Ev Blog Səhifə 3242

“Apple” yeni zavodun tikintisinə 335 milyon dollar xərcləyəcək

“Apple” şirkəti Tayvanda Sinçju Elmi Parkının ərazisində yeni zavodun inşasına 335 milyon dollar investisiya yatırmaq niyyətindədir.

Zavod şirkətin qurğularında istifadə ediləcək “Micro-LED” yarımkeçirici displeylər və “Mini-LED” çoxzonalı işıqlandırıcıya malik maye-kristal ekranlar istehsal edəcək.

yasamal.tv ictnews.az-a istinadən bildirir ki, “Apple” yerli “Epistar” və “AU Optronics” şirkətləri ilə əməkdaşlıq edəcək, zavod isə 30,83 hektar ərazidə yerləşəcək. Bundan əlavə, şirkət işıq diodlu panellərin istehsal həcmini artırmaq, eləcə də bu istiqamətdə tədqiqat fəaliyyətini stimullaşdırmaq məqsədilə bir neçə milyard Tayvan dolları sərf etməyi planlaşdırır.

Qeyd edək ki, hazırda “Apple” şirkətinin Tayvan Elmi Parkında tədqiqat laboratoriyası fəaliyyət göstərir. Onun əməkdaşları 2014-cü ildən “Mini-LED” və “Micro-LED” displeyləri ilə bağlı texnologiyaların hazırlanması ilə məşğul olurlar. Şirkətin Tayvanda yerləşəcək gələcək zavodu onun ABŞ-dan kənarda fəaliyyət göstərən üçüncü xarici tədqiqat və işləmələr mərkəzi olacaq.

“Musiqi məktəblərini azaltmaq doğru deyil” – Peşəkarlardan açıqlama

Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı faktlarına görə saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Onun cinayət əməllərindən biri də nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək olub. Bunun müqabilində əmək haqları, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər pullar hər ay toplanaraq ələ keçirilib.

Bu faktın özü də xeyli müzakirələrə səbəb olub. Bəzi ictimaiyyət nümayəndələri, eləcə də sosial şəbəkə izləyiciləri ölkədə, xüsusən də bölgələrdə çoxlu sayda musiqi məktəblərinə ehtiyac olmadığını qeyd edirlər. “Onsuz da əksər bölgə musiqi məktəblərində qənaətedici musiqi təhsili aşılanmır, müəllimlərin özləri çox aşağı səviyyədə musiqi savadına malik olur”, – deyə fikirlər səslənir.

Bəs peşəkar musiqiçilər bu fikirlərlə razıdırmı?

525-ci Qəzet - Müasir musiqişünaslıqda parlaq imza - Zemfira Qafarova

Zemfira Qafarova: “Musiqi məktəblərinə nəzarət etmək lazım idi, nəinki pul yığmaq”

Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Musiqi məktəbləri hər bölgədə olmalıdır. Çünki mütləq şəkildə uşaqların estetik zövqü inkişaf etməli, mütləq hansısa alətdə ifa etməyi bacarmalıdırlar.  Alətdə ifa etmək, yaxud mahnı oxumaq o demək deyil ki, gələcəkdə müğənni və yaxud musiqiçi olacaq. Bu, uşaqların tərbiyəsi üçün lazımlıdır. Yəni necə ki, kitab oxumaq zəruridir, eləcə də musiqi anlayışları olmalıdır.

Düşünürəm ki, sadəcə, musiqi məktəblərinə nəzarət olmalı idi. Uzun illər konservatoriyada dekan işləmişəm. Xatırlayıram ki, əvvəllər konervatoriyanın tələbələrini məzun olan kimi rayonlara işləməyə göndərirdik. İndi isə bu cür sistem yoxdur. Konservatoriyanı bitirən tələbələr ya burada qalıb işləyir, ya da ki, istədiyi işi tapır. Çox nadir hallarda hansısa məzun rayona işləməyə gedir. Buna görə də təbii olaraq, bölgə musiqi məktəblərində vəziyyət yaxşı ola bilməz.

Bu məqamda qeyd edim ki, əfsanəvi bəstəkarımız Arif Məlikov zamanında konservatoriyanı bitirən kimi Şuşaya göndərilmişdi. Şuşa musiqi məktəbindəki vəziyyət ona təsir etmişdi. Hansı ki, həmin məktəbdə Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarlarla yaxından tanış olub, muğamı dərindən öyrənmişdi. Məhz orada hazırlaşıb, yenidən konservatoriyanın bəstəkarlıq sinfinə daxil olmuşdu. Eləcə də Əşrəf Abbasov, Süleyman Ələsgərov həmin musiqi məktəbini bitirib, Bakı konservatoriyasına daxil olmuşdu. Əvvəllər bölgə musiqi məktəblərində çox peşəkar pedaqoqlar çalışırdı.

