfindən qısa zamanda müəyyən ediliblər.

yasamal.tv xəbər verir ki, bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər nəticəsində təkcə ötən sutka ərazində paytaxt Bakı və respublikanın ayrı-ayrı rayonlarında bu üsuldan istifadə edərək karantin qaydalarını pozan ümumilikdə 56 nəfərin şəxsiyyəti müəyyən edilib və onlar polis idarə, şöbə və bölmələrinə gətiriliblər. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbirlər görülüb və hər biri 100 manat məbləğində cərimə ediliblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 19-cu maddəsinə əsasən yaxın qohumlar dedikdə nənə-babalar, valideynlər, övladlığa götürənlər, doğma və ögey bacı qardaşlar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr nəzərdə tutulur.

Marsda insanların yaşaması üçün şərait yaradıla bilər

“Bəşəriyyət Marsda süni yaradılmış əlverişli şəraitə malik rayonlarda yaşaya bilər”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Nüvə Planetologiyası şöbəsinin Neytron və Qamma spektroskopiyası laboratoriyasının müdiri Maksim Litvak deyib.

“Marsın kolonizasiyasından başlamaq lazımdır. Çünki insanlar orada tamamilə bütövlükdə bütün planetdə deyil, lokal olaraq süni şəkildə yaradılan şəraitdə yaşaya bilərlər”, – deyə M.Litvak bildirib.

Alimin sözlərinə görə, bəşəriyyət daha sonra Qırmızı planetin hər yerində əlverişli şərait yaradıb-yaratmayacağına qərar verəcək.

“İnsanlar hansısa məqamda Yerə qayıtmamağı arzulaya bilərlər, müvafiq olaraq, bu zaman planeti özlərinə uyğunlaşdırmağa başlayacaqlar”, – deyə M.Litvak söyləyib. (oxu.az)

Bu turizm bələdçiləri yardım alacaqlar – ŞAD XƏBƏR

Azərbaycanda VÖEN-lə qeydiyyatda olan turizm bələdçiləri dövlət tərəfindən birbaşa maliyyə yardımı ala biləcəklər.

yasamal.tv trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov deyib.

Onun sözlərinə görə, bələdçilərin müəyyən hissəsi VÖEN qeydiyyatındadır. “Ancaq VÖEN qeydiyyatında olmayan bələdçilər də var və onların məsələsi bir qədər problemlidir. Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası ilə birlikdə bu kateqoriyadan olan bələdçilərin də sosial vəziyyətinin yaxşılaşdırılması üçün sənəd hazırlamaq istəyir. Bunun mexanizmi hazırlanır”.

M.Muradov əlavə ki, koronavirus pandemiyasından zərər çəkən sahibkar 2019-cu ildə dövlətə ödədiyi vergi qədər maliyyə yardımı alacaq. Dövlətin maliyyə yardımı maksimal 5000 manat olacaq.

Xatırladaq ki, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Yerləşdirmə (hotel), səyahət agentliyi və tur-operator faəliyyəti üzrə məşğul olan sahibkarlara dəstək paketinə əsasən, Dövlət Vergi Xidmətində 79900 iqtisadi fəaliyyət növü üzrə (bələdçi fəaliyyəti Dövlət Vergi Xidmətində “Turizm sahəsində əvvəlcədən sifarişetmə xidmətləri və bununla əlaqədar fəaliyyət” adlı 79900 iqtisadi fəaliyyət növünün kodu üzrə təsnifləşdırılıb) qeydiyyatdan keçən, habelə 2019-cu ildə vergi və sosial sığorta ödəmələrini həyata keçirən bələdçilər sözügedən proqramdan faydalana, başqa sözlə dövlətdən birbaşa maliyyə yardımı əldə edə bilərlər.

Hazırda ölkənin turizm sənayesində 600-ə yaxın turizm bələdçisi fəaliyyət göstərir. Həmin bələdçilərin 300-ə yaxını ATBA-nın məlumat bazasında qeydiyyatdan keçib.

Oğuzda 10 subartezian quyusu qazılacaq – Sərəncam

Prezidenti lham Əliyev Oğuz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

yasamal.tv xəbər verir ki, Oğuz rayonunun əhalisi 12736 nəfər olan 9 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Koronavirus vaksininin ixtiraçısına 1 milyon ABŞ dolları veriləcək

Ukrayna prezidenti Vladimir Zelenski koronavirus vaksinini ixtira edənə külli müdarda pul mükafatı vəd edib.

“Report” “Sol sahil” nəşrinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Viktor Lyaşko bildirib.

O, qeyd edib ki, dövət başçısı COVID-19 infeksiyasını ixtira edənə 1 milyon ABŞ dolları verəcək.

