İlham Əliyev və Mehriban Əliyeva Müslüm Maqomayevin abidəsinin açılışında iştirak ediblər

13

Avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub.

yasamal.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək deyib:

– Möhtərəm cənab Prezident.

Çox hörmətli Mehriban xanım.

Əziz Tamara xanım.

Əziz dostlar.

Bu gün biz Bakının ən gözəl bir guşəsində, bakılıların çox sevdiyi bir yerdə yığışmışıq. Biz hamımızın qəlbində yaşayan Müslümün abidəsinin açılış mərasiminə yığışmışıq. Oktay deyir, onu uşaqlıqdan tanıyır, mən də onu uşaqlıqdan tanıyıram. Bizim həyətlərimiz üzbəüz idi, həm də atalarımız dostluq edirdi. Müslüm lap gənc vaxtlarıından artıq fərqlənirdi. O, bizdən bir az böyük idi. Amma hələ məktəbdə oxuyanda o, qara kostyumda, notlarla konsertlərdə çıxış edirdi, yəni, öz həmyaşıdlarından tam fərqlənirdi. Doğrudan da Müslüm qeyri-adi bir insan idi. Onun istedadı çoxşaxəli idi. Yadımdadır, o, orta məktəbdə oxuyanda da rəsm əsərləri çəkərdi. Tamara xanım da dedi, Müslüm həm də gözəl rəssam idi. Hər dəfə Bakıya gələndə o, bir ay dəniz kənarında çalışırdı, doğum gününü ulu öndər Heydər Əliyevin evində keçirirdi. Bizim dahi Ulu Öndərimiz heç vaxt onu yaddan çıxarmırdı və mən deyərdim ki, Müslüm onun ərköyün bir övladı idi. Amma Müslüm də heç vaxt xətti keçmirdi, çünki çox mədəni və tərbiyəli bir insan idi.

Mən Müslüm haqqında çox danışa bilərəm. Fəxr edirəm ki, Müslüm Azərbaycanı dünyaya tanıtdırdı və mən fəxr edirəm ki, Müslüm bizim İttifaqın fəxri üzvü idi. Onun İttifaqa üzv qəbul olunduğu gün çox gözəl keçmişdi. Biz həqiqətən çox gözəl dost olmuşuq. Heyfslənirik ki, Müslüm bu gün bizimlə burada deyil. Müslüm sənətin zirvəsində idi. O, sənətdən də əsl kişi kimi getmişdi. Mənim yadımdadır, onun bu hərəkəti məşhur rus sənətkarlarını heyrətləndirmişdi. Çünki hər sənətkar bunu edə bilmir. Müslüm çox iradəli bir insan idi, onun daxilində çox böyük güc var idi.

Mənim ürəyimdə Müslüm haqqında çox sözlər var. Cənab Prezident, mən Sizə təşəkkürümüzü bildirmək istəyirəm. Bu gün Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Siz heç vaxt ziyalıları unutmursunuz. Ona görə mən Sizə təşəkkürümü bildirirəm və Sizə uğurlar arzulayıram.

x x x

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək deyib:

– Möhtərəm cənab Prezident.

Hörmətli Mehriban xanım.

Əziz Tamara xanım.

Bu gün doğrudan da möhtəşəm bir gündür. Cənab Prezident çox romantik stildə çıxış etdi. Sizdən sonra danışmaq çətindir.

Mən Müslümün dostu kimi Sizə dərin minnətdarlığımı bildirirəm. Təkcə Müslümə görə yox, son zamanlar Qara Qarayevin heykəli, Niyazinin heykəli, Rəşid Behbudovun heykəli, Bülbülün heykəli açılıb. Bütün bu açılışlarda Siz bilavasitə özünüz iştirak etmisiniz. Biz bu diqqəti hiss edirik və yüksək qiymətləndiririk. Çox sağ olun, cənab Prezident. Çünki bu böyük insanlar Azərbaycanı bütün dünyada tanıdıblar.

Müslüm bir dost kimi, – Fərhad düz dedi, – çox etibarlı idi. Baxmayaraq ki, Ulu Öndər ona çox yaxın idi, həmişə onu oğul kimi qəbul edirdi, Müslüm heç vaxt bundan istifadə etmirdi, heç vaxt. Son dərəcə təvazökar insan idi.

Mənim ürəyimdə bir kədər hissi var. Heydər Əliyev Fondu keçən il Cıdır düzündə möhtəşəm bir konsert təşkil etmişdi. Fürsətdən istifadə edib bu Fonda dərin minnətdarlığımı bildirmək istərdim. Orada konsert Müslümün “Azərbaycan” mahnısı ilə bitdi. Heyf ki, Müslüm bu günü görmədi. Müslüm görmədi ki, Qarabağ azaddır, Şuşa azaddır. Bax, buna görə bir az kədərliyəm. Amma düz deyirlər, yəqin ki, Müslümün ruhu şaddır. Onun “Azərbaycan”ı bütün konsertlərdə bizim vokalçılarımız tərəfindən ifa olunur. Mən çox şadam ki, Müslümün vokal məktəbi davam edir. Müslüm buna çox sevinərdi, onun böyük ürəyi var idi.

Mən Sizə dərin minnətdarlığımı bildirirəm, hamınızı təbrik edirəm.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin