“Azərbaycan xalqının hüquq və azadlıqlarının təmin olunmasında Avropada fəaliyyət göstərən institutlar kifayət qədər ədalətli mövqe sərgiləmirlər”.
yasamal.tv xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı qərəzli, böhtan xarakterli bəyanatlar, eləcə də qanunsuz məhkəmə qətnamələri qəbul edilir: “Biz dəfələrlə bunun şahidi olmuşuq. Bu, erməni lobbisinin güclü təsiri ilə həyata keçirilir. Əlbəttə, Azərbaycanın məhkəmə-hüquq sistemi bununla bağlı öz fəaliyyətini kifayət qədər yaxşı qura bilib. Ancaq bunun yetərli olmadığını hesab edirəm”.
Deputat bildirib ki, indiki zaman kəsiyində bu cür hallara qarşı daha qətiyyətli, ardıcıl və sistemli şəkildə fəaliyyət qurulmalıdır: “Ümidvaram ki, Azərbaycanın məhkəmə-hüquq sistemi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 16 nömrəli Protokolu təsdiq olunandan sonra öz fəaliyyətini daha da gücləndirəcək”.