Ev Blog

Mərkəzi Rieltor Bürosu fəaliyyətə başladı

Azərbaycanda ilk olaraq daşınmaz əmlak alıcıları ücün hüquqşünas və sertifikatlı peşəkar Rieltor kollektivindən ibarət olan
“MƏRKƏZİ RİELTOR BÜROSU”
fəaliyyətə başlayıb.
“Mərkəzi Rieltor Bürosu” aşağıdakı xidmətləri göstərir :

Daşınmaz əmlakların alqı satqısı və kirayəsi.
Daşınmaz əmlakların qiymətləndirilməsi.
İnvestorlar ücün daşınmaz əmlak sahəsində illik 100 faizlik gəlirlərin təşkili.
Daşınmaz əmlaklarla baglı bazar araşdırmaları.
Təmir, tikinti.
Layihələrin hazırlanması.
Daşınmaz əmlaklarla bağlı konsultasiya xidmətləri.
Müqavilələrin tərtib olunması.
Daşınmaz əmlakların alqı satqısı zamanı hüquqi xidmətlər.
Əlaqə nömrələri 070 385 05 99 055 385 05 99
Mərkəzi Rieltor Bürosunun direktoru, əmlak eksperti Elnur Fərzəliyev.

Kart oğurluğu “OFFLINE”da olur! – XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə bilər.

Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bu tip dələduzluğa “ATM skimming” deyilir və nəticədə hesabınızdakı bütün vəsaitlər oğurlana bilər!

Necə tanımaq olar?
1) ATM-dəki kart yuvası və ya klaviatura fərqli görünürsə və ya nasazdırsa;
2) Pul çıxarılan hissənin üzərində əlavə cihaz və ya yapışdırılmış qurğu hiss olunursa;
3) Ətrafda şübhəli şəkildə müşahidə aparan şəxslər varsa;

Necə qorunmaq olar?
1) PIN kodu daxil edərkən əlinizlə klaviaturanı örtün.
2) Kartı daxil etməzdən ATM-ni diqqətlə yoxlayın.
3) Mütəmadi olaraq kart hesablarınızdakı fəaliyyətləri izləyin.
4) Kart hesabınızda şübhəli halları dərhal bankınıza bildirin.

Unutmayın: Kiçik ehtiyat – böyük itkilərin qarşısını ala bilər. Bank kartlarınızla əməliyyat apararkən diqqətli olun və öz təhlükəsizliyinizi təmin edin.

Ermənistan arxivindən hansı materiallar Azərbaycana verilib? – Sensasion DETALLAR

Ermənistanda Milli Arxivdən müəyyən materialların Azərbaycana verilməsi ilə bağlı “dövlətə xəyanət və casusluq” maddələri ilə cinayət işi açılıb.

Daha öncə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin arxiv materiallarının başqa ölkəyə verilməsi ilə bağlı Milli Arxiv İdarəsinin rəhbər şəxslərini həbs etdiyinə dair məlumatlar yayılmışdı. Lakin bu məlumatlar rəsmi şəkildə açıqlanmadı.

Ermənistanın İstintaq Komitəsi “pastinfo” saytının sorğusuna cavabında arxiv materiallarının Azərbaycana verilməsi ilə bağlı cinayət işinin açıldığını təsdiqləyib.

“Pastinfo”ya müsahibəsində Ermənistan Respublikasının İstintaq Komitəsi cinayət işinin mövcudluğunu təsdiqləyib.

Lakin hansı materialların nə vaxt Azərbaycana verildiyi haqda məlumat verilməyib.

Azərbaycan növbəti dəfə BMT-Turizmin İcraiyyə Şurasına üzv seçildi

İyunun 5-də BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının (CEU) Bakı şəhərində keçirilən 71-ci sessiyası çərçivəsində Azərbaycan bir daha təşkilatın İcraiyyə Şurasının 2025-2029-cu illər üzrə üzvlüyünə seçilib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, seçkilər yüksək rəqabət şəraitində keçirilib. BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üçün ayrılmış 5 yer uğrunda Azərbaycanla birgə 9 namizəd ölkə mübarizə aparıb. Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən üzv ölkələrin əksəriyyətinin səsini toplayaraq Şuraya seçilib.

