
yasamal.tv Talassemiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayevin “Report”a müsahibəsini təqdim edir:
– Azərbaycanda insanlarda ən çox rast gəlinən genetik xəstəliklər hansılardır?
– Azərbaycanda qohum evliliyinin çox olması səbəbindən genetik xəstəliklər geniş yayılıb. Əsasən beta talassemiya, metabolik xəstəliklər, əzələ distrofiyaları, aralıq qızdırması sıx müşahidə edilir. Eyni zamanda, nadir rast gəlinməsinə baxmayaraq, Azərbaycan populyasiyasında sıx görülən bir sıra genetik xəstəliklər də var. Xüsusilə kistik fibroz (irsi yolla keçən metabolik xəstəlik) çox yayılıb. Adətən, qohum evliliyinin geniş yayıldığı cəmiyyətlərdə, populyasiyalarda autosom-resesiv xəstəliklər olur. Bu baxımdan xəstə uşaqların doğulma riski də artır.
– Valideynlər qohum evliliyi ilə gələcəkdə yarana biləcək hansı problemləri gözardı edirlər?
– Qohum evliliyi şəxslərin ya ana, ya da ata tərəfədən ortaq genlərini paylaşmaq ehtimalının yüksək olması deməkdir. Çünki onların bəzən bir, bəzən də hər iki tərəfdən ortaq genləri ola bilər. Bəzi ailələrdə özlərindən əvvəlki nəsillərlə sıx qohum evliliyi var. Bu zaman nikaha girəcək hər iki şəxsin ortaq geni paylaşma ehtimalı artır. Bununla onlar qohum evliliyi vasitəsilə ortaq genləri süni yolla qarşılaşdırmış olurlar. Bu yolla da autosom-resesiv xəstəliklər üçün risk yaranır. Təsəvvür edin, iki daşıyıcının nikahından hər hamiləlikdə xəstə uşaq doğulma ehtimalı 25 faizdir.

Ağa Rza Ağayev
– Genetik xəstəliklər doğulandan özünü büruzə verir, yoxsa sonradan meydana çıxır?
– Bəzi genetik xəstəliklər uşaq ana bətnində olarkən ultrasəs müayinəsi zamanı özünü büruzə verə bilər. Məsələn, akondoplazia (cırtdan boyluluq) xəstəliyi autosomal dominant xəstəlikdir, amma bəlli bir həftənin üzərində perinatoloq ultrasəs müayinəsi ilə baxdığı zaman sümüklərin qısalığından şübhələnib uşaq ana bətnindəykən xəstəliyi genetik diaqnozla təsdiqləyə bilər. Bundan əlavə, hamilələr mütləq şəkildə ikili-üçlü-dördlü skriniq testlərindən keçməlidirlər. İkili skrininq testi hamiləliyin 11-14-cü həftəsi arasında edilir. Əgər hər hansı bir patologiya varsa, ya da ananın yaşı 35-dən çoxdursa, bu zaman Daun, Edwards, Patau sindromu üçün risklər olur. Belə risklə müraciət edən hamilədə genetik analizlə diaqnoz təsdiqlənərsə, bu ana bətnində müəyyənləşdirilən xəstəliklərə nümunədir. Bəzi xəstəliklər isə yaşın irəliləyən dövrlərində özünü büruzə verə bilir. Uşaqlıq dövründə, gənc yaşlarda aşkarlanan xəstəliklər də var. Hətta 40 yaşlarında da özünü büruzə verən genetik xəstəliklər mövcuddur. Buna misal olaraq, Hantinqton xəstəliyini göstərə bilərik. Bu xəstəlik, əsasən, sinir-əzələ bağlantılarında olanda hansısa pozğunluq nəticəsində genetik mutasiya yaradır. Beyin hüceyrələrində pozulmalar olur. Bu xəstəliyin geni doğulandan insanda var, amma 40 yaşlarında ortaya çıxır. Çox proqressiv bir xəstəlikdir, hətta yatağa belə düşməyə gətirib çıxara bilər və müəyyən dövrdən sonra həyati funksiyalar itdiyinə görə ölümlə nəticələnir. Dominant xəstəliklərin hər nəsildə ortaya çıxmasına 50 faiz ehtimal var.
– Dünyada CRISPR-Cas9 (genom redaktə) metodu tətbiq edilir. Bu metodun insanlığa faydaları və zərərləri nədir?
