Karantin dövründə Azərbaycanda 1224 nikah qeydə alınıb.
Bu barədə rəsmi olaraq Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova məlumat verib. Beləliklə, cütlüklər izolyasiya şəraitində toy olmadan nikah masasına əyləşiblər.
Məlum olduğu kimi, artıq iki aydan çoxdur ölkədə toy mərasimləri keçirilmir. Bununla belə, gənclər öz istəklərinə zidd getməyərək elə bu cür, toysuz da evlənmək qərarına gəlirlər. Bəs karantin rejimindən sonra da bu cür toy modelinə keçmək mümkünmü? Cəmiyyətdə bu cür evlənmə modeli necə qarşılanar?
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışdı: “Toy olmadan evlənmək keçmişdə də olub. Yəni bu hal ilk də dəfə yaşanmır. Bəzən ailədə yas mərasimi düşürdü və sairə, bu kimi səbəblərdən toysuz nikahlar baş verirdi. Amma toy iki gəncin həyatında baş verən ən gözəl əlamətdar gündür. Bunu çox adiləşdirmək də düzgün deyil”.
Sosioloq karantin rejimindən sonra da buna bənzər və yaxud buna yaxın toy modeli yarana biləcəyini qeyd etdi: “Bu cür hallar ola bilər. Amma uzun illərdir təmtəraqsız toy haqda deyil, ortada olan həddən artıq xoşagəlməz proseslərin baş verdiyindən danışırıq. Hər dəfə də o cür toy modelini mən sosial bəla adlandırıram”.
Əhməd Qəşəmoğlu şadlıq evlərinin təklif etdiyi menyularla bağlı problemdən də söz açdı: “Dəfələrlə olub ki, valideyni olmayan gənclər mənə müraciət ediblər və şadlıq saraylarının sahibləri ilə söhbət aparmışam. Şadlıq sarayının sahibi ilə danışanda isə qarşına menyu qoyur. Menyuda ən azı 50-dən çox qida olur. Evə ən əziz adamımızı qonaq çağıranda stolun üstündə ən çoxu 10 adda qida olur. Amma 50 adda qidanın olması, sadəcə, dəhşətdir. Dəfələrlə etiraz edəndə ki, bu qədər qidanı istəmirsən, şadlıq sarayının sahibi deyir ki, ”ola bilməz, menyuda nə varsa, onlar mütləq olmalıdır, mənim şadlıq sarayımın ad-sanı var”. Burada “mütləq olmalıdır” ifadəsinin özü elə eybəcərlikdir.
İmanlı tələbələrim var idi. Bir dəfə də onların xahişi ilə bir şadlıq sarayının sahibi ilə danışmağa çalışdım. Mənə verilən menyuda çoxlu sayda spirtli içki var idi. Bildirdim ki, nə gənclər, nə də onların qonaqlarının heç biri spirtli içki qəbul etmir. Mənə cavab verildi ki, “bunun bizə aidiyyəti yoxdur, servis menyudakı kimi olacaq”. Bir çox Avropa ölkələrində olmuşam, amma heç vaxt bizdəki kimi toy stollarında bu qədər yemək olmur. Hər kəsə məlumdur ki, həmin yeməklərin bir çox keyfiyyətsiz olur. Çünki əksərən stol üstünə ötən toy məclislərindən qalma salatlar düzülür. Olub ki, toy məclisindən yemək yemədən evə dönmüşəm. Çünki müşahidə etmişdim ki, stolun üstündəki qidaların hamısı köhnədir”.
Sosioloq toy fəlsəfəsinin dəyişdirilməsinə ehtiyac olduğunu bildirdi: “Yaşlı nəsil yaxşı xatırlayır, 70-80-ci illərdə toy keçiriləndə stolun üstündə heç vaxt bu cür çoxlu sayda qidalar olmurdu. İndi isə toylar bir sosial bəlaya çevrilib. Buna görə də çalışmalıyıq ki, toylarımızın fəlsəfəsini dəyişək. Toya ona görə getmirik ki, ”gözümüz çıxana qədər yemək yeyək”. Toya ona görə gedirik ki, gəncləri təbrik edək, şən günlərində yanında olaq ki, toy təmtəraqlı keçsin. Biz deyirik ki, bəli, toylarımız təmtəraqlı keçsin, amma insanlara qarşı möhtəkirlik olmasın. Toylarımızın digər əsas problemlərindən biri də qulaq deşən musiqilər, səs-küydür. Yaşlı insanlar özlərini orada çox pis hiss edirlər. Yəqin ki, müşahidə etmisiniz, yaşlı kişilər çox zaman məclisdən çıxıb, kənar yerdə durmağa çalışırlar. Yaşlı qadınlar isə sıxılır bir küncə, üzlərində sanki bir ifadə var, “bu toy nə vaxt bitəcək?” deyə. Çünki o qədər qeyri-adi səs-küy olur ki, toydan sonra bəzi insanlar özlərini yaxşı hiss etmir, xəstələnirlər.
Biz demirik ki, karantin bitəndən sonra da yenə gənclər toy etmədən nikah kağızı alıb gəlsin, amma xalqın adət-ənənələrini də elə yerinə yetirmək lazımdır ki, bu cür eybəcərliklər baş verməsin. İndi insan dəvətnamə alanda dəhşətə gəlir. Çünki bir ayda ən azı 3-4 dəvətnamə alırsan və hər dəfə də eşidirsən ki, şadlıq evində qiymətlər qalxıb. Niyə qalxıb, bunun səbəbini bilən yoxdur. Beləliklə, yeni toy modelinin yaranmasına böyük ehtiyacımız var. Düşünürəm ki, indidən bu istiqamətdə çox işlər görməliyik, çünki karantin bitdikdən sonra çoxlu sayda toy olacaq”.