Ev Blog Səhifə 3244

“İşgüzar birliklər Azərbaycan-Rusiya münasibətlərinin inkişafına təkan verəcək”

“Yeni ilədək kənar amillərə baxmayaraq, hamı vəziyyətə uyğunlaşacaq”.

“Report”un Rusiya bürosuna verdiyi müsahibədə iqtisadçı ekspert Yeqor Pospelov dünyanı bürüyən böhran, Azərbaycan iqtisadiyyatındakı mövcud vəziyyət, Rusiya ilə əməkdaşlıq əlaqələri barədə söhbət açıb.

Koronavirusun dünya iqtisadiyyatına təsiri barədə nələri deyərdiniz?

Koronavirus iqtisadiyyatı yavaşladıb, ticarət dövriyyəsi azalıb, müxtəlif ölkələrdəki bir çox müəssisələr istehsalı dayandırmalı oldu. Eyni zamanda onlayn alış-verişin həcmi dəfələrlə artdı, sahibkarlıq subyektlərinin bir qismi başqa sahəyə yönəldi. Bu da yeni bazarların yaranıb inkişaf edəcəyinə, iqtisadiyyatın daha da şaxələnəcəyinə ümid yaradır.

Bəs MDB ölkələrində iqtisadi vəziyyət necədir?

Sözsüz ki, hər ölkənin öz xüsusiyyətləri var, amma yenə də iqtisadi böhranın yeni yollar axtarışına, iqtisadiyyatı yeni istiqamətlərə yönəltməyə vadar edəcəyini düşünürəm.

OPEC+ formatının iştirakçı ölkələri arasında hasilatı azaltmaq barədə razılaşma neftin qiymətinə necə təsir edəcək? Mövcud vəziyyət nə qədər davam edər, bazar nə vaxt dirçələcək?

Gedişat göstərir ki, iqtisadi və başqa sarsıntılar getdikcə daha çox baş verəcək. Bəlkə də, yaxın vaxtlardan elə bir vəziyyət yaranacaq ki, iqtisadiyyatın hansısa sahələri hər il dağılacaq və qısa müddət ərzində yenidən dirçələcək. Yəni iqtisadiyyat get-gedə sürətlənərək yeni-yeni şəkillər alır. Odur ki, indidən daha çevik, daha şaxələndirilmiş iqtisadiyyat qurulmalıdır. Vəziyyət getdikcə daha sürətlə bərpa olunacaq. Hazırda pandemiyanın nə zaman başa çatacağı, yeni dalğanın gəlib-gəlməyəcəyi, gələcəksə ona nə dərəcə hazır olacağımız bəlli olmadığı üçün əvvəlcədən nəsə demək çətindir. Amma, məncə, yeni ilədək kənar amillərə baxmayaraq, hamı vəziyyətə uyğunlaşacaq.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq hansı sahələrdə daha səmərəli inkişaf edir? Ölkələrimiz arasında ticarət dövriyyəsini artırmaq üçün imkanlar nə qədərdir?

İşgüzar birliklər münasibətlərimizin inkişafına yeni təkan verə bilər. Təkcə böyük layihələrdə yox, daha kiçik və ixtisaslı sahələrdə də qarşılıqlı əməkdaşlıq olmalıdır. Əlaqələrin tədricən qurulub sahmana salınması bazara çıxmağın hər iki tərəf üçün aydın olan modellərini ortaya qoyacaq. Həmçinin ən çox tənzimlənmiş, maya dəyərinin az olduğu sahələrdə qarşılıqlı əməkdaşlıq dərinləşdirilməlidir.

Rusiyada Azərbaycan məhsullarına tələbat nə qədərdir?

Sözsüz ki, ölkələrimiz kənd təsərrüfatı sahəsində yaxından əməkdaşlıq edir, bu sahədə ticarət dövriyyəsi artmaqda davam edir. Bu da məhsullara xeyli tələbat olduğuna bariz nümunədir.

Ölkələrimiz bu böhrandan nə qədər tez çıxa bilər?