BMT-Turizmin İcraiyyə Şurası 35 üzv ölkədən ibarət təşkilatın əsas idarəedici orqanıdır. Şura bir çox məsələlərlə yanaşı, təşkilatın Baş katibinin seçilməsi, strategiya və planlarının həyata keçirilməsi, funksionallığının və qərarlarının icrasının təmin edilməsi kimi əhəmiyyətli istiqamətlərə məsuldur.

Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər – Məhkəmədə ETİRAF

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 5-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesində əvvəlcə təqsirləndirilən şəxs Davit İşxanyanın müdafiəsi üçün yeni vəkilin qoşulduğu elan olunub. D.İşxanyan yeni vəkilinə etiraz etmədiyini bildirib. O, mayın 26-da keçirilmiş məhkəmə iclasının protokolları ilə tanış olmaq istədiyini ötən proseslərin birində dediyini xatırladıb və həmin tarixlə yanaşı, mayın 24-də keçirilmiş məhkəmə proseslərinin protokolları ilə də tanış olmaq istədiyini söyləyib.

Hakim Zeynal Ağayev təqsirləndirilən şəxsə məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün yaxın günlərdə şərait yaradılacağını, həmin vaxt onun istədiyi protokolla tanış ola biləcəyini bildirib.

Məhkəmədə Ermənistan Respublikası tərəfindən həyata keçirilmiş təcavüzkar müharibənin gedişində Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən ziyan vurulması faktları üzrə sənədlər tədqiq edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının işğal altında olan əraziləri işğaldan azad edildikdən sonra həmin ərazilərə baxışlar keçirilib, baxış zamanı hər bir rayon və kənd üzrə vurulmuş ziyan müəyyən olunub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin iştirakı ilə tədqiq edilən sənədlərlə Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdam, Xocavənd, Şuşa, Tərtər, Laçın, Kəlbəcər rayonlarında və həmin rayonların kəndlərində təbiətə və iqtisadiyyata vurulmuş zərərlər sadalanıb. Bu zərərlər sırasına həm ağacların məhv edilməsi, həm də faydalı qazıntı yataqlarının qanunsuz istismarı daxildir.

Nümayiş etdirilən fotolarla ağacların təbii şəkildə deyil, qəsdən məhv olunması sübut edilib.

Məhkəmədə vaxtilə işğal altında olan rayonlarda faydalı qazıntı yataqlarının, o cümlədən xammal və filiz yataqlarının qanunsuz istismarına dair kosmosdan çəkilmiş görüntülər də nümayiş etdirilib.

Bildirilib ki, 1992–2023-cü illər ərzində təqsirləndirilən şəxslər – Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç və digərlərinin rəhbərliyi və iştirakı ilə işğal olunmuş ərazilərdə Azərbaycan xalqına və dövlətinə məxsus yeraltı və yerüstü təbii sərvətlər talan edilib.

Dövlət ittihamçısı Fuad Musayevin iştirakı ilə tədqiq edilən sənədlərə əsasən, talan nəticəsində əldə edilmiş gəlir və ya digər maddi sərvətlər Ermənistan ordusu, cinayətkar birlik tərəfindən formalaşdırılmış silahlı dəstələrin, xarici ölkələrdən gətirilən muzdluların maliyyələşdirilməsinə, onların müxtəlif növ silah, geyim, ərzaq və digər zəruri ehtiyaclarının təmin olunmasına, cinayətkar birliklərə daxil olan silahlı birləşmələrin döyüş qabiliyyətinin artırılmasına yönəldilib. Bununla da cinayətkar fəaliyyətin daha da möhkəmləndirilməsi üçün maliyyə mənbələrinin artırılması, Ermənistan Respublikasının siyasi və hərbi rəhbərliyi ilə əlaqəli şəkildə cinayətkar planların hazırlanması təmin edilib.

