Vaksinasiya Strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. 18 yaşından yuxarı və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvəndlənə bilər.
Ötən gündən etibarən Azərbaycanda “Pfizer” vaksinin tətbiqinə başlanılıb. Bu vaksinin tətbiqi vətəndaşlarda seçim imkanını daha da artırır. Müşahidələrə görə, “Pfizer” vaksinini vurdurmaq istəyənlər çoxluq təşkil edir.
Maraqlıdır, “Pfizer” vaksinin digərlərindən üstün cəhəti hansılardır?
İnsanların daha çox bu vaksinə üz tutmasının səbəbi nədir?
Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev Modern.az-a “Pfizer”in indiyə qədər tətbiq edilən vaksinlər içərisində ən keyfiyyətli olduğunu bildirib:
““Pfizer” koronavirusla mübarizədə tətbiq edilən ən yaxşı vaksin hesab olunur. Vaksin koronavirusa qarşı yüksək immunitet yaradır. Onun Azərbaycana gətirilməsi çox müsbət haldır. “Pfizer” genetik kodlaşdırma ilə hazırlanır. Buna görə də keyfiyyəti digərlərindən daha üstündür. Vaksin -70 dərəcə də saxlanmalıdır. Ona başqa sözlə “soyuq zəncir” də deyirlər. Bu temperatur peyvənd istehsal edilən istehsalçıdan pasiyentin qoluna çatana qədər gözlənilməlidir”.
A.Əliyev peyvəndin üstün yaş qrupları üzrə keçərli olduğunu qeyd edib:
“Hər bir peyvənd hazırlanarkən əvvəlcə yaş qrupları üzrə sınaqdan keçirilir. Təxmini hesablamalara görə “Pfizer” peyvəndi 18 yaşdan 65 yaşa qədər keçərlidir. Məncə daha üstün yaş qrupu üçün də keçərli ola bilər. Avropada insanlar uzunömürlü olur. Bu da onların üzərində sınaqdan keçirilib.
Son günlərdə vaksin olunanların sayında artım müşahidə olunur. Bunun səbəbi isə iş yerlərində, səfər zamanı və ya idman zallarına gedərkən peyvənd pasportunun tələb olunmasıdır. Vaksinlərin hamısı qəbul ediləndir. Təki əhalinin əksər hissəsi peyvənd olunsun”.