

Kevin Bennett Photo
Bu gündən başlayaraq mart ayının 13-nə qədər üzgüçülük idman növü üzrə Azərbaycan açıq qış çempionatı start götürür.
yasamal.tv xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışlarda 3-cü idman dərəcəsi olan 140-a yaxın idmançı iştirak edəcək.
Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50, 100, 200 metr məsafələrdə arxası üstə, brass və batterflay üsullarda üzəcəklər. Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasiyasının Nizamnaməsinə və təsdiq olunmuş Əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə ölkənin 15 müxtəlif klubu və idman cəmiyyətinin üzgüçüləri güclərini sınayacaqlar.
Yarışın Nizamnaməsinə uyğun olaraq Azərbaycan açıq qış çempionatında İranın klub üzgüçüləri də iştirak edəcək. Yarışın keçirilməsində məqsəd üzgüçülüyün təbliğ olunması, bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, o cümlədən 2022-ci il üçün beynəlxalq yarışlarda iştirak edəcək üzgüçülük üzrə milli komandanın tərkibinin yenidən formalaşdırılmasıdır.
Qeyd edək ki, yarışın sonunda qaliblər nazirlik və federasiya tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.