Daha sonra qeyd edilən filiz, xammal və digər təbii ehtiyatların cinayətkar birliyin üzvləri tərəfindən təşkil edilmiş və idarə olunmuş şirkətlər və müəssisələr vasitəsilə istismarı ilə bağlı mövcud məlumatlar təqdim olunub.

Vurğulanıb ki, qeyd olunan ərazilərdəki müvafiq təbii və xammal-filiz ehtiyatları, bəhs edilən cinayətkar birliyin rəhbər üzvlərinin birbaşa rəhbərliyi və nəzarəti altında istismar edilib.

Məhkəmədə işğal dövründə Azərbaycan ərazilərində su elektrik stansiyalarının (SES) qanunsuz tikintisi və istismarı ilə bağlı sənədlər də tədqiq olunub.

Daha sonra məhkəmədə Azərbaycanın vaxtilə işğalda olan ərazilərində – Xankəndi şəhərində 2012-ci ilin may ayında keçirilmiş “hərbi parad”ın ermənilər tərəfindən çəkilmiş videokadrları nümayiş etdirilib. Levon Mnatsakanyan tribunaya dəvət edilib və ona Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov suallar ünvanlayıb.

Ermənistan silahı qüvvələrində yüksək vəzifələr tutmuş, o cümlədən baş qərargah rəisinin müavini olmuş, habelə qondarma rejimdə “müdafiə naziri” olmuş Levon Mnatsakanyan dindirmə zamanı əvvəlcə “parad”la bağlı sualları cavablandırıb. O deyib: “Biz “parad”ları keçirərkən keçmiş SSRİ-nin təcrübəsinə əsaslanmışıq. Adətən “parad”ların keçirilməsi üçün əsas illik hazırlıq planı təşkil edilirdi. Həmçinin yubileylər – 5, 10, 15, 20, 25 illik – bu “parad”ların keçirilməsi üçün əsas olub. Əgər “parad”larla bağlı əlaqəmi soruşursunuzsa, mən 2012-ci ildə “müdafiə ordusu”nun qərargah rəisi olmuşam. Həmin “parad”ın hazırlanmasına cavabdeh şəxs olmuşam. “Parad” zamanı şəxsi heyəti “ordu komandanı”na təqdim etmişəm, o isə, öz növbəsində, “ölkə rəhbəri”nə raport verib.

Bundan başqa, Ermənistan Respublikasındakı iki, yaxud üç paradda da iştirak etmişəm”.

O, “parad”ın qondarma rejimin “ordusu”nun 20 illiyinə həsr edildiyini bildirib və prokurorun sualına cavabında deyib ki, onlar həmin vaxt “Yeraton” – üç bayram ifadəsindən istifadə edirmiş və bu “parad” da “Yeraton” münasibətilə təşkil edilib. Bu bayramlara həm 8 may – Şuşanın işğalı, həm 9 may – İkinci Dünya müharibəsində qələbə günü, həm də rejimin “ordu”sunun yaranma günü aiddir.

Videokadrların davamında “parad”ın komandirinin qondarma rejimin “ordu komandanının birinci müavini, qərargah rəisi”, general-mayor Levon Mnatsakanyan olduğu bildirilir. “Parad”ın qəbulunu isə qondarma rejimin “müdafiə naziri” Movsis Akopyan həyata keçirir.

Təqsirləndirilən şəxs “parad”da iştirak edən digər şəxslərin də adlarını sadalayıb: “Sağdan sola deyəcəyəm: “parlamentin sədri” Aşot Qulyan, din xadimi Servazan, həmin vaxt Ermənistan Respublikasının müdafiə naziri olan Seyran Ohanyan, “prezident” Bako Sahakyan, Ermənistan Respublikasının sabiq prezidenti Serj Sarkisyan (həmin vaxt Ermənistan prezidenti olub – red.), erməni kilsəsinin rəhbəri – katolikos, həmçinin Ermənistanın 2-ci prezidenti Robert Koçaryan, Arkadi Qukasyan və həmin vaxt “baş nazir” olan Arayik Harutyunyan”.

