Heydər Əliyev Sarayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər Günü ərəfəsində geniş auditoriyaya təqdim olunub.
yasamal.tv APA-ya istinadən xəbər verir ki, təqdimatda çıxış edən Mədəniyyət naziri Anar Kərimov bildirib ki,
Zəfər Günü ərəfəsində bir çox tədbirlər həyata keçirilir:
“Bugünkü tədbirin özəlliyi isə odur ki, əsgər və zabitlərimizin mövqeyini sənədli filmlə tarixi yaddaşa həkk etmək istədik. İnsanların şüuruna təsir edən ən yaxşı vasitə kinodur. Çox xoşbəxtəm ki, hər iki layihəni Zəfər Gününə qədər təqdim edə bildik. Hər iki filmin bir neçə mesajı var. Bunlardan biri odur ki, haqq və ədalət həmişə qalib gəlir. Çox önəmli ikinci mesaj odur ki, biz böyük xalqıq. Bizə əsrlər boyu aşılayırdılar ki, birləşə bilmirik, amma Vətən müharibəsi göstərdi ki, biz böyük xalqıq, bir yumruq ətrafında da birləşib birgə Zəfər qazandıq. Biz göstərdik ki, Azərbaycan xalqının Mübariz İbrahimov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov kimi qəhrəmanları yenə də var, belə güclü Ali Baş Komandanı var. Bir mesaj da odur ki, Vətən müharibəsi və sonrasında göstərdik ki, yaradıcı mədəniyyət dağıdıcı mədəniyyətə qalib gəldi. Belə layihələrimiz çox olacaq. Zəfər qazansaq da, informasiya müharibəsi hələ də davam edir”.