“Latviya və Azərbaycanı dostluq münasibətləri birləşdirir” – Spiker

12

“Latviya ilə Azərbaycanı dostluq münasibətləri və əməkdaşlıq qrupları arasında sıx əlaqələrlə səciyyələnən dinamik parlamentlərarası dialoq birləşdirir”.

yasamal.tv xəbər verir ki, bunu Latviya Seyminin spikeri İnara Murniyetse Riqada səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

“Biz uğurlu dövlətlərarası əməkdaşlığın inkişafında maraqlıyıq”, – deyə latviyalı spiker bildirib.

Məlumata görə, tərəflər görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin möhkəmləndirilməsinə diqqət çəkiblər.

Milli Məclisin sədri bildirib ki, hazırda Avropa İttifaqı (Aİ) ilə əlaqələrin qurulması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

İnara Murniyetse “Şərq Tərəfdaşlığı”nı Aİ-nin tərəfdaş ölkələrlə əməkdaşlıq mexanizmi olduğunu qeyd edib. Latviya Seyminin spikeri bu təşəbbüsün Azərbaycan ilə Aİ arasında əlaqələrin yaxşılaşdırılması üçün mühüm mexanizm olduğunu vurğulayaraq, əməkdaşlığın ölkənin maraqlarına cavab verən və onlara uyğunlaşdırılmış proqramlara əsaslanmalı olduğunu deyib.

Mövcud təhlükəsizlik vəziyyətini müzakirə edən tərəflər razılığa gəliblər ki, hər bir ölkənin xarici siyasətinin əsas vəzifəsi öz ölkəsində və yaxın regionda sülh və təhlükəsizliyi təmin etməkdir. İ.Murniyetse Latviyanın Cənubi Qafqazda sabit və dinc münasibətlərə dəstəyini ifadə edib.

Baltik regionunda geosiyasi vəziyyət barədə azərbaycanlı həmkarını məlumatlandıran Seymin spikeri təhlükəsizlik məsələlərinin hazırda ölkəsinin əsas prioritetinə çevrildiyini deyib.

Bundan əlavə, görüş zamanı Ukraynanın Rusiya ilə sərhədində gərginləşən vəziyyət, eləcə də Aİ-nin Belarusla sərhədindəki vəziyyət müzakirə olunub.

NATO-Azərbaycan münasibətləri barədə danışan parlament spikerləri bu münasibətləri qarşılıqlı faydalı və sabit qiymətləndiriblər. Latviya Seyminin spikeri deyib ki, onun ölkəsi Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhməramlı əməliyyatlara dəstək verməklə Avro-Atlantik təhlükəsizliyə verdiyi töhfəni yüksək qiymətləndirir.

Ölkələr arasında çoxtərəfli formatda əməkdaşlığı müzakirə edən Seym spikeri Azərbaycanı 2025-ci ildə BMT Təhlükəsizlik Şurasına keçiriləcək seçkilərdə Latviyanın namizədliyini dəstəkləməyə çağırıb.

Milli Məclisin sədri Sahibə Qafarova latviyalı həmkarını Azərbaycana səfərə dəvət edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin