
Tələbələrin gəlməyinə sayılı həftələr qalsa da, kirayə mənzil bazarında yay ayları müddətində davamlı olaraq bahalaşma müşahidə edildi.
Əmlakçılar hesab edir ki, hər il ortalama hesabla kirayə bazarında 10 faizdən artıq bahalaşma olur.
Bəs kirayə mənzillərin qiymətinin günü-gündən bahalaşmasının səbəbi nədir?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bunun əsas səbəbinin istismar müddətini bitirmiş köhnə tikililərin mərhələli şəkildə sökülməsi olduğunu bildirib:
“Kirayə qiymətləri son aylarda artır və artmaqda da davam edir. 2016-cı ildən başlayaraq, Bakı şəhərində Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə istismar müddətini bitirmiş binaların söküntüsünə start verildi. Bu günə qədər paytaxt ərazisində çox sayda köhnə, çoxmənzilli yaşayış binaları söküldü və sökülür. Bundan başqa fərdi həyət evlərindən ibarət olan ərazilər – Sovetski, Papanin, Kubinka sökülməyə başladı. Hansı ki, bu ərazilərdən ucuz – 150-200 manata kirayə evlər tapmaq olurdu. Köhnə binalar söküləndə həmin binada olan kirayə mənzillər kirayə bazarından çıxmış olur və o binada yaşayan sakinlər sökülmüş evlərinin yerinə yeni evlər tikilənə qədər kirayə çıxmalı olurlar. Bu proses də 2-3 il müddətində uzanır. Həmin mənzil sahibləri kirayə çıxmaq məcburiyyətində qalırlar və tutduqları kirayə mənzili də 2-3 il müddətində bron edirlər.
Sökülən köhnə binalarda 1 otaqlı mənzillər 300, 2 otaqlılar 400 manata olurdusa, yeni tikililərdə olan mənzillərin kirayə qiyməti isə köhnə tikilidən iki dəfə bahadır. Yeni tikililərdə tələb olunan kommunal xərcləri də mənzilin kirayə qiymətinin üzərinə gəlsək, 20 faiz də artım edir. Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə, önümüzdəki 10 ildə paytaxt ərazisində ucuz kirayə mənzil tapmaq əlçatan olmayacaq.
Köhnə tikili olan 9 mərtəbələrdən başqa minlərlə istismar müddətini bitirmiş, yüzlərlə qəzalı vəziyyətdə olan binalar var və onlar mərhələli şəkildə sökülür. Bu proses də davam edəcək”.
Ekspert qeyd edib ki, tələbə yataqxanalarının fəaliyyətinin bərpası bu problemi müəyyən qədər həll edə bilər:

“Bundan əziyyət çəkənlər daha çox tələbələr və paytaxt sakinləridir. İnsanlar işləyir, müəyyən əməkhaqqı alır, lakin həmin əməkhaqqı kirayə pulunu və digər kommunal xərcləri ödəməyə bəs etmir.
Bu vəziyyətin aradan qaldırılması üçün müəyyən yollar var. Vaxtilə bütün ali təhsil müəssisələrinin yataqxanaları vardı, Birinci Qarabağ Müharibəsi zamanı məcburi köçkünlərin əksəriyyəti həmin yataqxanalara sığındılar. Artıq onların böyük əksəriyyətini dövlət evlə təmin edib, torpaqlarımız azad olunub və onlar mərhələli şəkildə həmin torpaqlara köçürülürlər. İndi yataqxanaları yenidən geri qaytarmaq lazımdır. Həmin yataqxanalar yaşayış üçün yararlı deyil, böyük əksəriyyəti qəzalı vəziyyətdədir. Lakin onların torpaq sahələri var, həmin sahələrdə müasir, daha hündürmərtəbəli yataqxanalar tikmək olar. Bu zaman tələbələrin böyük əksəriyyəti həmin binada evlə təmin olunacaq. Minimal ödənişlə həmin mənzillər kirayə verilə bilər, bu həm ali təhsil müəssisəsinə külli miqdarda gəlir gətirər, həm də tələbələrin ev problemi aradan qalxmış olar.
Azərbaycanda çox sayda ali təhsil müəssisələri var, amma yataqxanalar sıfır vəziyyətindədir. Bəzi universitetlərin yataqxanaları var, lakin bu çox kiçik həmcdədir. Tələbələrin heç 5 faizini mənzillə təmin edə bilmirlər, sadəcə ad olaraq yataqxana var. Bu problem həll olunarsa, tələbələr yataqxanalarda mənzillə təmin olunarsa, kirayə bazarındakı bəzi problemlər aradan qalxar. Hər il avqust, sentyabr ayında on minlərlə tələbə paytaxta axın edir, bu da o deməkdir ki, minlərlə mənzil tələbələr tərəfindən kirayələnir. Əgər onlar yataqxanalarla təmin olunsa, kirayə mənzillər tələbələrdən azad olunsa, müştəri qıtlığı yaşanacaq və avtomatik olaraq qiymətlərdə enmələr baş verəcək.
Bundan başqa, kirayə qiymətlərinin artımına digər səbəb ev qiymətlərinin artımıdır. Belə ki, kirayə qiyməti əmlakın satış dəyərinin 0.5 faizi ilə hesablanır. Məsələn, bir mənzilin satış dəyəri 100 min manatdırsa, onun kirayə qiyməti aylıq 500 manatdan hesablanır”.