Beləliklə, bir daha qeyd edirəm ki, bölgələrdəki musiqi məktəblərinə nəzarət etmək, yaxşı ixtisasçıları göndərmək lazım idi, nəinki pul yığmaq. Bu gün ucqar kəndlərdə belə çoxlu sayda istedadlı uşaqlar var, onları yığıb, yaxşı musiqi məktəblərinə gətirmək olar”.

Mənsum İbrahimov: " Hazırkı statusum millət vəkilindən heç də ...

Mənsum İbrahimov: “Musiqi məktəblərinin sayının azaldılmasına ehtiyac yoxdur, sadəcə… ”

Xalq artisti, muğam ustadı Mənsum İbrahimov da çoxlu sayda musiqi məktəblərinin olmasının önəmli olduğunu vurğulayıb:

“Bölgələrimizdəki musiqi məktəblərini ixtisar etmək deyil, peşəkar müəllimləri işə cəlb etmək lazımdır. Hər il Milli Konservatoriya, Bakı Musiqi Akademiyası, İncəsənət Universitetinin çoxlu sayda məzunları olur. Bəzən şahidi oluruq ki, onlar iş tapa bilmir, başqa sahədə çalışmağa məcbur olurlar.

Həmçinin musiqi məktəblərində işin keyfiyyətini artırmaq lazımdır. Musiqi məktəblərinin bizə yalnız xeyri var, nəinki zərəri. Bu gün də musiqimizin inkişaf etməsinin səbəbi musiqi bünövrəmizin olmasıdır.

Ona görə də bir daha qeyd edirəm ki, musiqi məktəblərinin sayının azaldılmasına ehtiyac yoxdur, sadəcə, peşəkar müəllimləri işə cəlb etmək lazımdır”.

Amerikada yaşayan pianoçu soydaşımızla görüş

Əməkdar artist, tanınmış pianoçu Nərgiz Əliyarova isə mövzuya bu cür şərh bildirdi:

“Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri bölgələrimizdə musiqi məktəblərinin inkişafı ilə bağlıdır. Heydər Əliyev də onun tərəfdarı idi ki, bölgələrdəki musiqi məktəbləri yetərincə inkişaf etsin.

Vacib deyil ki, hamı musiqiçi olsun. Musiqi təhsili uşaqlara dünyagörüşü, estetik zövq bəxş edir. Musiqi məktəblərini necə bağlamaq olar? Xarici ölkələrdə çoxlu sayda musiqi məktəbləri açılır, bizdə isə bağlanmasını istəyirlər. Bu nə dərəcədə doğrudur?

Şəxsən mənim 3 övladımın hamısı musiqi məktəbinə gedir. Digər yaxınlarımı da məcbur edirəm ki, övladlarını musiqi məktəbinə qoysunlar.

Onu da qeyd edim ki, hazırda musiqi məktəblərinə xeyli axın var. Bu gün istənilən musiqi məktəbinə getsəniz, görərsiz ki, şagirdlərlə doludur. Uşaqların musiqiyə böyük həvəsi var.

Musiqi məktəblərindəki təhsilin səviyyəsinə gəldikdə isə, çoxlu sayda xarici ölkələrdə olmuşam və müşahidələrimdən deyə bilərəm ki, bizdə olan səviyyə daha yüksəkdir. Çünki biz rus musiqi məktəbini keçmişik. Hər il beynəlxalq musiqi festivalları keçirilir və bizim musiqi məktəblərindən olan şagirdlər yüksək səviyyəfə həmin müsabiqələrdə iştirak edir, yer qazanırlar”.(musavat.com)

“Həmin testlər bizim ölkədə də tətbiq edilməlidir” – Azərbaycanlı həkim

“Son elmi tədqiqatlar onu göstərir ki, yaş qrupundan asılı olmayaraq, bütün insanlarda COVID-19 virus daşıyıcılığı xəstəliyin eyni günündə virus yükü və yoluxduruculuq qabiliyyəti baxımından hardasa eynidir. Bu da bu günə qədər, “uşaqlar virusa yoluxmur” yaxud “onlarda virus daha az olur” fikirlərinin yanlış olduğunu sübut edir”.

yasamal.tv xəbər verir ki, bunu Lent.az -a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, bir insanda koronavirus əlamətləri görünməyə başladısa, bu o deməkdir ki, həmin şəxs artıq iki gündür yoluxdurucudur və onun iki gün öncədən təmasda olduğu bütün şəxslərin karantinə alınması zəruridir. Bundan başqa, son elmi tədqiqatlar onu da sübut edir ki, məktəb yaşlı uşaqlar da daxil olmaqla, bütün yaş qrupundan olan xəstələrdə daşıdıqları virus yükü ikinci həftədən azalmağa başlayır.

