Çoxmənzilli yaşayış binalarının həlli tapılmayan problemi: “Dövlət nəzarət etməlidir”

50

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev yazır…

Artıq 20 ildən çoxdur ki, ölkəmizdə çoxmənzilli binaların tikintisi sahəsi sürətlə inkişaf edir. Bu illər ərzində yüzlərlə çoxmənzilli bina və komplekslər tikilərək vətəndaşlara təhvil verilib. Azərbaycanın tikinti şirkətləri qısa zaman kəsiyində hətta keçmiş MDB ölkələri arasında da öz professinallığı ilə tanınıb və böyük inşaat şirkətlərinə sahib olublar. Bu şirkətlər hətta dünya arenasına çıxa biləcək binaların inşasına imza atıblar. Lakin bu sahədə hələ də müəyyən boşluqlar mövcuddur.

Başlıca problemlərdən biri binaların idarə olunması ilə bağlıdır. Belə ki, tikinti şirkətlərinin inşa etdiyi yaşayış binalarında yığılan kommunal ödənişlər bəzən sakinlər tərəfindən haqlı olaraq birmənalı qarşılanmır. Xüsusən də yığılan yüksək məbləğli kommunal ödənişlər qarşılığında göstərilən aşağı xidmətlər və bəzən tam əksi olaraq, MTK tərəfindən yığılan aşağı kommunal ödənişlərə baxmayaraq, göstərilən yüksək xidmət diqqət çəkən məqamlardan biridir. Mənzil Məcəlləsinin bir çox bəndlərində bu barədə qanunlar yazılsa da, təəssüf ki, qanunların icrasında xeyli problemlər yaşanır.

Türkiyə, Avropa və digər ölkələrin praktikalarına nəzər salsaq, binaların idarə olunma sahəsi ən gəlirli xidmət sahələrindən biri hesab olunur. Lakin ölkəmizdə bu sahədə mövcud olan problemlər həddindən artıq çoxdur. Bəzən sakinlər idarəetməni tətbiq edərkən Mənzil-Tikinti Kooperativi (MTK) rəhbərləri ilə anlaşılmazlıq yaşanır. Kommunal xidmət sahəsindəki mövcud problemlərin yaratdığı çətinliklər bu sahənin inkişafına çox ciddi mənfi təsir göstərir. Ölkəmizdə 2000-dən çox yeni tikilmiş çoxmənzilli yaşayış binalarının olmasına baxmayaraq, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) və idarəetmə şirkətlərinin sayı həddindən artıq azdır.

Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri (MMMC) çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarına sahib olacaq şəxslər tərəfindən yaradılır. Lakin bu Cəmiyyətin fəaliyyətində də bir sıra problemlər mövcuddur. Cəmiyyət tərəfindən yığılan kommunal vəsaitlər bəzən az və ya çox olur. Yəni, vəsaitlə bağlı birmənalı yanaşma yoxdur. Halbuki istifadə olunan yaşayış binalarında zamanla təmir-bərpa işlərinə ehtiyac var. Sakinlər tərəfindən yığılan kommunal vəsaitləri ilə bu işləri həyata keçirmək mümkün olmur.

Problemin həlli üçün çoxmənzilli yaşayış binalarının dövlət nəzarətinə keçirilməsinə ehtiyac var. İdarəetmə işi sakinlərə məxsus olsa da, bir Fondun yaradılması zəruridir. Həmin fonda yığılan vəsaitlə gələcəkdə binanın təmiri üçün tələb olunan xərclər ödənilməlidir. Çünki hazırda istifadədə olan binaların əksəriyyəti köhnəlməyə doğru gedir, bəzilərinin fasadları tökülüb, liftləri bərbad gündədir. Yenilənmə işləri isə külli miqdarda vəsait tələb edir. Sakinlər və MTK-ların bu vəsaitə gücü çatmır. Ona görə də dövlət tərəfindən inşası bitmiş binalar təhvil alınaraq, idarəetmə sahələri nəzarətə götürülməlidir. Binaları idarə edən MTK, MMMC və idarəetmə şirkətlərinə aidiyyatı orqanlar tərəfindən dəstək verilməsə,; müəyyən zamandan sonra bina sakinləri ciddi problemlərlə üz üzə qala bilər.

yasamal.tv

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin