
Bu gün – fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Stoltenberq ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib. Eyni zamanda dövlətimizin başçısı dəvətə və göstərilən qonaqpərvəliyə görə təşəkkürünü bildirib.
Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.
NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü bildirib. Prezident İlham Əliyev isə Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.
NATO-nun Baş katibinin Azərbaycanla bağlı mövqeyini Modern.az-a dəyərləndirən Türkiyənin ehtiyatda olan ordu generalı Ərdoğan Karakuş bildirib ki, hazırda Azərbaycan Qərb və NATO üçün vacib ölkədir.
“İndi Qərbin Azərbaycana qarşı münasibəti xeyli dəyişib. Hazırda Azərbaycan Qərb dünyası üçün vacib ölkədir. Azərbaycan qazı dünyada önəmli rol oynayır. Buna görə də Azərbaycanla əlaqələri daha da gücləndirməyə çalışırlar.
NATO-nun baş katibinin Prezident İlham Əliyevə zəng etməsi, Azərbaycana təşəkkürlərini ifadə etməsi Bakının əhəmiyyətindən xəbər verir. Əslində bu əlaqələr türk dövlətəri üçün də bir şansdır. Ona görə başda Türkiyə olmaqla, bütün türk dövlətləri Azərbaycana əlaqələrin normallaşmasına yardımçı olduğu üçün təşəkkür edir. Azərbaycan türk dünyasını ən yaxşı pilləyə daşımaq üçün əlindən gələni edir”.
Türkiyəli general vurğulayıb ki, hazırda Azərbaycanın ən böyük məqsədlərindən biri Qərb ilə əlaqələrini daha da gücləndirməkdir:
“Qarabağ məsələsi artıq öz həllini tapdı, bundan sonra böyük məqsədlər üçün çalışmaq lazımdır. Necə ki, Türkiyənin Qərb ilə əlaqələri NATO çərçivəsində güclənirsə, Azərbaycan da bundan istifadə etməlidir. NATO dövlətləri Azərbaycana göstərdiyi fədakarlığa görə təşəkkür etməlidir. Azərbaycan əlaqələrin inkşafında maraqlıdır və proseslərdən qalib çıxacaq”.