“Petkim” 2021-ci ildə Egey İxracatçı Birlikləri tərəfindən “İxracatın ulduzları” siyahısında birinci yeri tutub.
yasamal.tv-ın məlumatına görə, 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də ixracat sahəsində öz mövqeyini qoruyan “Petkim” 810,9 milyon dollar ixrac gəliri əldə edib.
Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin törəmə müəssisəsi “Petkim” 2021-ci ildə kimya sektorunun “ixracat lideri” adını qazanıb. Egey İxracatçı Birliklərinin (EİB) açıqladığı ənənəvi “İxracatın ulduzları” siyahısında “Petkim” bütün sektorlar kateqoriyasında da ilk sırada qərarlaşıb.
Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya kompleksi olan “Petkim” iki ildir davam edən pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq fasiləsiz istehsalı davam etdirmək üçün yerli istehsalçıların ehtiyaclarının ödənilməsinə üstünlük verib.
“Petkim” uzun illər təkrar olunduğu kimi 2021-ci ildə də Egey bölgəsində ixracat lideri adına sahib olub. İki illik fasilədən sonra yenidən təkcə kimya deyil, bütün sektorlar üzrə birinci olan “Petkim” 2021-ci ildə 810,9 milyon dollar həcmində ixracat həyata keçirib.
2020-ci ildə olduğu kimi, 2021-ci ildə də gigiyena ehtiyaclarının artması və xüsusilə qablaşdırma materiallarına olan tələbatın davam etməsi ilə “Petkim” istehsal gücündən istifadə əmsalını 87,9 %-dən (2020-ci il) 92,6 %-ə (2021-ci il) yüksəldə bilib.
“SOCAR Türkiyə”nin digər bir törəmə müəssisəsi olan STAR NEZ ilə inteqrasiyası sayəsində yaranan sinerji ilə istehsalı davam etdirən “Petkim” həmçinin 2021-ci ili 5,5 milyard TL xalis mənfəətlə başa vurub.