Levon Mnatsakanyan “parad”da artilleriya silahlarının bütün növlərinin olduğunu deyib və əlavə edib: “D-30, D-20, tank əleyhinə vasitələr, BM-21 qrad, artilleriyanın özüyeriyən qurğuları… Raket kompleksləri var idi, səhv etmirəmsə “Smerç”, “Toçka” olub. Zirehli texnikalardan tanklar, piyadaların döyüş maşınları olub”.

O, “parad”da istifadə olunan silahların bir qisminin Ermənistandan gətirildiyini də deyib və bildirib: “Bu “parad”da elə silahlar var ki, onlar “müdafiə ordusu”nun arsenalında yoxdur. Lakin hərbi “parad”ın keçirilməsi üçün gətirilib. Məncə, həmin “parad”da “BM 80”, “Toçka, “Smerç” olubsa, Ermənistan gətirilənlərdir”.

Levon Mnatsakanyan rejimin “ordusu”nun Ermənistan silahlı qüvvələrinin bir hissəsi hesab olunduğunu, “komandan” vəzifəsinə təyinatın Ermənistan müdafiə nazirinin təqdimatı əsasında Ermənistan prezidenti tərəfindən həyata keçirildiyini bildirib və deyib: “Sonralar isə bu təyinatı Ermənistanın baş naziri həyata keçirirdi”.

Təqsirləndirilən şəxs rejimin “ordusu”nun ehtiyacı olan silahların siyahısının tərtib olunduğunu, bunun əsasında Ermənistandan silah aldıqlarını, əvəzində heç bir ödəniş edilmədiyini deyib.

Levon Mnatsakanyan 2016-da şərti olaraq “Aprel döyüşləri” adlandırılan hadisələr zamanı – aprelin 2-dən sonunadək Ağdam, Tərtər, Füzuli, Ağcabədi və digər ərazilərin iriçaplı silahlardan və digər silahlardan atəş açılması barədə sualları da cavablandırıb. Təqsirləndirilən şəxs iddia edib ki, onlar həmin vaxt hücum edən deyil, müdafiə olunan tərəf olub.

Təqsirləndirilən şəxs hadisələr zamanı diviziya komandirləri tərəfindən ona məruzə olunduğunu deyib: “Mənə məruzə edib xahiş etdilər ki, müvafiq qərarlar verilsin. O qərarlar mənim tərəfimdən təsdiqləndi”.

O, hadisələrlə bağlı Ermənistan silahlı qüvvələrinin əməliyyat idarəsinin rəisi Artak Davtyana və baş qərargah rəisi Yuri Xaçaturova məruzə etdiyini bildirib. “Mən məruzə edəndən sonra baş qərargah rəisi göstəriş verdi ki hətta rezervləri də cəmlənmə rayonlarına çıxarım”.

Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrindən aldığı tapşırıqları da sadalayıb. Bu tapşırıqlara ön xətti gücləndirmək, rezervləri müvafiq rayonlara çıxarmaq, əlavə komplektləşdirmə həyata keçirmək və rəqibin hücumunun qarşısını almaq üçün bütün vasitələrdən istifadə etmək daxil imiş.

Levon Mnatsakanyan Aprel döyüşləri zamanı “D-20”, “D-30” silahlarından, qrad raketlərindən, atıcı silahlardan istifadə etdiklərini bildirib.

İddia edib ki, həmin vaxt mülki şəxsləri hədəf almayıblar.