 

– Bəzi ölkələr artıq viruslu xəstələrin rəsmi qeyd edildiyi zamandan əvvəl də koronavirusun yayılması haqqında rəsmi məlumatlar verir. Bu, həmin ölkələrin səhiyyəsi barədə neqativlikdən xəbər vermirmi?

 

– Belə rəsmi məlumatı verən ölkələrdən biri Fransa oldu. Ötən həftə bunu bildirdikdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəyanat yaydı ki, ölkələr virusun rəsmən qeydə alındığı tarixdən əvvəlki bütün şübhəli xəstələrə nəzər salsın. Əslində, mən KİV vasitəsilə bu fikri Azərbaycanla bağlı artıq aprel ayının əvvəlləri səsləndirmişdim. Çünki əlimdə elmi əsasım var idi. Fikrimə zamanında reaksiya verilsəydi, bu gün Azərbaycan səhiyyəsindən bütün dünya danışardı, necə ki, indi Fransa barəsində pozitiv danışırlar. Sualınızın cavabına gəlincə, onu qeyd edim ki, belə hadisələri araşdırıb tapmaq, əksinə, həmin ölkənin səhiyyəsinin daha güclü olmasından xəbər verir və belə ölkələr də bilir ki, bununla dünya elminə nə qədər töhfə vermiş olub. Bu, həm də pandemiyanın nəinki ölkədaxili vəziyyətinin öyrənilməsinə, eləcə də bütün dünya ölkələrində hansı mərhələdə olması barədə fikirlər irəli sürməyə əsas verir. Azərbaycan bütün dünyaya müraciət edib, elmi əsasla sübut edə bilərdi ki, virus söylədiyiniz zamandan da öncədən yayılıb, diqqətli olun.

 

– Siz bunu Almaniyada yaşaya-yaşaya Azərbaycan haqqında demişdiniz. Bu fikrinizə azərbaycanlı həkimlərdən dəstək verən, yaxud qarşı çıxanlar oldumu? Bunun öncədən yayılmasını bilmək bizim ölkəyə nə verərdi?

 

– Fikrimi dəstəkləyən həmkarlarım çox oldu və hətta əksəriyyəti səmimi etiraf elədilər ki, virus haqqında yeni məlumatlar yayıldıqdan sonra onlar da həmin fikrə gəliblər. Hətta mənə təşəkkür də etdilər ki, bu fikri səsləndirdim. Anlaya bilmədiyim, bir qrup həkimin məsələyə fərqli yanaşması oldu. Onlar bunu çoxdan bildiklərini, sadəcə susub oturduqlarını bildirdilər. O həkimlərə cavabımda dedim ki, bunu bilib susmaq Azərbaycan xalqının sağlamlığına və dövlətin təhlükəsizliyinə həkim kimi biganə yanaşmaqla yanaşı, böyük bir cinayətdir. Bu, 10 milyon xalqın həyatına məsuliyyətsiz yanaşmaqdır, çünki o xalq öz həkimlərini həmişə yüksəkdə tutub.

Bunun daha öncədən yayılmasını bilmək mövzusuna gəlincə, onu deyim ki, əgər bu tarix bəlli olarsa, model əsasında Azərbaycan əhalisinin neçə faizinin artıq virusa yoluxduğunu dəqiq hesablamaq olar. Bununla da dövlət bundan sonrakı diqqətinin böyük hissəsini əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldər.

 

– Sizcə, bundan sonra hansı addımlar atılmalıdır?

 

– Koronavirusla bağlı açıqlanan statistikalar hamısı nisbi xarakter daşıyır. Yəni, bu o deməkdir ki, nə qədər çox test etsəniz, o qədər də çox yoluxma ola bilər. Ona görə də sayın artıb-azalması da nisbidir. Bu səbəbdən, sadəcə açıqlanan statistikaya görə sağalma sayına münasibət bildirmək o qədər düzgün deyil. Atılmalı olan addım əhalidə COVID-19-a qarşı immunitetin olub-olmasını yoxlamaqdır. Bununla da əhalinin artıq neçə faizinin dəqiq yoluxmasını bilmək olar. Bunu yoxlamaq üçün isə artıq dünyada tətbiq olunan müxtəlif test və seroloji müayinələri Azərbaycanda da tətbiq etmək vacibdir. Bu testlərin tətbiqinə virusun rəsmi qeydə alındığı zamandan 2-3 ay öncə ağır qripə bənzər simptomlar keçirən şübhəli xəstələrdə başlamaq daha düzgündür. Əhalinin böyük əksəriyyəti artıq bu xəstəliyi keçirib və onlarda immunitet formalaşması ehtimal olunandır. Çünki bu gün onlardan tələb olunan gigiyenik normalara əməl etməmələri ölüm və yoluxma saylarını kəskin çoxaltmır.