Fikrimcə, düzgün idarəçilik və böhrana qarşı müvafiq tədbirlər tətbiq olunsa, yaxın vaxtlarda iqtisadiyyat artıma, hətta sürətli artıma keçə bilər. Ona görə də təkcə ölkə daxilindəki bütün qurumlar arasında səmərəli dialoq yox, xarici əlaqələr də səmərəli şəkildə qurulmalıdır.

Güzəştlə mənzil əldə etmək istəyənlərin Nəzərinə! – Dəyişiklik

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları genişləndirildi.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 may tarixli 1016 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda edilmiş dəyişikliyə əsasən, güzəştli ipoteka kreditini almaq və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirildi və daha bir yeni kateqoriya əlavə olundu.

Bu barədə “Report” MİDA-ya istinadən xəbər verir.

Məlumata görə, “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs” adlı mövcud kateqoriya genişləndirilərək “ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxsləri” əhatə edəcək. Müvafiq dəyişikliklə, gənc ailə (Gənc ailə – yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 12.14-cü bəndinə əsasən ümumi təhsil müəssisələrinin aşağıdakı növləri vardır:

ibtidai ümumtəhsil məktəbi;
ümumi orta ümumtəhsil məktəbi;
tam orta ümumtəhsil məktəbi;
lisey;
gimnaziya;
ümumtəhsil internat məktəbi;
inteqrasiya təlimli internat tipli təhsil müəssisəsi;
inteqrasiya təlimli ümumi təhsil müəssisəsi;
xüsusi məktəb;
xüsusi internat məktəbi;
inteqrasiya təlimli internat tipli gimnaziya;
valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəbi;
digər məktəblər.
Bununla yanaşı, yeni – “ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs” kateqoriyası da əlavə olundu. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.

Ölkə başçısının bu Fərmanını icra etmək məqsədilə ötən müddət ərzində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən “Güzəştli mənzil” elektron sistemində zəruri dəyişiklik və təkmilləşdirmə işi aparılıb, həmin kateqoriyalara aid olan vətəndaşlar tərəfindən təqdim edilməli sənədlər müəyyənləşib. Sənədlərin siyahısı ilə www.mida.gov.az və www.mida.gov.az/mmc/ internet saytlarının ana səhifəsində yerləşən “Güzəştli mənzili kim ala bilər” bölməsində tanış olmaq mümkündür.

Hər iki yeni kateqoriyaya aid şəxslər 2020-ci il 12 may tarixindən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət etmək olar. “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək şəxsi elektron kabinetə sahib olan şəxslər mənzillərin seçimi zamanı daha öncə elektron kabinetə sahib olmuş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.

Xatırladaq ki, güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində, habelə Sumqayıt “ASAN xidmət” mərkəzində və Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərələri vətəndaşlara xidmət göstərir. Bununla yanaşı, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108 Çağrı” mərkəzinə zəng edərək suallarına cavab tapa bilərlər.

Azərbaycanda qızıl ucuzlaşdı

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

yasamal.tv xəbər verir ki, mayın 12-də qızılın qiyməti mayın 8-i ilə müqayisədə 26,188 manat azalaraq 1 unsiya üçün 2891,284 manat təşkil edib.

Gümüş 0,1349 manat bahalaşaraq 1 unsiya üçün 26,3693 manata bərabər olub.

Platinin qiyməti 7,625 manat azalaraq 1302,693 manat, palladiumun qiyməti 24,54 manat artaraq 3229,482 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Azərbaycanlı aktyor: “Qızlara əxlaqsız təklif edir”

ATV-də yayımlanan “Aldanmış hisslər” serialının aktyoru Famiz Hüseynov ekran işinin rejissoru Faiq Nağıyevlə bağlı iddia ortaya atıb.

Axşam.az xəbər verir ki, bunla bağlı sosial şəbəkədə video paylaşan sənətçi rejissorun seriala çəkilən qızlara əxlaqsız təkliflər etdiyini söyləyib. O, eyni zamanda qonorarların ödənilmədiyini bildirib:

“Aldanmış hisslər” serialında çəkilirdim, bu gündən imtina etdim, uzaqlaşıram. Səbəb isə odur ki, rejissor Faiq Nağıyev özbaşınalıq edir. Aktyorların pulunu kəsir, haqsızlıq edir. Haqsızlığa dözə bilmərəm.

