Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev maraqlı və eyni zamanda vacib təklif irəli sürüb.
Bu gün ölkəmizdə 2000-dən artıq yeni tikili çoxmənzilli yaşayış binaları mövcuddur. Hər binada müxtəlif sayda mənzillər var. Mənzillərin sayı binaların və komplekslərin həcminə görə uyğun olaraq, təxmini 30-dan 3000-ə qədər dəyişə bilir. Əksər yeni tikili binalardakı mənzillərin və həmin mənzillərdə yaşayan sakinlərin sayı demək olar ki, böyük kəndlər və qəsəbələrdə yaşayan sakinlərin sayına bərabərdir. Yəni, hər bir bina artıq böyük bir kəndə bərabərdir. Tikən şirkətlər Mənzil Tikinti Kooperativləri (MTK) və Məhdud Məsuliyyətli Cəmiyyətlər (MMC) olduğuna görə, həmin binalar vətəndaşlar arasında ünvanına görə deyil, həmin MTK və MMC-lərin adları ilə adlandırılır.
Məlumdur ki, ölkəmizdə yüzlərlə alimlər, professorlar, elmi xadimlər, milli qəhrəmanlar və digər ziyalılar var. Təklif edirəm ki, tikilən hər bir çoxmənzilli yaşayış binasına ünvan adı kimi MTK və MMC-nin deyil, müxtəlif sahələrdə dövlətimizə və xalqımıza fayda vermiş insanların adları müəyyən olunsun. Belə ki, həmin şəxslərin adları rəsmi olaraq yeni tikilən binalara verilsin və binaların girişində kiçik lövhələrdə haqlarında qısa məlumatlar yazılsın. Bu cür təşəbbüs gerçəkləşərsə, ölkə üçün faydalı insanların adlarını əbədiləşdirməklə yanaşı, vətəndaşlarımızın yaddaşında iz qoymaq olar.
Bu gün ölkəmizdə 215 milli qəhrəman, minlərlə professor, şair, yazıçı və yüzlərlə digər adları əbədiləşdirilməli olan insanlar var. Aidiyyatı qurumlardan bu təklifimə baxılmasını və reallaşdırılmasını xahiş edirəm. Bu təşəbbüs reallaşarsa, yüzlərlə layiqli insanların adlarını əbədiləşdirmək mümkün olacaq.
yasamal.tv