Avropa Parlamenti elektrikli avtomobillərə keçidi sürətləndirmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə 2035-ci ildən Avropa İttifaqında yeni benzin və dizel avtomobillərinin satışını effektiv şəkildə qadağan edən qanunu rəsmi olaraq təsdiqləyib.
Millitirbuna.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qanun həmçinin 2030-cu ildən satılan yeni avtomobillər üçün karbon qazının emissiyalarının 2021-ci ilə nisbətən 55% azaldılmasını nəzərdə tutur ki, bu da mövcud 37,5% hədəfindən xeyli yüksəkdir. Avropa İttifaqı ölkələri ötən ilin oktyabrında parlamentdə qərarı təsdiqləyib, lakin hələ də qaydaların qüvvəyə minməsi üçün yekun təsdiqin mart ayında olması gözlənilir.
Məlumata görə, yeni mikroavtobuslar 2021-ci illə müqayisədə 2035-ci ilə qədər karbon qazı emissiyasının 100%, 2030-cu ilə qədər isə 50% azalma tələblərinə cavab verməlidir.
Qeyd edək ki, Avropada bir çox avtomobil istehsalçıları elektrikləşdirməyə sərmayə qoyulacağını bəyan edib.