ABŞ-da Şuşa barədə sənədli film təqdim edilib

11

Vaşinqtonda Azərbaycanın Zəfər rəmzi olan,Şuşanın milli simvolu “Xarı bülbül” gülünün hekayəsindən bəhs edən “Xarıbülbül əfsanəsi” sənədli filmi nümayiş etdirilib.

yasamal.tv report.az-a istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-daki səfirliyi tərəfindən təşkil olunan təqdimat mərasimində diplomatlar, hərbi atteşelər, beynəlxalq təşkilatların təmsilçiləri və yerli ictimayyətin nümayəndələri iştirak edib.

Filmin nümayişindən öncə çıxış edən səfirliyin əməkdaşı Erkin Heydərli film haqqında qonaqlar məlumat verib, Xarıbülbülün hekayəsinə həyat verən yaradıcı heyətə təşəkkür edib.

Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısı Cefri Verbok çıxışında filmin rejissoru Mikael Silkeberqlə təsadüf nəticəsində tanış olduğunu və onu Azərbaycana dəvət etməklə bərabər reallaşan uğurlu ekran əsərindən söz açıb. C.Verbok bildirib ki, rejissor Silkeberq Şuşanı öz doğma diyarı kimi bağrına basaraq sənədli filmə həyat verib.

Filmin rejissoru Mikael Silkeberq çıxışında “Xarı Bülbül” gülünün hekayəsini lentə almaq üçün üz tutduğu Şuşada qarşılaşdığı maraqlı hadisələrdən bəhs edib. Rejissor deyib ki, İpəkyolu üzərində yerləşən Azərbaycanın zəngin tarixi, qədim mədəniyyəti, musiqisi, mətbəxi, gözəl təbiəti onu valeh edib.

O, filmin çəklişləri üçün İsveçrədən öncə Bakıya, daha sonra Şuşaya uzanan yolda Azərbaycanın tarixi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri ilə reallaşdırığı müsahibələrdən danışıb.

Çıxışlardan sonra film nümayiş etdirilib.

ABŞ ictimayyəti və qonaqlar filmi böyük maraqla izləyiblər. Film nümayişindən sonra rejissor Silkeberq qonaqları maraqlandıran sualları cavablandırıb.