“Sizə sirr açacam. Prezident məndən bizim akademiklərimizə məktublar yazmağı xahiş etdi. Dövlət başçısı söz verdi ki, əgər kimsə (COVID-19 -red) vaksini və ya dərmanı ixtira etsə, o, azı 1 milyon ABŞ dolları mükafat alacaq. Ancaq bilmirəm hansı fonddan”, – Lyaşko “Sol sahil” nəşrinə bildirib.

O həmçinin qeyd edib ki, ölkədə epidemiologiya ilə bağlı vəziyyət optimist ssenari üzrə inkişaf edir, proqnozlara görə, pandemiya müddətində əhalinin 2%-dən azı virusa yoluxa bilər.

Ukraynanın Səhiyyə Nazirliyinin 12 aprelə olan məlumatına görə, ölkədə COVID-19-a 2 777 yoluxma qeydə alınıb, 83 nəfər ölüb, 89 pasiyent sağalaraq xəstəxanalardan evə buraxılıb.

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. ÜST-ün son məlumatlarına görə, dünyada artıq demək olar ki, virusa 1,7 milyondan çox yoluxma qeydə alınıb, 105 mindən artıq insan pandemiyanın qurbanı olub.

Azərbaycanda bəzi cəzalar yumşaldılacaq

Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklikliklər edilir.

yasamal.tv xəbər verir ki, dəyişikliklər bəzi cəzaların yumşaldılması ilə bağlıdır. Layihələrdə sanksiya hədlərinin, sahibkarlıq subyektləri ilə bağlı müddəaların yumşaldılması öz əksini tapıb.

Layihələr Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq. (modern.az)

Azərbaycanda icra başçısının müavini vəfat etdi

 

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Samid Abıyev dünyasını dəyişib.

yasamal.tv xəbər verir ki, o, ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, 2008-ci ildə avtomobil qəzasında S.Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi, 2009-cu ildə isə yol qəzasında onun daha bir oğlu vəfat edib. (report.az)

Bu heyvan COVID-19 peyvəndinin sınağı üçün ideal hesab olunur

Pişiklər COVID-19-a ən həssas heyvanlardır, buna görə də koronavirus üçün potensial dərmanların və peyvəndlərin təsirini sınamaq üçün perspektivli canlı modeli ola bilərlər.

yasamal.tv xəbər verir ki, bu barədə “İzvestiya” virusoloqlara istinadən xəbər verir.

“Pişiklərin koronavirusa qarşı yüksək həssaslığı onları preklinik sınaqlar üçün yaxşı model halına gətirir”, – Novosibirsk Dövlət Universitetinin biotexnologiya və virusologiya laboratoriyasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Sergey Netesov deyib.

Alim onları yeni patogen üçün mümkün ötürmə bağlantısı olan və insanda COVID-19 xəstəliyini təqlid edən heyvan modeli kimi öyrənməyə başlamağı təklif edir.

Tümen Dövlət Universitetinin Biologiya İnstitutunun əməkdaşı Nikolay Karpovun sözlərinə görə, pişiklər antikor istehsalı baxımından patogenə həssasdırlar.

“Virusa həssaslıq və insanlara yaxınlıq baxımından pişiklər vaksinləri sınaqdan keçirmək üçün potensial obyekt hesab edilə bilər”, – deyə ekspert bildirib.

Mütəxəssisin fikrincə, gələcəkdə aparılacaq tədqiqatlar digər heyvanların da koronavirus infeksiyasına həssas olduğunu göstərəcək. (oxu.az)

Çindən yeni koronavirus dalğası barədə xəbərdarlıq

Bütün ölkələr yayda pandemiyanın öhdəsindən gələ bilməyəcəyi təqdirdə, noyabr ayında koronavirus infeksiyalarının yeni dalğası başlaya bilər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şanxayın “Huaşan” xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Çjan Venhun bildirib.

“Noyabr ayından sonra ciddi problemlə qarşılaşa bilərik. Hesab edirəm ki, epidemiyanın növbəti dalğası təxminən noyabrda başlaya bilər”, – o deyib.

Həkimin sözlərinə görə, Cənubi Amerika, Afrika və Cənub-Şərqi Asiyada da koronavirusun yayılması qeydə alındığından yay aylarında pandemiyanın tamamilə aradan qaldırılacağının qeyri-mümkün olduğunu təxmin etmək olar.

“Qış gələndə hamı yenə evdə qalacaq”, – həkim xəbərdarlıq edib.

Bununla belə, Ç.Venhunun sözlərinə görə, bir çox ölkədə infeksiyanın diaqnostikası sahəsində qazanılmış təcrübə sayəsində koronavirusun növbəti dalğası o qədər də böyükmiqyaslı olmayacaq.

“Amma tibbi resursları kifayət qədər olmayan ölkələr, məsələn, Afrika və Cənubi Amerika dövlətləri üçün növbəti qışda çətinliklər olacaq”, – həkim söyləyib.

O qeyd edib ki, dünyada epidemioloji vəziyyətə nəzarət məhz bu bölgələrin ölkələrindən asılıdır.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?