“MEDİA tərəfindən çap mediası və onlayn media subyektləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı. Bu müsabiqələrin təşkil olunmasının məqsədi peşəkar jurnalistikanın formalaşmasına dəstək verməkdir. Müsabiqələr davamlı olacaq”.
yasamal.tv-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.
O xatırladıb ki, ilk dəfə olaraq onlayn media subyektlərinə dəstək müsabiqəsi keçirilib:
“Qəzet redaksiyaları ilə yanaşı, qəzetlərin saytlarına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Ayrılan maliyyə dəstəyinə isə nəzarət göstəriləcək. Məqsədimiz media subyeklərinin iqtisadi müstəqilliyinə də nail olmaqdır”.
“Çap və onlayn media subyeklərinin müsabiqələrinin nəticələri elan olunub. Burada əsas məqsəd həmin media subyektlərinin inkişafına nail olmaqdır. Bu layihələr davamlı olacaq” deyə Əhməd İsmayılov bildirib.
Onun sözlərinə görə, müsabiqələr keçirilməzdən öncə media subyektləri ilə görüşlər keçirilib.
Ə. İsmayılov bildirib ki, bu müsabiqələrdə bir sıra yeniliklər tətbiq olunub: “Media subyektlərinin özü tərəfindən bununla bağlı təkliflər almışdıq. Buna görə də qərara gəldik ki, MEDİA tərəfindən nəinki çap, həm də onlayn media subyektləri üçün də bu cür müsabiqələr keçirilsin. Çap mediası subyektlərinin dəstəklənməsi həm də qəzet redaksiyasının saytının da dəstəklənməsi idi. Onlayn media subyektlərinin dəstəklənməsi üzrə layihəmiz ümumiyyətlə yenilik idi. Bu layihələrin həyata keçirilməsi məhz media subyektləri ilə görüşdə verilən təkliflər əsasında təşkil olundu. MEDİA tərəfindən ilk dəfə idman jurnalistikası subyektlərinə də dəstək layihəsi həyata keçirildi. Bu da idman jurnalistikası sahəsində çalışan həmkarlarımızla görüşdə onlar tərəfindən səslənən fikirlər əsasında keçirilib”.
Əhməd İsmayılov bildirib ki, bu müsabiqələr keçmiş ənənənin davamı deyil: “Bundan öncə Azərbaycanda onlayn media subyektləri üçün müsabiqə keçirilməyib. Əvvəllər çap mediası üçün müsabiqələr keçirilib. Lakin indiki şərtlər əvvəlkindən tamamilə fərqlidir, yəni, bu müsabiqələr əvvəlki ənənənin davamı deyil. Biz həm qəzetin dizaynını, həm də qəzetin məzmununu dəyərləndirmişik. Köhnə ənənələrdən ciddi fərqlərdən biri də odur ki, redaksiyalara göstərilən maliyyə yardımlarının xərc istiqamətləri artıq müəyyən edilib. Həmin tələblərə riayət edilməsinə MEDİA tərəfindən xüsusi nəzarət olunacaq. Bu müsabiqələr heç də köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”.
Qurum rəhbəri bildirib ki, müsabiqə qalibləri ilə görüşlər keçiriləcək və onlarla müqavilə bağlanılacaq: “Müsabiqələrin qayadalarını hazırlayarkən onlayn media subyektlərinin yaydığı informasiyaların statistikası həyata keçirilib. 39 media subyekti qalib olub. Onların hər birində özəl xəbərlər yayılmaqdadır. Qaydalara əməl etməyən media subyektlərinin maliyyəsi dayandırıla bilər. Bu layihələr adından göründüyü kimi dəstək layihələridir. Bu dəstəyin məqsədi çatışmayan maliyyə resursunu qarşılamaqdır”.