Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Bolqarıstanın aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən “24 Çasa”, “Trud”, “Standart”, “Duma”, “Kircaali Haber” qəzetləri, Novini 24/7 xəbər portalı, həmçinin “Fokus” və “Cross” xəbər agentlikləri tərəfindən geniş işıqlandırılıb.
Məqalələrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və reabilitasiyası üçün kifayət qədər maliyyə vəsaitinin səfərbər olunması, real vəziyyətlə yerində tanış olmaq üçün yerli və xarici media nümayəndələrinin, rəsmi şəxslərin və ictimai xadimlərin həmin bölgələrə səfərlərinin getdikcə artması qeyd olunur.
Yazılarda dövlətimizin başçısının müsahibəsində Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və rifaha nail olmaq, eləcə də iqtisadi münasibətləri bərpa etmək üçün regionda yolların və kommunikasiyaların açılmasının bütün tərəflərin marağında olması bildirilir.
Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur korridorunun yaradılmasının region ölkələrinə yeni imkanlar yaratması barədə fikirlərinə ətraflı yer verilir. Bildirilir ki, bu korridor Avropadan Asiya və geriyə malların daşınmasını sürətləndirəcək və bu baxımdan Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevriləcək.
Dövlətimizin başçısına istinad olunaraq qeyd edilir ki, Azərbaycan yeni müharibə arzulamır və Qarabağ regionunda yaşayan, Azərbaycan cəmiyyətinə inteqrə olunmalı erməniləri öz vətəndaşları olaraq görür. Həmçinin Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğundan, burada ermənilər də daxil olmaqla bir çox xalqların bir ailə kimi yaşadığı əlavə olunub.