Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev yazır…
Ölkəmizdə tikinti sahəsinin inkişafı üçün yaradılan münbit şərait aidiyyatı olan bütün sahələrə öz müsbət təsirini göstərir. Deməknolar ki, keçmiş MDB ölkələri arasında Azərbaycan bu sahədə ən böyük uğur qazanan ölkələrdən birincidir. Son 20 ildə inşa olunan yeni tikili çoxmənzilli binaların sayı artıq 2000 -i keçib. Hər bir yaşayış olan çoxmənzilli binanın qiymətləndirilməsini aparsaq, təxmini orta bir binanı 20-30 milyon manat arası qiymətləndirmək olar. Tək mənzilin özü deyil, içinin bütün əşyaları, mebelləri, elektrotexnikaları və mənzilin daxili təmiri iqtisadiyyatın böyük bir hissəsini işlək vəziyyətə gətirir. Bu sahə çox müsbət və təqdirəlayiqdir. Lakin bu sahədə bir çox çatışmazlıqlar var ki, onları aradan qaldırmaqla tikinti və əmlak sahəsinə daha da geniş maraq yaratmaq olar.
Öncəliklə psixoloji amillərə nəzər salsaq, əksər çoxmənzilli yeni tikili binalar 15-20 il əvvəl tikilib. Bu binalarla yanaşı tikilmiş onlarla binalar var ki, onların rəngləri, xarici görünüşləri və memarlıq üslubları tam fərqlidir və bir-birinə uyğunsuzdur. Əksər binaların fasad boyaları isə solaraq, binanın köhnəlməsini və dəyərdən düşməsini tezləşdirir. Hətta bəzi binalar insanlara psixoloji olaraq, çox mənfi təsir bağışlayan tünd və boğuq rənglərlə boyanıb. Bu isə Bakı kimi böyük bir şəhərin memarlıq ansamblına tam ziddir.
Əksər inkişaf etmiş ölkələrin şəhərlərinə nəzər salsaq, binaların xarici görünüşləri, rəngləri və dam örtükləri bir-birini tamamlayır. Bu cür şəhərlərə və binalara kənardan baxdıqda insanlarda psixoloji olaraq müsbət enerji və xoş təəsürat yaranır. Turistlərin ən çox axın etdiyi şəhərlərdə bu cür estetik gözəlliklər daima qorunub, saxlanılır.
Ölkəmizdə turistlərin ən çox axın etdiyi yerlərdən biri isə İçərişəhərdir. Bura qədimliyi ilə bərabər, öz memarlıq üslubuna görə hər kəsdə maraq yaradır. Yüz illərlə yaşı olan İçərişəhərdə hələ də yüz illər bundan öncə mövcud olan milli memarlıq ansambılı memarlar tərəfindən ciddi şəkildə qorunub saxlanılıb. Təəssüf ki, paytaxt Bakıda bir çox böyük kompleks və fərdi çoxmənzilli binalar ilk baxışdan çox sıxıcı görünür. Eyni zamanda insanlar kənardan bu binalara baxdıqda, ölzərini hərbi şəhərcik, zavod və ya fabriklərin ərazisində hiss edirlər.
Həmçinin binalardakı sıxıcı rənglər azyaşlı uşaqların psixologiyasına və gələcəkdəki yaradıcılıq hisslərinə çox mənfi təsir göstərir.
Düşünürəm ki, paytaxt və digər böyük şəhərlərimizi daha da cəlbedici etmək üçün xarici estetik gözəllik daima nəzarətdə saxlanılmalı və binaların fasad boyalarında rəng seçimləri edilərkən psixoloqlara da müraciət edilməlidir. Estetik gözəlliklə yanaşı, rəng seçimi edərkən mütləq şəkildə psixoloji amillər gözlənilməlidir.
yasamal.tv