İyunun 18-i saat 11:00 radələrində Tərtər rayonu ərazisində 1995-ci il təvəllüdlü Arzu Abbasovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
yasamal.tv xəbər verir ki, bu barədə Tərtər Rayon Prokurorluğu məlumat yayıb.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.