Məhkəmə prosesi iyunun 12-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

“Azərbaycan tarixi xəritələrdə” – Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb

“Azərbaycan tarixi xəritələrdə” atlasının onlayn versiyası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının saytında yerləşdirilib.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan atlasın redaksiya heyətinə AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov (elmi redaktor və naşir), Vüqar Ağayev (layihə rəhbəri), tarix elmləri doktoru Tofiq Nəcəfli, tarix elmləri doktoru Güntəkin Nəcəfli, texnika üzrə fəlsəfə doktoru Eldar Əliyev, riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva və tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev daxildir.

“Azərbaycan tarixi xəritələrdə” atlası Azərbaycan tarixinə dair ilk mükəmməl və geniş həcmli atlasdır. Atlasa 198 xəritə, o cümlədən böyük türk alimi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərindəki dünya xəritəsi (1076), italyan kartoqraf Fra Mauronun “Mappa mundi” adlı dünya xəritəsi (1459), Qafqaz Hərbi Dairəsinin xəritəsi (1903) və Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi (1919) daxil edilib. Bu xəritələr sübut edir ki, 1918-ci ilə qədər Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb.

Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib

Prezident İlham Əliyev Mülki Prosessual Məcəllədə və “İcra haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin mayın 16-da qəbul etdiyi qanunu təsdiqləyib.

Yeniliyə əsasən, Azərbaycanda ölkədən getmək hüququ məhdudlaşdırılan borclu fiziki şəxsə və hüquqi şəxsin icra orqanının rəhbərinə bu barədə məlumat verilməsi qaydası dəyişdirilib.

Dəyişikliyə görə, borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin hüququnun ölkədən getmək müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış idarələrarası və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

Prezident TƏSDİQLƏDİ – Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək

Azərbaycanda dövlət siyahısına daxil edilən abidələrə vahid qaydalar əsasında pasport veriləcək.

Bununla bağlı Prezident İlham Əliyev “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edib.

Dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Bundan başqa, dövlət başçısı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.

Podrat müqaviləsi nədir?


Müasir gündəmdə demək olar ki, çox yer alan müqavilə növü podrat müqaviləsidir. Podrat müqaviləsi dedikdə, müəyyən işlərin görülməsi fonunda həmin işin dəyərinin ödənilməsi barədə müqavilə növü başa düşülür. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Podrat müqaviləsi ikitərəfli, konsensual və əvəzli müqavilədir. Belə ki,müqavilədə iki tərəf sifarişçi və podratçı olur.
Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
Müqavilə azadlığı Azəbayacan Resoublikası Konstitusiyasının 29-cu və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar.
Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı).
Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir.
Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin.
Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır.
Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Məcəllənin 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir.

VƏKİL RÖVŞƏN QASIMOV. AZƏRBAYCAN VƏKİLLƏR KOLLEGİYASININ ÜZVÜ, BAKI ŞƏHƏR 20 SAYLI VƏKİL BÜROSUNUN VƏKİLİ. 0558576577 WhatsApp

