Gürcüstan iyulun 1-dən xarici turistlərin qəbuluna başlayacaq.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə Baş Nazir Giorgi Qaxariya Qurumlararası Koordinasiya Agentliyinin iclasında məlumat verib.
“15 iyun tarixindən etibarən Gürcüstan yerli turizm xidmətləri üçün açılacaq və iyulun 1-dən Gürcüstan xarici turistləri qəbul etməyə hazır olacaq. Bunun üçün qonşu, xüsusilə turizm üçün maraqlı olan ölkələrlə təhlükəsiz dəhlizlər yaradacağıq”, – deyə nazir bildirib.
Qeyd edək ki, Gürcüstan koronavirus pandemiyası ilə əlaqədar olaraq xüsusi hallar istisna olmaqla, xaricilər üçün sərhədləri bağlayıb və bütün istiqamətlərdə hava nəqliyyatını dayandırıb. Martın 21-dən etibarən fövqəladə vəziyyət elan edilib.
Son məlumata görə, ölkədə 615 nəfərə COVID-19 diaqnozu qoyulub, 9 xəstə ölüb.