– İki il bundan əvvəl CRISPR-Cas9 metoduna görə Emanuel Karpenter və Cenifer Daudna Nobel mükafatı aldılar. Əslində, Nobel mükafatı iki il öncəyə təsadüf etsə də, bu istiqamətdə araşdırmalar xeyli əvvəldən başlayıb. Ümumiyyətlə, istər tibbdə, istərsə də kənd təsərrüfatında və ya bitki biotexnologiyasında genetik mühəndisliyin öyrənilmə və tətbiq üsulları hər zaman praktikaya bakteriyalardan keçib. Onlar normal bioloji prosesləri praktikaya tətbiq edərək bütün metodları öyrənirlər. Əslində, CRISPR-Cas9 bakteriyaların viruslara qarşı savaş mexanizmidir. Bəzi viruslar bakteriyaları istila edir və müəyyən müddət sonra bakteriyanın ölümünə səbəb olur. Bakteriya da xarici düşməndən qorunmaq üçün virusa məruz qaldığı zaman onun bəlli gen bölgələrini yaddaşında saxlayır. İkinci-üçüncü dəfə virusla qarşılaşdığı zaman tanısın. Əslində, bu, çox sadə, ibtidai immun sistemini təmsil edir. CRISPR-Cas9 metodunun praktikasında genomun istənilən sahəsinə gedərək kəsir. Bundan sonra genom öz mexanizmi ilə həmin kəsiyi təmir edir. Bu metod hələlik praktik olaraq toxuma kulturasında, bəzi model orqanizmlərin hazırlanmasında, xəstəliklərin öyrənilməsində tətbiq olunur. Amma insan üzərində istifadəsi üçün bir az müddət lazımdır. Çünki insan genomu çox kompleksdir, kəsim bölgələrinin düzgün tanıdılması önəmlidir. İşarə edilən bölgədən fərqli, hədəfkənarı kəsimlər ola bilər. Bu yaxınlarda Çində belə bir hadisə baş vermişdi. Nəticədə müəyyən istənilməyən səbəblər doğurmuşdu. Ümumiyyətlə, CRISPR-Cas9, eləcə də gen terapiyasının çoxalma hüceyrələrimizdə istifadəsinə etik baxımdan icazə verilmir. Çünki müdaxilə sayılır və sonrakı nəsilə təsiri var.

– Bir müddət əvvəl ABŞ-da donuz ürəyi və böyrəyinin transplantasiyası baş tutdu. Bunu inqilabi yenilik adlandıra bilərikmi? Bu, gələcək insan üçün nə vəd edir?
– Əslində, orqan transplantasiyasının tarixi qədimdir. Bu proses hər zaman aktuallığını qoruyur. Bəzi orqanların insanlardan köçürülməsində müəyyən problemlər yaranmır. Çünki həmin orqanların götürüldüyü insanla orqanın köçürülməsi arasında məsafənin orqanın həyatda qalmaq funksiyalarına təsiri çox deyil. Ürək isə həyati orqandır, donorun tapılması da çətindir. Həm də köçürülmə müddəti böyük olmamalıdır. O ki qaldı heyvanlardan insanlara orqan transplantasiyasının olmasına, səhv etmirəmsə, ötən əsrin 80-ci illərində belə bir təcrübə olub. Biz buna ksenotranslpantasiya deyirik. Ksenotranslpantasiyalarda insana genetik olaraq yaxın olan orqanizmlərdən köçürülmə planlaşdırılır. Köçürüləcək orqana bəzi genetik müdaxilələr olur, immun rəddetmə genlərində dəyişikliklər edilir. Çünki istər insandan insana, istərsə də insana yaxın orqanizmdən hər hansı köçürülmə zamanı immun reaksiyalar olur. Bu reaksiyalar ya həmin an, ya da uzun müddət sonra orqanın rədd edilməsi ilə nəticələnə bilər. Ona görə də donuzun ürək və böyrəyinin köçürülməsinin necə nəticələnəcəyini yalnız zaman göstərəcək. Ötən əsrin 80-ci illərindəki köçürülmə uşağa olmuşdu, amma nəticəsi yaxşı olmamışdı.
– İndiki sağlamlıq durumumuza, ruh halımıza görə ulu babalarımızı, nənələrimizi günahlandırmaq nə qədər doğru yanaşmadır?
