Yeni Zelandiya tütün sənayesinə qarşı indiyə qədər qəbul edilmiş ən sərt qərarlardan birini verərək gənclərin siqaret almasını qadağan etməyə hazırlaşır.
yasamal.tv xəbər verir ki, yeni qanun layihəsi ilə 2027-ci ilə qədər 14 yaşından aşağı olan şəxslər üçün siqaret alışının tamamilə qadağan edilməsi planlaşdırılır.
Qanun layihəsi, həmçinin bütün tütün məmulatlarında nikotinin səviyyəsinin azaldılmasını nəzərdə tutur.
Yeni Zelandiya Səhiyyə Naziri Ayeşa Verrall bu qərarla siqaret çəkənlərin orta yaşının hər il artacağını və uzun müddətdə heç vaxt siqaret çəkməyən bir nəslin yetişəcəyini bildirib.
5 milyon əhalisi olan Yeni Zelandiyada hökumətin statistikasına görə, hazırda 25 yaşdan yuxarı insanların 11,6 faizi siqaret çəkir. Bu faiz yerli maorilər arasında 29 faizdir. Ölkədə hər il 5 min insanın siqaretlə əlaqəli səbəblərdən dünyasını dəyişdiyi və siqaretin qarşısı alına bilən ölümlərin ən mühüm səbəblərindən biri olduğu bildirilir.