Gənc Etnoqrafların I Respublika Forumu

4-5 iyun 2025-ci il tarixlərində Qubada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə paytaxt Bakı və ölkəmizin müxtəlif bölgələrindən olan gənc alim və tədqiqatçıların iştirak etdiyi Gənc Etnoqrafların I Respublika Forumu təşkil edilib. Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mətbuat katibi Abutalib Turabovun verdiyi məlumata görə, forum, Azərbaycanın zəngin mədəni irsini tədqiq etmək, gənc alim və etnoqraflar arasında elmi əlaqələri möhkəmləndirmək və tarixi irsimizin dərinliklərinə dair müzakirələr aparmaq məqsədi daşıyır.
Forumun işinə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Xatirə abidəsinin ziyarəti ilə başlanılıb. Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini xanım Səidə Abasova, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin müdiri Səbuhi Bəşirov, yerli idarə-müəssisə rəhbərləri, rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də muzeylərin əməkdaşları, tarixi abidə mühafizəçiləri, etnik qrupların nümayəndələri, ziyalılar, həmçinin gənclər forumda iştirak ediblər.
İlk olaraq, sənətkar və rəssamların əl işləri, posterlər və “Alaca” Milli Geyim Evinin libaslarından ibarət sərgilərlə tanışlıq olub. Plenar iclasda açılış nitqi ilə çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova forumda iştirak edən Azərbaycanın tarixini və mədəniyyətini tədqiq edən gənc alim və tədqiqatçıları, bu sahə üzrə çalışan mütəxəsssisləri salamlayıb, sonra isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyeva və Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov çıxış ediblər. Daha sonra layihə təşəbbüskarı Dr. Günay Həsənova forumun mahiyyəti barədə iştirakçıları məlumatlandırıb.
Forum iştirakçıları geniş elmi məruzələr silsiləsi ilə “Tarix və Mədəniyyət”, “Arxeologiya və Antropologiya”, “Etnoqrafiya və Etnologiya” və “Tarixi abidələr və Turizm” sahələrində müzakirələr apararaq Azərbaycanın qədim mədəni irsinin günümüzdə necə qorunmalı və gələcək nəsillərə ötürülməli olduğu mövzusunda fikirlər bildirib, mövzu ətrafında slayd və posterlər təqdim ediblər. Plenar iclasdan sonra forumun işi 4 bölmədə davam edib.
Gün ərzində davam edən bölmə iclasları, elmi müzakirələr həm sahə mütəxəssisləri, həm də forum iştirakçıları üçün böyük əhəmiyyət daşıyıb. İştirakçılar Azərbaycan etnoqrafiyası barədə, eləcə də şimal-şərq bölgəsinin maraqlı fakt və məlumatları ilə tanış olublar.
2 günlük forum işinə 5 iyun tarixində iştirakçılar üçün təşkil olunmuş mədəni proqramın, abidələrin, o cümlədən Tağlı körpü, Qırmızı qəsəbə, üç tarixi məscid və Gümbəzli Hamam kimi tarixi yerlərin ziyarətinin həyata keçirilməsi ilə sonlanacaqdır.
Quba şəhərində keçirilən bu tədbir gənc etnoqrafların və tədqiqatçıların bir araya gəlməsi, əməkdaşlıq əlaqələrinin inkişafı və Azərbaycanın zəngin mədəni irsinin qorunması məsələsində yeni yanaşmaların ortaya qoyulması baxımından böyük əhəmiyyət kəsb edir.
Forum çərçivəsində 70-ə yaxın elmi məqalələr təqdim edilib, 150-dən çox iştirakçı qatılıb və forumun materiallar toplusu hazırlanıb.
Qeyd edək ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 2013-cü ildən bəri fəaliyyət göstərir. 200 mindən çoxu xarici olmaqla ümumilikdə 1 milyondan çox ziyarətçi qarşılayan Kompleksdə mütəmadi olaraq simpozium, konfrans və forumlar təşkil edilir.

Bu il Bakıdan İrəvana və əks istiqamətə bu qədər uçuş olub: Kimlər gəlib-gedib?

2025-ci ilin yanvar-iyun aylarında İrəvandan Bakıya və əks istiqamətdə iki dövlət reysi yerinə yetirilib.

Bu barədə “Sputnik Ermənistan”a Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən yazılı sorğuya cavab olaraq məlumat verilib.

“Bu il İrəvan-Bakı marşrutu üzrə bir, əks istiqamətdə isə bir reys həyata keçirilib. Hər iki halda təyyarədə xarici dövlətlərin rəsmiləri olub”, – idarədən bildiriblər.

Nazirlik qeyd edib ki, əlavə məlumatı yoxdur, çünki dövlət reyslərinin həyata keçirilməsinə icazə Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən verilir.

Əvvəllər bildirilmişdi ki, 2020-ci ildən etibarən İrəvan-Bakı-İrəvan marşrutu üzrə aviadaşımalar yalnız beynəlxalq nümayəndə heyətlərinin daşınması üçün dövlət reysləri formatında həyata keçirilir. Marşrut açılandan indiyədək 68 belə uçuş həyata keçirilib.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?