– Hər bir canlı anadan və atadan genetik mirasını alır. Yəni 23 xromosom anadan, 23 xromosom isə atadan götürülür. Xromosom səviyyəsində baxdığımız zaman geneteik mirasımızın yarısını anadan, yarısını isə atadan aldığımızı görürük. Onda niyə ata-anamızın eynisi deyilik? Bunun səbəbi meyoz bölünmələr zamanı bəzi dəyişikliklərin baş verməsidir. Yəni xromosomlar qarşılaşanda bəzi ayrılmalar yaranır. Nəticədə valideynlərimzin tam oxşarı deyil, onlardan aldığımız bənzərliklərin qarışımı şəklində oluruq. Təbii ki, hər bir canlı mütləq şəkildə nəsillər boyu qazandığını bir sonrakına ötürür. İlk insandan aldığımız genetik mirası sonrakı nəslə ötürə-ötürə gedirik. Canlıların əsas funksiyalarından biri nəsil artırmaqdır. Bunun da əsas səbəbi genetik mirası sonrakı nəsillərə ötürmək və davamlılığını təşkil etməkdir. Bəli, insan doğulduğu zaman bəlli bir genetik yüklə, mutasiya ilə doğulur. Mutasiya varsa, xəstəlik ortaya çıxacaq. Yəni insan atasından və anasından hər hansı bir xəstəliyin mutasiyasını alıbsa, xəstəliyin irsiyyət tipinə görə mütləq ya ortaya çıxacaq, ya da daşıyıcı olacaq. Amma bəzi xəstəliklər multifaktorialdır. Yəni insan genetik yükü alır, amma həyat şəraiti, axışı və qazanılan dəyişikliklər xəstəliyin ortaya çıxmasına təsir edir.

– Multifaktorial xəstəliklər hansılardır?
– Bunlara təzyiq, diabet və bəzi nevroloji xəstəliklər aiddir. Məsələn, tək yumurta əkizlərini fərqli yerdə, şəraitdə böyütsək, həmin xəstəliklər onlardan birində ortaya çıxacaq, digərində çıxmayacaq. Halbuki onlarda genom birəbir eynidir. Yəni bu xəstəliklər ətraf mühitdən, həyat şəraitindən asılıdır.
– Bəs COVID-19-un insanların genetikası və gələcək nəsillər üçün hansısa fəsadı ola bilərmi?
– İnsan həyatın başlanğıcından bu günə kimi bir çox virusların təsirinə məruz qalıb. İnsan genomunu incələdiyimiz zaman onun təxminən 8 faizinin virus qalıqlarından ibarət olduğunu görürük. Bunlara, adətən, endogen retroviruslar deyilir. Həmin viruslar genoma daxil olaraq bir parça halında qalır. Təbii ki, onlar aktiv deyillər, amma genomda qalıqdırlar. Onların təsirinin necə olacağı isə müxtəlif səbəblərdən asılıdır. Yerləşmə şəklindən, genoma giriş, hərəkət şəklindən asılı olaraq, virusun törətmə ehtimalı var. Onlar uzun müddətdir öyrənilir. COVID-19-a gəldikdə isə onun insana təsirinin necə olacağını, bu virusa yoluxmuş insanlarda nə kimi dəyişikliklər olub-olmayacağını bilmək çox çətindir. Uzun onilliklər ərzində hələ bu mövzu araşdırılacaq.
– Genetika ilə bağlı testlər, analizlər olduqca bahadır. Bu analizlər əlçatan olarsa, hansı müsbət hallar və ya problemlər ola bilər?
– Azərbaycanda, elə hazırda çalışdığımız mərkəzdə diaqnozu qoyula bilməyən genetik xəstəlik yoxdur. Növündən, tipindən, mutasiyanın şəklindən asılı olmayaraq, tədqiqat metodlarından istifadə edərək patologiyanın səbəbini aydınlaşdırırıq. Amma hər zaman klinik genetik araşdırma üçün ortada səbəb, patologiya və ya xəstə uşaq olmalıdır. Bununla yanaşı, nikaha girən şəxsləri hansı xəstəliklərin daşıyıcısı olduqları maraqlandıra bilər. Bu zaman genomun yoxlanıldığı daşıyıcılıq paneli analizi var. Bununla hansı xəstəliklərin daşıyıcısı olduqlarını bilirlər. Əgər hər ikisində eyni xəstəliyə təsadüf olunarsa, bununla bağlı genetik məsləhət alırlar. Amma insanda hər hansı patologiya, problem yoxdursa, genetikasını araşdırması heç də doğru yol deyil. Bu analizlərin nəticələri uzun müddətə müəyyən olunur. Bəzən bir insanın analizinin cavabı aylarla çəkir. Ümumiyyətlə, genetikası yoxlanılacaq insanların əvvəldən yazılı razılığı alınır. Bu, dünyanın hər yerində belədir. Sonra onlara ilkin genetik məsləhət verilir. Onlara genetik analizlə bağlı məlumat verilir və nəticələrinin necə olacağı izah edilir. Analizlər götürüləndən və nəticələri bəlli olandan sonra da həmin şəxslərə ikinci dəfə genetik məsləhət verilir. Bu dəfə nəticə izah edilir. Tutaq ki, iki nəfər resesiv xəstəlik daşıyıcılığını öyrənmək üçün analiz verib və nəticələrində hər ikisi də daşıyıcı çıxıb. Bu zaman onlara izah edirik ki, sizin hər hamiləlikdə 25 faiz xəstə uşaq sahibi olmaq ehtimalınız var. 75 faiz hallarda isə normal uşaq doğulma ehtimalı var. Onlara həmçinin hamiləlik zamanı analizlərlə xəstəliyi əvvəldən müəyyənləşdirməyin mümkünlüyü izah edilir. Sağlam uşaq şanslarının olduğunu başa düşdükləri zaman problem yaranmır.

