
“Vidadi şəxsi heyətə qarşı diqqətcil hərbçi idi”.
yasamal.tv xəbər verir ki, bunu Modern.az-a ötən gün erməni təxribatının qarşısını alarkən şəhid olan Vidadi Zalovun Vətən müharibəsində döyüş yoldaşı olmuş jurnalist İlham Tumas bildirib.
“Mən tağım komandiriydim, o isə mənim müavinim idi. Kəşfiyyatdan gəlmişdi. Tağım arasında sözü keçirdi. Uşaqlar ona ağsaqqal kimi baxırdılar. Əsgərlərdən biri ziyanlı vərdişə qurşanmışdı. Siqaret çəkirdi. Vidadi onu ikicə günə “adam elədi”. Həmin əsgər bir daha siqaret çəkmədi. Vidadi dostlarına, əsgər yoldaşlarına və şəxsi heyətə qarşı diqqətli hərbçi idi. Elə olurdu ki, şəxsi heyət üçün ərzaq 3-4 saata gəlməli olurdu. Vidadi elə edirdi ki, bu müddət ərzində bir nəfər də ac qalmırdı”,- tanınmış jurnalist şəhid gizirlə bağlı xatirələrini bölüşüb.

İlham Tumas bildirib ki, Vidadi Zalov qorxmaz hərbçi kimi xatirəsində qalıb:
“Bizim aramızda dostluq münasibətləri var idi. Xocavənddən Şuşanın kəndlərinə qədər birlikdə döyüş yolu keçmişik. Vidadi dünən ona verilən tapşırığı yerinə yetirirmiş. Yenə qorxmazlıq nümayiş etdirib. Mən bildiyimizə görə, ermənilər onu kürəyindən vurublar”.
Qeyd edək ki, ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Zalov Vidadi Nizami oğludur. Zalov Vidadi Nizami oğlu 17 iyul 1985-ci ildə anadan olub. O, Abşeron rayonunun Saray qəsəbəsində böyüyüb boya-başa çatıb, atası Nizami Zalov vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləyib.
Vidadi Zalov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub. 2003-2007-ci illərdə Maliyyə fakültəsində təhsil alıb. O, əsgəri xidmətdən sonra ordu sıralarında qalmağa qərar verib.
“Vidadi hər zaman Vətənini sevən olub. O, deyərdi ki, Vətənin bu dar günündə mən rahat kresloda, qalstukla oturub işləyə bilmərəm, Vətənimə xidmət etmək istəyirəm”, – şəhid hərbçinin atası Nizami Zalov bildirib.
Qeyd edək ki, şəhid gizirin iki övladı yadigar qalıb.