Seriala gələn bütün gənc qızlara müəyyən pis, iyrənc təkliflər edir. Onların müqabilində ekran işinə çəkəcəyini deyir. Deyir ki, serialıma çəkilmək istəyirsənsə, aramızda münasibət olmalıdır. Orada çəkilənlərin günahına girə bilmərəm, o yoldan keçiblər, ya yox.

O rejissordan uzaq olun. Elə rejissorlar filmə, sənətə ləkədir”.

Astroloq pandemiyanın başlama və bitmə zamanını açıqladı – Video

Dünya 14 yaşlı hindistanlı yeniyetmədən danışır.

Millitirbuna.az xəbər verir ki, o, pandemiyanın baş verəcəyini hələ 2019-cu ildə deyib və hətta dünyanı bürüyən dəhşətin bitəcəyi zamanı da açıqlayıb. Söhbət hindistanlı Abiqya Ananddan gedir.
Onun çəkildiyi görüntülər pandemiyanın mövcud olmadığı bir zamanda- 22 avqust 2019-cu ildə “YouTube” kanalına yerləşdirilib.
Maraqlıdır ki, uşaq hələ az qala bir il əvvəl dünyanın 2020-ci il 29 mayında qaydasına düşəcəyini deyib. İnternetə yüklədiyi gün 4 milyon baxış toplayan görüntülərdə gələcəklə bağlı danışan uşaq dünyanı gözləyən təhlükəni anons edib.

Bildirib ki, bu təhlükə 2019-cu ilin noyabrından başlayaraq (Çində virusun yayılması məhz noyabrın sonu-dekabrın əvəllərinə təsadüf edir-müəll.) və 2020-ci ilin mayın sonuna kimi davam edəcək. O, göy cisimlərinin hərəkəti, yəni astrologiyaya əsaslanaraq belə nəticəyə gəlib. 31 martda böhranın Çində kuliminasiya həddinə çatacağını deyən 14 yaşlı astroloq daha sonra Vyetnam, ABŞ, BƏƏ, İsrail, Səudiyyə Ərəbstanında gözlənilən vəziyyətdən danışıb. Bildirir ki, insanların həyatı dəyişəcək, iqtisadiyyata böyük ziyan dəyəcək. 29 mayda isə dünya öz qaydasına düşəcək.(cebhe.info)

Bəd nəzərin olduğu təsdiqləndi

İngiltərə Leeds Universitetinin parapsixoloji fakültəsində aparılan bir araşdırmada nəzərin mövcudluğu elmi cəhətdən sübut olunub.

Millitirbuna.az xəbər verir ki, fakültə üzvləri psixoloji güclərinin olduğu qəbul edilən və rəngli gözlərə sahib olan 6 nəfərlə psixokinetik təcrübə aparıb. Bir həftə boyunca həmin adamlara bəzi cisimlər göstərilib və həmin əşyalara diqqətlə baxmaları tələb olunub.2 həftə sonra bəzi cisimlərdə morfolojik və biokimyəvi dəyişikliklər meydana gəlib. Xüsusi aparatlar təcrübə obyekti olan insanların gözlərindən çıxan elektromaqnit dalğaları qeydə alıb. Bu dalğaların fərqli tezliklərə malik olması da nəzərdən yayınmayıb.

Leeds Universitetinin parapsixoloji fakültəsinin rəhbəri Artur Gall təcrübə ilə bağlı çap etdirdiyi məqaləsində qeyd edir:

“Cisimlərdəki dəyişikliklər yalnız rəngli gözlərə malik olan insanların gözlərindəki rəngli fotoreseptorlardan yayılan beta şüalarından qaynaqlanıb”.

“Science” jurnalı aparılan araşdırmaya may buraxılışında yer ayırıb. Jurnalın üz qabığı “Kəmgözlük həqiqəti” manşetiylə diqqət çəkib. Eyni zamanda, jurnalın bu sayında müxtəlif elm adamlarının əldə edilən nəticəylə bağlı fikirləri də dərc olunub.

Vətəndaş hansı halda inzibati qaydada tutula bilər?


Qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. İnzibati qaydada tutma fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması deməkdir. Bəs hansı hallarda vətəndaşlar inzibati qaydada tutula bilər?