– Hamiləlikdə genetik xəstəlik olduğu təsdiqləndiyi zaman hansı qərar verilir?
– Perinatal diaqnostika ilə dölün xəstə olduğu aşkarlanan zaman valideynlərə məlumat verilir. Doğum zamanı uşağın xəstə olacağının gözlənildiyi izah edilir. Burada genetikin ən önəmli vəzifəsi yönləndirici olmamasıdır, yəni bitərəfliyini qorumalıdır. Genetik sadəcə testin nəticəsini, onun nəyə səbəb ola biləcəyini izah edir. Burada yekun qərar valideynlərin üzərinə buraxılır. Əgər tibbi əsas varsa, valideynlər razıdırsa, tibbi komitələrin qərarı ilə uşaq götürülə bilər. Perinatal diaqnostikanın təməl məqsədi xəstəliklərin erkən dönəmdə aşkarlanması, istər fərdi, istərsə də cəmiyyət üçün yükün azaldılmasıdır. Həmçinin patologiyanın ilk mərhələdə ən düzgün metodla, ən az maliyyə ilə aşkarlanmasıdır.
– Geni dəyişdirilmiş orqanizmlərin (GMO) sağlamlığa zərəri ilə bağlı daima müzakirələr aparılır. Onun xərçəng xəstəliyi yaratdığı iddia olunur.
– Bu məsələ uzun illərdir müzakirə edilir. Geni dəyişdirilmiş məhsullar müxtəlif üsullarla müxtəlif məqsədlər üçün ola bilər. GMO adı çəkiləndə insanların ağlına sadəcə qida gəlir. Əslində, belə deyil. GMO orqanizmdə olmayan hər hansı geni, gen parçasını sonradan əlavə etməkdir. Yəni hər hansı gen əvvəldən həmin gen olmayan məhsula xaricdən əlavə edilirsə, o orqanizm geni dəyişdirilmiş orqanizm olur. Məsələn, hər hansı bitkini də zərərvericilərə qarşı dayanıqlı hala gətirmək üçün ona qoruyucu gen əlavə edilirsə, həmin bitki də GMO olur. Digər nümunə kimi, insulin və ya antibiotikləri misal çəkə bilərik. Daha əvvəllər bunlar qonaq orqanizmlərdə istehsal edilirdi, saflaşdırılırdı, az miqdarda əldə edilirdi. Hazırda genetik mühəndisliyin köməyi ilə insulin və ya antibiotiki bakteriyaya klonlayırlar. Bakteriya da təbii olaraq çox sürətli bölündüyündən hər bölünmə zamanı klonlanan gen də çoxalır. Sonda düzgün saflaşdırma zamanı bol miqdarda insulin və ya antibiotik əldə etmiş oluruq. Bu, insanlığa xidmət üçün istifadə olunur. Əslində, biz həmin bakteriyanı da GMO etmiş oluruq. Yəni GMO-nun sadəcə qidada olduğunu düşünməməliyik. Amma zərər və yararlarını aydınlaşdırmağa çalışsaq, onun insanlarda hansısa fəsadlara səbəb olub-olmayacağı araşdırma mövzusudur. Hazırda da araşdırılır. İnsanlara da bəzi şeyləri mütləq elmi mənbələrdən oxumağı məsləhət görürəm. Yeni dərman, GMO və ya məhsul insanlar üzərində istifadə olunan zaman çox uzun analizlərdən və faza çalışmalarından keçir, müxtəlif sınaqlardan çıxır. ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) dünyada istifadəsinə ciddi nəzarət edir. Yəni nəyinsə genini dəyişdirməklə bazarda satmaq mümkün deyil. Bunlara rəğmən, uzun müddətdən sonra təsirlərinin necə olacağı da öyrənilir. Hər hansı dövrdə yan təsir görülsə, hətta kiçik allergiya yaratsa belə mütləq geri toplanılır və istifadəsinə qadağa qoyulur.
– Bəs Azərbaycanda insan genetikası ilə bağlı dünya səviyyəli araşdırmalar aparılırmı?
– Əlbəttə, bizdə insan genetikasında bütün nadir genetik xəstəliklərin diaqnozu, öyrənilmə metodlarının təkmilləşdirilməsi aparılır. Azərbaycanda insan genomunun bütün analizlərinə icazə verilir. Beynəlxalq serverlər (axtarış sistemi) var. Bütün nəticələr bu serverlər vasitəsilə dünya ədəbiyyatına daxil edilir.