Rusiyanın bu iki regionu birləşdirilə bilər

Rusiyanın Arxangelsk vilayətinin və Nen Muxtar Dairəsinin rəhbərləri regionları birləşdirmək barədə memorandum imzalayıblar.

yasamal.tv xəbər verir ki, bu barədə TASS-a Arxangelsk vilayətinin qubernator administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Memorandum imzalanıb”, – deyə mənbə bildirib.(oxu.az)

Azərbaycanlı hakimlər koronavirus testindən keçiriləcək

 

AFFA-nın təşkilatçılığı ilə bu həftə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi verəcək.

Oxu.Az xəbər verir ki, bu barədə AFFA rəsmi saytında məlumat yayıb.

Bununla yanaşı, AFFA Premyer Liqa klublarına futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib.

Qaydaları pozan 20 ictimai iaşə obyekti cəzalandırıldı

 

“Bakı, Sumqayıt, Abşeron, Gəncə və Lənkəranda restoranların fəaliyyəti karantin müddəti bitənədək qadağandır”.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.

Onun sözlərinə görə, monitorinqlər zamanı karantin qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərən obyektlər müəyyən edilib:

“Sözügedən şəhərlərdə qaydaları pozaraq fəaliyyət göstərən 20-yə ictimai iaşə obyekti müəyyənləşib. Obyekt sahibləri haqqında inzibati qaydada tədbirlər görülüb”.
(Oxu.az)

Bakıda bank kartından 4 500 manat oğurlandı

Paytaxtda bank kartından oğurluq edlib.

Millitirbuna.az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, rayon ərazisində yerləşən bankomatların birindən şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4 500 manat pul naməlum şəraitdə çıxarılaraq oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Beynəlxalq axtarışda olan azərbaycanlı Kanadada tutuldu

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Möhsün Qasımov Kanadada bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.

M.Qasımov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışa verilmişdi.

Qeyd edək ki, daha əvvəl mətbuatda M.Qasımovun dələduzluq etdiyi barədə məlumatlar yayılıb. Belə ki, Bakı şəhər sakini Kanadada işləmək adı ilə M.Qasımov tərəfindən müxtəlif vaxtlarda 90 min manata yaxın pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirib.

Ruhani: “ABŞ-da hələ belə Administrasiya olmamışdı”

İran Prezidenti Həsən Ruhani ABŞ Prezidenti Donald Trampın administrasiyasını bu ölkənin tarixindəki ən pis administrasiya adlandırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Nazirlər Kabinetinin iclasında çıxış edərkən deyib.

“Ağ Evin bu qədər rəhimsiz, bu qədər gücsüz olduğunu xatırlamıram. Bir ABŞ Dövlət katibinə baxın, elə bil siyasətin əsaslarını bilmir”, – deyə İran Prezidenti vurğulayıb.

H. Ruhani İranın tibb işçilərinə təşəkkür edib. O qeyd edib ki, İran hazırda tarixin ən ağır dövrünü yaşayır: “Lakin xalqımız mətanətlə öz sakit həyatını yaşayır. Bu sakit yaşayış çox önəmlidir”.

Xatırladaq ki, çərşənbə günü, İsrailə rəsmi səfəri zamanı ABŞ Dövlət katibi Maykl Pompeo, İranın COVID-19 pandemiyası dövründə də dünyada terroru davam etdirdiyini bildirib.

Qubada polis karantin qaydalarına nəzarəti gücləndirdi

Quba rayonunda karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir. Şöbə əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə izahedici söhbətlər aparır, onların həyata keçirilən tədbirlər haqqında məlumat verirlər.

Polislər əməkdaşları rayon ərazisində fəaliyyət göstərən bütün obyektlərdə satıcıların və müştərilərin tibbi maska və fərdi qoruyucu vasitələrdən istifadə etmələrinə nəzarət edir, kafe və restoranlarda 10 kvadrat metr ərazidə 4 nəfərdən artıq müştərinin olmamasına xüsusi diqqət yetirirlər.

Bundan əlavə RPŞ-nin DYP bölməsinin inspektorları rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər apararaq, onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər, sərnişin daşıma zamanı isə müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyindən danışıblar.

Polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər elan edilmiş xüsusi karantin rejimi bitənədək davam etdiriləcək.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?