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. İnzibati qaydada tutma fiziki şəxsin azadlığının qısa müddətə məhdudlaşdırılması deməkdir. Bəs hansı hallarda vətəndaşlar inzibati qaydada tutula bilər?

E-huquq.az-ın məlumatına görə, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün aşağıda göstərilən səlahiyyətli orqanlar bu hallarda tətbiq etmək hüququna malikdirlər:

müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – xırda xuliqanlıq edildikdə, şəxs polis işçisinin, habelə hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqda, yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkili və keçirilməsi qaydasını pozduqda, ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırdıqda, avaralıqla məşğul olduqda, ov, balıq və digər su bioresurslarının ovu və mühafizəsi qaydaları pozulduqda, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında qanunsuz qaldıqda;

müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – sərhəd rejimi, sərhədboyu (sərhədboyu zolaq) rejim və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejim pozulduqda;

mühafizə olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə dəstəsinin yuxarı vəzifəli şəxsi – mühafizə edilən obyektlərə, digər dövlət əmlakına və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar inzibati xətalar törədildikdə;

müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəqliyyat vasitələrini idarə edən sürücülər və ya digər şəxslər tərəfindən yol hərəkəti qaydaları pozulduqda;

fövqəladə vəziyyət elan olunmuş yerin komendantı və xüsusi idarəetmə orqanının vəzifəli şəxsləri – fövqəladə vəziyyət rejimi pozulduqda;

müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələbləri pozulduqda, o cümlədən dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, onların şəxsiyyətinin müəyyən edilməsi məqsədilə və ya dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədildikdə;[33]

hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri – hərbi vəziyyət rejiminin tələbləri pozulduqda;[34]

müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri – əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma qaydaları pozulduqda, yaxud onlar Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda.

İnzibati qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında protokolda müvafiq qeyd aparılmalıdır.

İnzibati qaydada tutma müddəti nə qədərdir?

İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin bəzi hallar istisna olunmaqla, üç saatdan çox ola bilməz.

Sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.

Fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda – komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda – tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər.

Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda – tutulanın şəxsiyyəti müəyyən edilənədək, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxslər isə 48 saatadək inzibati qaydada tutula bilər.

İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır.

Fövqəladə və ya hərbi vəziyyət rejiminin müddəti bitdikdə, bu rejimin tələblərinin pozulması ilə əlaqədar inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar.

İnzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər.

İnzibati qaydada tutma haqqında protokolunda nə yazılır?

İnzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir və orada aşağıdakılar göstərilir:

protokolun tərtib edildiyi tarix və yer;

protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı və atasının adı;

tutulanın şəxsiyyəti haqqında məlumat;

tutmanın vaxtı və səbəbləri.

Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti tutulmuş şəxsə verilir.

İnzibati qaydada tutulmuş şəxsin hüquqları necə təmin edilir?

Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür:

tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək;

tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək;

tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək;

tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat vermək;

tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq;

tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;

tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq.

Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq

“Əlillərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

yasamal.tv-ın xəbərinə görə, bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O xatırladıb ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Əlillərin hüquqları haqqında” Konvensiyasına qoşulub:

“Həmin Konvensiyanın tələblərinə uyğun olaraq ölkəmizdə “Əlillərin hüquqları haqqında” qanun qəbul edilib. Həmin qanunda “əlil” anlayışı , “əlilliyi olan şəxs” anlayışı ilə əvəz ediləcək”.

“Əlillərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

FIFA: “Dünya çempionatı təxirə salınmayacaq”

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) təşkilat komitəsinin qərarına müvafiq olaraq, 2020-ci ildə keçirilməsi nəzərdə tutulan futzal üzrə dünya çempionatı təxirə salınmayacaq.

yasamal.tv xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.

Turnir sentyabrın 12-dən oktyabrın 3-dək Litvada keçiriləcək.

