FIFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.
yasamal.tv-ın məlumatına görə, ölkə millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq.
Eyni zamanda “Spartak” Avropa Liqasının 1/8 final mərhələsində Almaniya “Leyptsiq”i ilə qarşılaşmalarda iştirak etməyəcək. “Leyptsiq” oynamadan növbəti mərhələyə yüksələcək.
Martın 24-də Rusiyanın kişilərdən ibarət komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının finalına çıxmaq üçün pley-off turnirinin yarımfinalında Polşa komandası ilə Moskvada oynamalı idi. Digər yarımfinalda isə İsveç və Çexiya komandaları qarşılaşacaq.
Turnirin qalibi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Rusiyanın qadınlardan ibarət komandası iyulun 6-dan 31-dək İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməli idi.