Hələlik dünya çempionatında iştirak edəcək komandaların siyahısı müəyyənləşməyib.(oxu.az)

“Digər korrupsioner məmurlar da cəzalandırılacaq” – Adil Əliyev

“Azərbaycanda korrupsiyaya qarşı mübarizə güclənir. Son aylarda 5 rayonun icra hakimiyyətinin başçıları həbs edildi. Sahibkarlardan və adi vətəndaşlardan rüşvət aldılar, özlərini qanunsuz olaraq zənginləşdirdilər. Korrupsiyanın çiçəkləndiyi bölgələrdə dövlət başçısının koronavirus pandemiyası zamanı insanlara ayırdığı pullar oğurlandı. Bu təkəbbürlü rayon rəhbərləri hətta kasıblara maddi və ərzaq yardımı etməkdə suçlandılar. Bu cür məmurlar ifşa olunmaqda davam edəcək və qanun qarşısında cavab verəcəklər”.

“AzPolitika” bildirir ki, bu barədə Milli Məclisin vitse-spikeri Adil Əliyev sosial şəbəkədəki hesabında yazıb.

O, Prezident İlham Əliyevin dediyi kimi xalqı deyil, özlərini düşünən məmurların istefa etmələrini vurğulayıb. Lakin bu cür vəzifəli şəxslər bilməlidirlər ki, istefa onları törətdikləri cinayətlərə görə məsuliyyətdən azad etməyəcək.

“Prezident İlham Əliyev hər çıxışında deyir ki, korrupsioner məmurlar məsuliyyətdən qaça bilməzlər. Dövlət başçısı yeni baş prokurora korrupsiyaya qarşı mübarizəni sərtləşdirməyi tapşırıb. Həmkarlarımla razıyam ki, illərlə korrupsiyalı məmurların hərəkətlərinə göz yummuş və bəzən onlarla eyni vaxtda olan yerli hüquq-mühafizə orqanları baş verənlərə görə də məsuliyyət daşıyırlar. Bəzi yerli hakimlər korrupsioner məmurlar tərəfindən torpaq sahibi olmağı qanuniləşdirdilər. Və son vaxtlar məhkəmə sistemində islahatların başlanması təsadüfi deyil. Bu zərurət idi “, – vitse-spiker əlavə edib.

Vitse-spikerin sözlərinə görə, Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə başlanılıb və buna heç kim şübhə etməməlidir.

“Koronavirus epidemiyası dünyanın hər bir ölkəsinin iqtisadiyyatına mənfi təsir göstərib. O, Azərbaycandan da yan keçmədi. Dünya bazarlarında neftin qiyməti aşağı düşdü, bu da neft gəlirlərinin azalması deməkdir. Məhz buna görə də dövlət başçısı illərdir israrla bir tezis səsləndirir: “Qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır!”

Bəli, əhəmiyyətli bir iş görülüb, amma görüləsi işlər hələ çoxdur. Və korrupsioner məmurlar qeyri-neft sektorunun inkişafına ən böyük maneədir. Çünki öz hərəkətləri ilə xalqın dövlətə etibarını sarsıdırlar. Bəziləri hesab edir ki, korrupsiyaya qarşı mübarizə yalnız qanunsuz fəaliyyətlə məşğul olan icra strukturlarını əhatə edəcəkdir. Lakin Mədəniyyət Nazirliyindəki son həbslər korrupsiyaya qarşı mübarizə üçün sərhədlərin olmadığını, qanunsuz fəaliyyətlə məşğul olan hər bir məmurun və ya strukturun ifşa olunacağını göstərir. Nazirlikdə Azərbaycanın mədəni irsini qoruması ehtimal olunan korrupsiya faktları iyrəncdir. Bu qalmaqal hər birimizdə sadəcə qəzəbə səbəb olur. Mədəni irsimizə qarşı vandalizm edən Ermənistanla döyüşdüyümüz bir dövrdə, digər tərəfdən korrupsioner məmurlar dövlətə zərbə endirirlər. Torpaqlar pula satılıb və təyinatlar edilib

Dövlət başçısı son çıxışlarından birində bəzi nazirliklərdə rüşvət üçün təyinatların edildiyini söylədi. Bu, bəzi nazirliklərdə qanunsuzluğa qarşı mübarizənin başlanacağını göstərir. Bu belə də oldu. Digər korrupsioner məmurlar da cəzalandırılacaq”, Adil Əliyev qeyd edib.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?